Məhkəmə qərarları › İş №2-1(118)-285/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-285/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-285/2021 02.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Həsənov Böyükağa Canəli oğlunun (işləməyən, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* №-li çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 torpaq sahəsinin hal-hazırda naturada yerləşən plan-ölçü sxeminin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Həsənov Böyükağa Canəli oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü səndi verilmişdir. Lakin son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, plan və ölçü sənədində göstərilən koordinatlar torpaq sahəsinin naturada yerləşdiyi yerin koordinatları ilə fərqlidir. Bununla bağlı o, cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona məxsus torpaq sahəsinə dair planölçü sənədində dəyişiklik edilməsini, yəni koordinatların naturadakı vəziyyətə uyğunlaşdırılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli cavab məktubu verilərək,torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərd mövcud olduğu gəstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi B.Həsənov iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq mümkün hesab etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, araşdırma zamanı iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğundan plan və ölçü sənədində cari dəyişiklik edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş : -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı N1106202 №-li xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş A N 163252 № –li torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mktubundan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğundan plan və ölçü sənədində cari dəyişiklik edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın xx.xx.1952-ci il tarixdə imzalanmış 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Habelə, həmin məhkəmənin «Sporrinq və Lonnort İsveçə qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «Şərti və qeyri-sabit» xarakter almışdır. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməyə əsasən daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək (3.0.6), mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq (3.0.9) , inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək (3.0.20), bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək (3.0.24) həmin Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsinin yerində koordinatlarının düzgün və dəqiq müəyyən edilməməsi iddiaçının həmin torpaqdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinin göstərişinə əsasən isə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Allahverdi qızına məxsus olan və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar