Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2860/2023 20.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli 104 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün mərhum həyat yoldaşı X2 ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçıya Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 104 saylı Protokolu əsasında Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli 104 saylı protokolqərarı əsasında Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün mərhum həyat yoldaşı X2 ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2004cü il tarixli 104 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün X2 500 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin 62 nömrəli inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək ona təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsində tərəfindən yaşayış evi tikilmiş, artıq 19 ildir ki, bu sahə onun faktiki istifadəsindədir. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə AR DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin ona ünvanlanan 28 mart 2023-cü il tarixli imtina məktubunda cavabdeh həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmiş və bu imtinasını onunla əsaslandırmışdır ki, bələdiyyə ilə alqı-satqı barədə akt, memarlığın rəyi əlavə edilmədiyindən və tərəfindən 0,0045 ha torpaq sahəsinin zəbt olunduğu 0,017 ha hissəsinin isə 6 KV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyü üçün bu qeydiyyat mümkünsüzdür. Belə hesab edir ki, cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alması üçün müvafiq sənədlər vardır və bu imtinanın verilməsinin heç bir əsası yoxdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşlə bağlı şihafi məhkəmə iclasında iştirak etmiş cavabehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 20ci mikrorayon ərazisində yerləşən 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi bələdiyyə tərəfindən xx.xx.2004-cü il tarixli 104 saylı qərarla ayrılsa da, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq torpaq sahəsinin alqı- satqısına dair akt, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi ərizəyə əlavə edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən sözügedən əmlaka müayinə baxışı keçirilən zaman 0.0045 ha zəbt torpaq sahəsinin olduğu və 0.017 ha hissəsinin 6 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" qaydaları ilə tənzimlənir. Həmçinin, torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - “Nikahın bağlanması haqqında” İН-ЖГ № 255544 saylı, 20 dekabr 1982-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasındakı nikah 03 may 1979-cu il tarixdə 21 nömrə ilə qeydiyyata alınmışdır. - Sumqayıt şəhər bələdiyyəsinin 104 saylı, 02 fevral 2004-cü il tarixli qərarından görünür ki, X2 fərdi yaşayış evi tikintisi üçün Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisindən 500 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. - CZX № 114377 saylı kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X4 tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına ******* manat məbləğində pul ödənilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/22 saylı, 28 yanvar 2004-cü il tarixli rəyindən görünür ki, X2 fərdi yaşayış evi tikintisi üçün Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisindən 500 kv.metr torpaq sahəsinin ayrılmasına və alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir. - “Tikinti üçün torpaq sahəsinin (sahələrinin) sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, nişanlanma və sifarişçiyə təhvil verilməsi haqqında akt”dan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi X2 təhvil verilmişdir. - AZ-İİ № 174367 saylı, 23 aprel 2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 22 aprel 2021-ci il tarixdə vəfat etmişdir. - Məhkəməyə sorğu əsasında "xxxx" ASC-dən daxil olmuş 01 iyun 2023-cü il tarxli məktubda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin ərazisindən "xxxx" ASC-yə məxsus hava elektrik verilişi xətti keçmir. - Məhkəməyə sorğu əsasında "xxxx" ASC-dən daxil olmuş 24 iyun 2023-cü il tarxli məktubda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 1992-ci ildə istismara verilmiş 6 kVluq “Fider-1” hava xəttinin mühafizə zonasında yerləşir. - Məhkəməyə sorğu əsasında 04 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. - Məhkəməyə sorğu əsasında "xxxx" ASC-dən daxil olmuş 08 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisıli torpaq sahəsi 6 kV-luq “Fider-1” hava xəttindən 0011, 0013 dispeçer saylı KTM-lərə gedən budaqlanmanın mühafizə zonasında yerləşir, lakin elektrik verilişi xəttinin istismarına, xidmət göstərilməsinə hər hansı maneə törətmir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsin 28 mart 2023-cü il tarixli məktubu ilə iddiaçının mərhum ərinin mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 28 mart 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin 104 saylı, 02 fevral 2004-cü il tarixli qərarı ilə X2 fərdi yaşayış evi tikintisi üçün Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisindən 500 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/22 saylı, 28 yanvar 2004-cü il tarixli rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. X4 tərəfindən sözügedən torpaq sahəsinin müqabilində Sumqayıt bələdiyyəsinin hesabına ******* manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 28 mart 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi :
1. mübahisəli torpaq sahəsinin satılmasına dair alqı-satqısı aktının və icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə olunmamasını;
2. mübahisəli torpaq sahəsində 0.0045 ha zəbt torpaq sahəsinin olmasını;
3. torpaq sahəsinin 6 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizı zolağında yerləşməsini;
4. torpaq sahəsinin dəyərinin bank vasitəsilə deyil, bilavasitə ödənilməsini və mədaxil qəbzinin Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq olunmasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Qeyd edilməlidir ki, hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi tərəfindən rəy verilmiş, qeyd olunan müsbət rəy əsasında bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına ******* manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına ******* manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının tərtib edilməməsi və ödənişin bilavasitə ödənilməsi və qəbzin Sumqayıt bələdiyyəsi tərəfindən tədiqlənməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinasının digər əsası kimi isə mübahisəli torpaq sahəsində 0.0045 ha zəbt torpaq sahəsinin olmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qeyd edilən dəlili də əsassızdır. Hazırki iddia tələbində iddiaçı qeyd olunan torpaq sahəsinin deyil, yalnız 500 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Məhkəmə cavabdeh orqanın torpaq sahəsinin 6 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafiz’ zolağında yerləşməsi dəlilinə münasibətdə bildirir ki, cavabdehin qeyd edilən dəlili də əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Qaydaların 9-cu bəndinə əsasən elektrik şəbəkələrindən binalara, qurğulara, ağackol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Qeyd olunan Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s. ilə bağlı olmuşdur. İddiaçıya Sumqayıt şəhər bələdiyyəsinin 104 saylı, 02 fevral 2004-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kvt) mühafizə zolağında yerləşməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndlərinə görə, torpaq sahəsinin müəyyən hissəsinin elektrik xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə belə, həmin hal şəxsin həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Başqa sözlə, cavabdeh həmin hala istinad etməklə qeydiyyatdan imtina olunmasında haqlı sayıla bilməz. Belə ki, istinad olunan qaydalara görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bundan əlavə məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" ASC-dən daxil olmuş 08 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisıli torpaq sahəsi 6 kV-luq “Fider-1” hava xəttindən 0011, 0013 dispeçer saylı KTM-lərə gedən budaqlanmanın mühafizə zonasında yerləşir, lakin elektrik verilişi xəttinin istismarına, xidmət göstərilməsinə hər hansı maneə törətmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli 104 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün mərhum X2 ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli 104 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün mərhum X2 ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva