Məhkəmə qərarları › İş №2-1(118)-2851/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2851/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2851/2025 24.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 24 fevral 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 5 dekabr 2007-ci il tarixli, 637 nömrəli rəyindən görünür ki, təqdim olunmuş mövqe planına əsasən vətəndaş X2 Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 26 dekabr 2007-ci il tarixli, 02/2684 nömrəli rəyindən görünür ki, Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq X2 Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir.

3. 29 dekabr 2007-ci il tarixli, 1 nömrəli qəbzdən görünür ki, X4 301 manat məbləğində “torpağın alqı-satqısı” təyinatı ilə pulu Sumqayıt şəhər bələdiyyəsinin hesabına köçürmüşdür.

4. Sumqayıt şəhər bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli, 01 nömrəli protokol qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəylərini nəzərə alaraq, Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsində, mövqe sxemi əsasında, fərdi ev tikntisi üçün 6-cı məhəllə ərazisində sahəsi 600 kv.m olan 272 saylı həyətyanı torpaq sahəsi vətəndaş X1 mülkiyyətinə verilməsi qərara alınmışdır.

5. Sumqayıt şəhər bələdiyyəsinin baş memarı tərəfindən təsdiq edilmiş 24 yanvar 2008ci il tarixli akt.

6. Sumqayıt şəhər bələdiyyəsinin 24 yanvar 2008-ci il tarixli, 6 nömrəli X1 adına tərib edilmiş bələdiyyənin 23 yanvar 2008-ci il tarixli, 01 nömrəli protokol qərarın predmeti olan həyətyanı torpaq sahəsinə dair “İnşaat pasportu”.

7. 1 fevral 2008-ci il tarixli Sumqayıt bələdiyyəsinin X4 ilə bağlanılmış “Torpaqların alqısatqısına dair akt”.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 10 oktyabr 2024-cü il tarixli, 2426 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş atası – X1 adına vərəsəlik işi açılmışdır.

9. Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin 15 oktyabr 2024-cü il tarixli, 4538 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsi ərazisində yerləşən sahəsi 600 kv.m olan 272 saylı həyətyanı torpaq sahəsinin mərhum atası X1 mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli, 01 saylı qərarının ləğv edilib-edilməməsi ilə bağlı Sumqayıt bələdiyyəsinə ünvanlanmış müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinin mərhum atasının adına rəsmiləşdirilməsinə dair “vətəndaş X1 mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi haqqında” Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli, 01 saylı iclasının qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri nəzərə alınmaqla, Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli,14 saylı iclasının qərarı ilə ləğv olunmuşdur. Qoşma şəklində aşağıdakı sənəd göndərilmişdir: - Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı protokol qərarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli, 01 saylı iclasının torpaq ayrılmasına dair qərarların ləğv edilməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 16 dekabr 2024-cü il tarixli, 3142 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 26 oktyabr 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsidir (oğlu) və miras qalmış əmlakdan irs almalıdır. Bundan əlavə, miras qoyanın digər vərəsəsi: oğlu - X5r. Miras qalmış əmlak Sumqayıt şəhəri, “Samur- Abşeron” kanalının şimalı, 6-cı mələllədə yerləşən ümumi sahəsi 0,06 ha olan 272 saylı torpaq sahəsindən ibarətdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kv.m olan 272 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mərhum atası X1 mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi işin hallarına (§1-10) istinad edilərək onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı barədə iddiaçının mərhum atasına məlumat verilməmiş, cavabdeh 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı qəbul edilərkən inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş və çıxarılmış qərarın surəti ona təqdim olunmamışdır. İddiaçı adı çəkilən qərarın mövcudluğundan cavabdehə etdiyi müraciətə verilmiş cavab məktubundan sonra xəbərdar olmuşdur. Sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən mərhum atasının mülkiyyətinə ayrılması zamanı X4 üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, torpağın tələb olunan alqı-satqı dəyərini ödəmiş və bələdiyyə qərarının ləğvi cavabdeh tərəfindən atasının məlumatı olmadan həyata keçirilmişdir. Hesab edir ki, torpağın mərhum atasının mülkiyyətinə ayrılması barədə cavabdehin 23 yanvar 2008-ci il tarixli, 01 saylı iclasının qərarı cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri aşkar şəkildə pozulmaqla ləğv olunmuşdur. Göründüyü kimi, mərhum atasının vərəsəsi olaraq hüquqları cavabdeh tərəfindən aşkar şəkildə pozulduğu üçün iddiaçı məhkəməyə müraciət etmək və cavabdehin 27 iyun 2008-ci il tarixli, 04 saylı qərarının mərhum atası X1 mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə cavabdehin 23 yanvar 2008-ci il tarixli, 01 saylı iclasının qərarının ləğv edilməsi hissəsində ləğv olunmasını tələb etmək qərarına gəlmişdir. Belə ki, torpağın bələdiyyə tərəfindən atasının mülkiyyətinə ayrılması zamanı mərhum atası üzərinə düşən öhdəlikləri, o cümlədən mülkiyyətinə verilmiş torpaq sahəsinin tələb olunan alqı-satqı pulunu bələdiyyəyə ödəməklə tam yerinə yetirmişdir. Beləliklə, hüquqları cavabdeh tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Cavabdehin mübahisələndirilən qərarı məlumat verilmədən və hər hansı məhkəmə qərarı olmadan çıxarıldığından, hesab edir ki, həmin bələdiyyə qərarı qanunsuz qəbul edilmişdir və bu əsasla da ləğv edilməlidir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı”, “Marks Belçikaya qarşı” iş üzrə Qərarlarına, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 7, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 17, 21, 22, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1, 64.3, “V.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Kollegiyasının 2 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 1.2-ci maddələrinə istinad olunmuşdur.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

14. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakları və izahatları:

15. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxılmasını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

17. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

18. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi

İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar

1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı

21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması

24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ...

Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. ...

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar

28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. …

Maddə 36. İnzibati icraatda iştirakçılar

36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; …

Maddə 61. İnzibati aktın əsaslandırılması

61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ...

Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi

62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması

67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. … 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

23. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14. Sübut etmə vəzifəsi

14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

“Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”

“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak etmiş tərəfin izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

25. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə torpağın mərhum atasının mülkiyyətinə ayrılması barədə cavabdehin 23 yanvar 2008-ci il tarixli, 01 saylı iclasının qərarı cavabdeh tərəfindən qanunvericiliyin tələbləri aşkar şəkildə pozulmaqla ləğv olunmuşdur. Cavabdeh 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı qəbul edilərkən inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş və çıxarılmış qərarın surəti ona təqdim olunmamışdır. İddiaçı adı çəkilən qərarın mövcudluğundan cavabdehə etdiyi müraciətə verilmiş cavab məktubundan sonra xəbərdar olmuşdur.

26. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).

27. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin qərarı ilə iddiaçının mərhum atasına torpaq sahəsi satılmışdır və qanunvericiliyə əsasən müvafiq sənədləşdirmə aparılmışdır. Daha sonra cavabdeh tərəfindən qeyd edilmiş qərarının ləğv edilməsinə dair qərar qəbul etmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, onun ləğv edilməsini xahiş edir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

29. Qanunverici həmçinin maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edilməsinin mümkün olduğu halları müəyyən edir: 1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

30. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarını qəbul edərkən, inzibati icraatın aparılması qaydalarına riayət etməmiş, marağlı şəxslərin iştirakını təmin etməmiş, dinləməkdən imtina edilməsi hər hansı bir halının mövcud olduğunu göstərməmiş, qərar barədə tərəfi məlumatlandırmamışdır. Əgər prosessual qaydalara riayət edilsə də, bu halı sübut edən sənədlər, faktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

31. Buna görə də cavabdehin torpaq sahəsinin satılmasına dair qərarının ləğvi barədə mübahisələndirilən qərarı qəbul etməsi “İnzibati icraat haqqında” Qanununun müddəalarına istinad edərək hazırda qanuni hesab edilə bilməz.

32. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır.

33. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

34. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər.

35. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

36. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı Sumqayıt şəhər bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli, 01 saylı iclasının torpaq ayrılmasına dair qərarların ləğv edilməsi hissəsində ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

37. Şərh edilənlərə əsasən və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı “Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kv.m olan 272 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçının mərhum atası X1 mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar