Məhkəmə qərarları › İş №2-1(118)-2852/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2852/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2852/2022 11.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “cavabdehin üzərinə Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 915 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində uşağa aid məlumat bəndində iddiaçının atasının adının “Rafaelovna”dan “Rafiq qızı”na dəyişiklik olunması və ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 915 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində uşağa aid məlumat bəndində iddiaçının atasının adının “Rafaelovna”dan “Rafiq qızı”na dəyişiklik olunması və ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun doğumu Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1958-ci il tarixdə 915 nömrə ilə qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. X1, anası isə X2, hər iki valideyni vəfat etmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bunun üçün o Cavabdehnə müraciət edərək, təkrar olaraq doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus doğum haqqında akt qeydində yanlışlıq vardır. Belə ki Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 915 nömrə il qeyd edilmiş doğum haqqında akt qeydində uşağa aid məlumat bəndində atasının adı “Rafaelovna” kimi qeyd edilmişdir. Əslində isə atasının adı “Rafiq”dir. Bu ona məxsus doğum haqqında akt qeydinin ataya aid məlumatlar bəndində, nikah haqqında akt qeydində və övladlarına məxsus akt qeydində də öz təsdiqini tapır. Cavabdehndə ondan şəxsiyyət vəsiqəsi tələb olunmuş və şəxsiyyət vəsiqəsi olmadığından o təqdim edə bilməmişdir. Həm şəxsiyyət vəsiqəsi olmadığından, həm də doğum haqqında akt qeydində ziddiyyət olduğundan ona doğum haqqında şhadətnamənin verilməsindən imtina olunmuşdur. Onun doğum haqqında şəhadətnaməsi olmadığından o şəxsiyyət vəsiqəsi də ala bilmir. Onun barəsində doğum haqqında akt qeydi olsa da cavabdeh orqan əsassız olaraq ona doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Bunda görə də o seçki və digər konstitusion hüquqlarından istifadə edə bilmir. Doğum haqqında akt qeydində düzəliş etmək və ona doğum haqqında şəhadətnamənin verilməsi üçün kifayət qədər mötəbər sübutlar var. Lakin cavabdeh orqan əsassız olaraq bundan imtina edir. Hesab edir ki, bu qanunsuzdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin ediləsini, eyni zamanda növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinin təmin edilməsinə etiraz etmədi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 13 avqust 2022-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş iddiaçıya məxsus xx.xx.1958-ci il tarixli 915 saylı doğum haqqında akt qeydində iddiaçının atasının adı “Rafaelovna” kimi qeyd edilmişdir. - Sumqayıt şəhər nikah evi tərəfindən verilmiş 25 avqust 2006-cı il tarixli çıxarışın və 12 fevral 1982-ci il tarixli, 27 nömrəli “nikahın bağlanması haqqında akt qeydi”nin surətindən görünür ki, X5 ilə X6 arasında nikah bağlanmışdır. - X9 məxsus xx.xx.1990-cı il tarixli 1519 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, X7 anası X3. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Göründüyü kimi, İddiaçı doğum akt qeydində atasının adında yanlışlığa yol verilmişdir, iddiaçı doğum akt qeydində atasının adının “Rafiq” kimi düzəliş edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (ata adının düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının ata adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının atasının adına münasibətdə qanunvericiliklə “adın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən iddiaçının atasının adına düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçının ata adının dəyişdirilməsinə münasibətdə qanunvericiliklə adın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının ata adı ilə bağlı doğum akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun adının doğum haqqında akt qeydində onun ata adına “Rafaelovna”dan “Rafiq qızı”na düzəliş edilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində onun atasının adı “Rafaelovna” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - “nikahın bağlanması haqqında akt qeydi”ndə, onun oğluna məxsus X9 məxsus doğum haqqında akt qeydində iddiaçının ata adı “Rafikovna” kimi qeyd edilmişdir. Bir sənəddə ata adının “Rafaelovna”, digərlərində isə “Rafikovna” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1958-ci il tarixli, 915 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında ata adına düzəliş edilərək “Rafaelovna” adının “Rafiq qızı” kimi yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1958-ci il tarixli, 142 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında ata adına düzəliş edilərək “Rafaelovna” adının “Rafiq qızı” kimi yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar