Məhkəmə qərarları › İş №2-1(118)-2852/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2852/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2852/2025 21.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən “45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ehtiyatda olan mayor İddiaçı 04 avqust 2001-ci il tarixindən 02 yanvar 2024-cü il tarixinədək Azərbaycan Ordusunda xidmət etmişdir. Son nəticədə Müdafiə Nazirinin 13 oktyabr 2023-cü il tarixli 0726 nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ordu sıralarından tərxis olunmuşdur. Ehtiyata buraxılmağının səbəbi Müdafiə Nazirliyinin hərbi həkim komissyasının xx.xx.2023-cü il tarixli 7453 nömrəli Xəstəlik Şəhadətnaməsi olmuşdur. Nəticə etibarı ilə Silahlı Qüvvələrin hərbi-həkim ekspertizası üzrə Ali orqanı hesab edilən MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xəstəliyinin səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi kimi qiymətləndirilərək “sülh dövründə hərbi xidmətə yararsız” Qərarı verilmişdir. Yuxarda qeyd olunanlara baxmayaraq xidmət keçdiyi Hərbi İdarəetmə İnistitutu rəhbərliyi tərəfindən iddiaçıya, ehtiyata buraxıldığı dövrdə yalnız 45 günlük növbəti məzuniyyətdən istifadə etməyə şərait yaradılmışdır. Halbuki Hərbi Qulluqçuların Statusu haqqında qanunun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmağla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Yəni iddiaçı olaraq xəstəliyə görə ehtiyata buraxılmağı işin mübahisəsiz halı olduğu üçün iddiaçıya ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün müddətində məzuniyyət verilməli idi. Bununla bağlı Azərbaycan Respunlikası Ali Məhkəməsində təqdirə layiq mövqeyi də vardır ki, qanunvericilikdə dəqiq şəkildə qeyd etmişdir ki, hərbi qulluqçu müəyyən edilmiş əsaslarla ehtiyata və ya istefaya buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bu məzuniyyətin də verilməsinə səbəb məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etməklə bağlıdır. Beləliklə həmin məzuniyyətin təyinatı fərqlidir və qanunverici onun müddətini də dəqiq müəyyənləşdirmişdir. Yəni xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu səbəbdən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin müddəti 3 aylıq müəyyən edilmişdir. Bu səbəb ilə 27 avqust 2024-cü il tarixində cavabdeh inzibati orqan olaraq Müdafiə Nazirliyinə rəsmi şəkildə müraciət edərək istifadə etmədiyi məzuniyyət günləri əvəzinə kompensasiyanın hesablanması və ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən 18 sentyabr 2024-cü il tarixində iddiaçıya mənfi cavab verilmişdir. Bu da o deməkdir ki, cavabdeh inzibati orqan öz növbəsində öz öhdəliyini yerinə yetirməkdən bir şəkildə yayınmağa çalışır. Cavabdehin bu mövqeyidə qanun vericiliyə zidd olduğundan və bir mənalı olaraq məni qane etmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “45 günlük istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tam istifadə etdiyi məzuniyyətə görə pul kompensasiyasının ödənilməsini tələb edir. Bu isə "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə” sinin 30- cu bəndinə ziddir. Çünki, həmin aktların müddəalarında istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsini nəzərdə tutmuşdur. Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11ci, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 120-ci maddələrinə görə iddiaçının istinad etdiyi 90 günlük məzuniyyət növü "növbəti” kateqoriyaya aiddir. Buna görə də, İddiaçı 2023-cü ilin hesabından artıq 45 gün müddətində növbəti məzuniyyətin istifadə etdiyini nəzərə alaraq, ona 90 günlük növbəti məzuniyyət günündən həmin müddət (90-45=45) çıxılaraq, qalan, yəni 45 gün müddətində növbəti məzuniyyət verilmişdir. (Hərbi İdarəetmə İnstitutunun xx.xx.2024-cü il tarixli 884 nömrəli məktubu). Hətta iddiaçı iddia ərizəsində xx.xx.2014-cü il tarixli Qərara istinad edərək göstərmişdir: “Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ... hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir." İddiaçı isə həmin hüququnu tam istifadə etdiyindən, onun tələbi yuxarıda qeyd olunan qanunvericilik aktlarına ziddir və təmin oluna bilməz. AR İPM-nin 35.1.-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Həmin sənədlərə aiddir: Müdafiə Nazirliyi Hərbi İdarəetmə İnstitutunun 884 saylı, xx.xx.2024-cü il tarixli məktubu; AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti digər sənədlər aiddir. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi İdarəetmə İnstitutu Rektorunun 03 noyabr 2023-cü tarixli, 279 nömrəli əmri ilə mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil verilmiş hesab edilmiş, 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, 18 dekabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə onun müraciətini təmin etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Hərbi qulluqçuların status haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Cavabdeh orqan özünün etirazında bildirmişdir ki, İddiaçı 2023-cü ilin hesabından artıq 45 gün müddətində növbəti məzuniyyətin istifadə etdiyini nəzərə alaraq, ona 90 günlük növbəti məzuniyyət günündən həmin müddət (90-45=45) çıxılaraq, qalan, yəni 45 gün müddətində növbəti məzuniyyət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. İddiaçının xəstəliyə görə ehtiyata buraxılması iş materialları ilə müəyyən edildiyindən, aydın olur ki, ona ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün məzuniyyət verilməli idi. İddiaçının ehtiyata buraxılması barədə 279 nömrəli xx.xx.2023-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək 45 günlük növbəti məzuniyyət verilmişdir. Belə olan halda, iddiaçının tələbi onun ehtiyata buraxılması ilə bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi hissəsində əsaslı olmuşdur, həmçinin cavabdeh orqan tərəfindən iddiaçıya 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsindən imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qanunverici dəqiq şəkildə qeyd etmişdir ki, hərbi qulluqçu müəyyən edilmiş əsaslarla ehtiyyata və ya istefaya buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bu məzuniyyətin də verilməsinə səbəb məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etməklə bağlıdır. Beləliklə, həmin məzuniyyətin təyinatı fərqlidir və qanunverici onun müddətini də dəqiq müəyyənləşdirmişdir. Yəni, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu səbəbdən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin müddəti 3 aylıq müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, məhkəmə sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar