Məhkəmə qərarları › İş №2-1(118)-285/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-285/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-285/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona Abşeron rayonu, Novxanı bağlar massivində ayrılmış 0,10 ha torpaq sahəsinin dəmiryolu xəttinin mühafizə zolağına düşməyən 0.0744 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən, 347Q saylı bağın 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 avqust 1960-cı ildə Azərbaycanın torpağı olan Erevan şəhərində anadan olmuş, hazırda pensiyaçıdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 81 saylı qərarına əsasən Abşeron rayonu, Novxanı bağlar massivində 39 saylı BTK nın nəzdində sahəsi 0,10 ha olan 347Q saylı bağ sahəsi verilmiş, buna dair adına 1 saylı order tərtib edilmişdir. Qeyd olunan vaxtdan hal-hazıradək bağ sahəsindən təyinatı üzrə istifadə edir. Bildirir ki, bu bağ əvvəllər babası X3 məxsus olmuş onun vəfatından sonra onun adına keçirilmişdir. Babası 2-ci Dünya müharibəsi veteranı olduğuna görə ona həmin dövrdə 25 sot torpaq sahəsi verilmiş, sonradan həmin bağın 0,10 hissəsi onun, qalan 0,10 hissəsi isə 1-ci qrup anadangəlmə əlil olan qardaşı Təvəkkül Qəmbərovun adına sənədləşdirilmişdir. İddiaçı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə dəfələrlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu dəfə ona ünvanladıqları xx.xx.2023-cü il tarixli, 3-21-3- 3212-4374/2023 nömrəli cavab məktubu ilə ərizəsi təmin edilməmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının müraciət ərizəsinə əlavə edilmədiyi, Torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı, sözügedən daşınmaz əmlakın bir hissəsinin dəmir yolu, bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəməri, digər bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi, yəni iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 16 fevral 2023-cü il tarixli müraciətinə imtina xx.xx.2023-cü il tarixində verilmişdir. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X4 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Bakı Şəhər İcra Hakimiyyəti nəzdində Bağlar Təsərrüfatının 39 nömrəli kooperativi tərəfindən verilmiş 1 nömrəli Orderinin surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-3212-4374/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubun surəti, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və lakin onun müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-3212-4374/2023 nömrəli məktubla imtina edilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 81 saylı qərarına əsasən Abşeron rayonu, Novxanı bağlar massivində 39 saylı Bağlar Təsərrüfatının 39 nömrəli kooperativi tərəfindən sahəsi 0,10 ha olan 347Q saylı bağ sahəsi iddiaçıya ayrılmış və buna dair 1 nömrəli order tərtib edilmişdir. Həmin hüquqmüəyyənedici sənədlərin arxiv əsasları 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli akt əsasında 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmişdir. Yəni hüquqmüəyyənedici sənədlərin, xüsusilə Orderin mövcud olması işin mübahisəsi halıdır. İddiaçı ona ayrılmış 0,10 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Cavabdeh təşkilatın imtinası və etirazında gətirdiyi arqument aşağıdakılardan ibarətdir: 1) Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının müraciət ərizəsinə əlavə edilmədiyi, Torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı, 2) sözügedən daşınmaz əmlakın bir hissəsinin dəmir yolu, bir hissəsinin "xxxx" ASCnin istifadəsində (istismarında) olan su kəməri, digər bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, 3) İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Təqdim edilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0162 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Necas elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan 3 tərəfi daş hasar, digər tərəfi şərti olan (0.1191 ha) torpaq sahəsinin 0.0256 ha hissəsi dəmir yolunun, 0.0375 ha hissəsi su kəmərinin (Azərsu 2023), 0.0745 ha hissəsi su kəmərinin (Azərsu 2021) mühafizə zolağında yerləşir. İddiaçı tərəfindən naturada tanıdılan 3 tərəfi daş hasar, digər tərəfi şərti olan (0.1191 ha) torpaq sahəsinin mühafizəyə düşməyən hissəsi 0.019 ha təşkil edir. Məhkəmə cavabdeh təşkilatın etirazında bildirdiyi 1-ci arqumentlə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosialmədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər.Həmin Əsasnamənin 18-ci maddəsinə Əsasnaməsinin yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarında olan məlumatlardan görünür ki, bağçılıq təsərrüfatına üzv qəbul edilmiş İddiaçı topaq sahəsi ayrılmış və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 81 nömrəli qərarı ilə onun mülkiyyət hüququ təsdiqlənərək Bağlar təsərrüfatı idarəsinin 1 nömrəli Orderi ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi icra hakimiyyətinin qərarı əsasında qeyd olunan torpaq sahəsi iddiaçıya verilmiş və bu günədək həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə cavabdehin idarənin etirazına dair gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır.Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin , Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən torpaq sahəsi müayinə edilmiş, mütəxəssis rəyi alınmış və torpaq sahəsinin faktiki koordinatları inzibati icraat materiallarına əlavə edilmişdir.Yəni cavabdehin etirazında göstərdiyi 1-ci arqument əhəmiyyətsizdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər siyahısında 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər ...nəzərdə tutulmuşdur. Cavabdeh təşkilatın etiraz ərizəsində gətirdiyi 2-ci arqumentə, yəni dəmiryolu, elektrik və su kəməzinin mühafizə zolağında yerləşməsinə münasibətdə bildirilir ki, bununla bağlı mütəxəssis rəyi alınmışdır. İddiaçı mütəxəssis rəyini nəzərə alaraq, dəmiryolunun mühafizəsinə düşən 0.0256 ha torpaq sahəsinin qeydiyyata alınmasından imtina etmişdir. Həmçinin, mübahisəli torpaq sahəsinin ortofoto görüntüsündən də müəyyən olunur ki, iddiaçının imtina etdiyi 0.0256 ha hissəsi həmçinin elektrik xəttinin mühafizə zolağında yerləşir. Belə olan halda etirazda göstərilmiş dəmiryolu xəttinin və elektrik xəttinin mühafizə zolağına düşmə məsələsi dəqiqləşmə ərizəsi əsasında öz həllini tapmışdır. Torpaq sahəsinin su kəmərinin mühafizəsinə düşməsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər.Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 70-ci maddəsinə görə Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. Hazırkı, arqumentlə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, su kəmərləri ilə bağlı mövcud olmuş məhdudlaşdıma hərəkətləri torpaq sahəsinin üzərində inşa ediləcək daşınmaz əmlakla bağlıdır. Hesab olunur ki, iddia tələbinin predmeti sırf torpaq sahəsi olduğundan hazırkı arqumenti əsassızdır.Nəzərə alınmalıdır ki, səlahiyyətli orqanlar tərəfindən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi 1994-cü ildən İddiaçı istifadəsindədir və 30 ildən çoxdur ki, həmin torpaq sahəsini mübahisəsiz istifadə edir. Məhkəmə cavabdeh təşkilatın 2-ci arqumentin əsassız olması ilə əlaqədar onu da qeyd etməyi zəruri bilir ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş iddiaçı ilə eyni ərazidə yerləşən torpaq sahələri əldə etmiş iddiaçının qonşularına ayrılmış torpaq sahələri üzərində onların mülkiyyət hüququ tanınmış və müvafiq çıxarışda həmin torpaq sahələrinin təyinatı barədə qrafada “yaşayış məntəqələri torpaqları” qeyd yazılmışdır. Cavabdeh təşkilat qeyd olunan daşınmaz əmlakları qeydə dövlət qeydiyyatına alarkən həmin ərazidən dəmiryolu, su və elektrik xətlərinin keçməsini nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə cavabdeh təşkilatın etirazında qeyd etdiyi 3-cü arqumentə hazırkı qərarın mümkünlük hissəsində hüquqi qiymət vermişdir. Ona görə də bu səpkidə gətirlən arqument də əsasszdır. Beləliklə cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0744 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur.Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinasında və etirazında gətirdiyi bütün arqumentlər əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçıya Abşeron rayonu, Novxanı bağlar massivində ayrılmış 0,10 ha torpaq sahəsinin dəmiryolu xəttinin mühafizə zolağına düşməyən 0.0744 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar