Məhkəmə qərarları › İş №2-1(118)-286/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-286/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-286/2023 09.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində iddiaçının 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində X2 3/5 (beşdə üç) hissədə payının, iddiaçının isə 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paylara dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində iddiaçının 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1980/2022 saylı, 11 iyul 2022-ci il tarixli qərardadı ilə X4 və "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-286/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində X2 3/5 (beşdə üç) hissədə payının, iddiaçının isə 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paylara dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması”na dair iddiası “Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində X2 3/5 (beşdə üç) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paylara dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 229/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə” dair iddiası qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş, "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzilə dair pay hüquqları 3/5 hissədə X2, 2/5 hissədə isə iddiaçının olmaqla müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-229/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2404/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2404/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2098/2021 saylı qərarı ilə təmin edilməmişdir. Hal-hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzilə dair pay hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış verilmir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinizi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin 24 dekabr 2021-ci il tarixli cavab məktubunda o da qeyd edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-229/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2404/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2098/2021 saylı qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə hər hansı bir öhdəlik qoyulmamış və müvafiq məhkəmə işi üzrə İdarə tərəf qismində işə cəlb edilməmişdir. Lakin yuxarıda qeyd olunan məhkəmə qərarlarından da görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzillə bağlı pay haqqı tam olaraq ödənilmiş və buna görə də həmin mənzil üzərində X2 3/5 hissədə, iddiaçının isə 2/5 hissədə payı müəyyən edilmişdir. Buna görə də hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində X2 3/5 hissədə, iddiaçının isə 2/5 hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş məhkəmə iclaslarında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi həmçinin vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzil üzərində X2 5/3(beşdə üç) hissədə və iddiaçının 5/2(beşdə iki) hissədə paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərizəyə əlavə etdilmiş məhkəmə aktları ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə hər hansı bir öhdəlik qoyulmamış və müvafiq məhkəmə işi üzrə İdarə tərəf qismində işə cəlb edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) nəzərdə tutulmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Sumqayıt şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi və X2 İddiaçı qarşı “əmlak və borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən və 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzilə dair pay hüquqlarının 3/5 hissədə X2, 2/5 hissədə İddiaçı olmaqla müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə və X2 Mustafayeva Zahid Mustafa oğluna qarşı “əmlak və borc” tələbinə dair qarşılıqlı idda ərizəsinin rədd edilməsi qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(105)-2404/2020 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 19 iyun 2020ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı R.N.Ağayevanın verdiyi apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2098/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(105)-2404/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" MTK ilə X4 arasında bağlanmış 27 may 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən və 47 saylı mənzil "xxxx" MTK tərəfindən X1. - Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" MTK-nın möhürü ilə təsdiqlənmiş “Maliyyə arayışı”nın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 5-ci giriş, 6-cı mərtəbə, ümumi sahəsi 54.5 kv.m olan, 1 (bir) otaqlı mənzilin pay dəyəri payçı 29.975 (iyirmi doqquz min doqquz yüz yetmiş beş) manat tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların təsdiq olunmuş surətlərindən görünür ki, "xxxx" MTK-ya məxsus Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən binada daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış mənzillər vardır. - Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 24 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, həm də əsaslı iddadır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı mənzil İddiaçı ilə üçüncü şəxs X2 birgə nikahları dövründə X4 tərəfindən alınmış və mənzilin pay dəyəri payçı tərəfindən tam ödənilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən və 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə üçüncü şəxs tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzilə dair pay hüquqlarının 3/5 hissədə X2, 2/5 hissədə İddiaçı olmaqla müəyyən edilmiş, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(105)-2404/2020 saylı qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2098/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə yönəldilmiş, lakin hazır ki iddia tələbi üzrə cavabdeh olan DƏDRX-nin 2 saylı ərazi idarəsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən imtina etmişdir. İddiaçı həmin mənzilə dair 2/5 hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paylara dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 24 dekabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi Sumqayıt şəhər, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını, hüquqmüəyyənedici sənədlərin əsillərinin və dövlət rüsumunun ödənilməsi barədə sənədlərin təqdim edilməməsini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 220-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun ayrıldıqdan sonra müstəqil əmlak kimi fəaliyyət göstərməsinin təmin edilməsinə xidmət edir. Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin vəzifə funksiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatına alınmasından ibarətdir. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı Sumqayıt şəhər, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzildə olan pay hüququnu Mülki Məcəllənin müddəaları əsasında əldə etmişdir. “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda şəxsin mənzildə pasport qeydiyyatında olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina nəzərdə tutulmamışdır. Hesab olunur ki, cavabdeh təşkilatın gətirdiyi formal tələblər İddiaçı daşınmaz əmlakda əmələ gəlmiş mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi üçün əsas deyil. Belə ki, işin araşdırılan hallarından məlum olmuşdur ki, qeyd olunan mənzil 27 may 2014-cü il tarixli müqavilə ilə iddiaçının keçmiş həyat yoldaşı X4 tərəfindən birgə nikah dövründə alınmışdır və iş materiallarında olan maliyyə arayışı ilə də görünür ki, mənzilin pay dəyəri payçı X4 tərəfindən tam ödənilmişdir. İddiaçının həmin mənzilə olan 2/5 payını təsdiq edən artıq qüvvəyə minmiş və icraya yönəlmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumenti əsassız olur. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat qanunla ona həvalə edilmiş öhdəliklərin yerinə yetirilməsindən imtina edir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. “İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar