Məhkəmə qərarları › İş №2-1(118)-2860/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2860/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2860/2024 28.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh XXXnə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin izibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh XXXnə (bundan sonra – “cavabdeh”) qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh orqanın Baş Klinik Hospitalında Tibb Xidməti Polkovnik- Leytenant rütbəsində “X1" Onkologiya blokunun rəisi vəzifəsində işləmiş, Silahlı Qüvvələrin Baş X2 27 sentyabr 2020-ci il tarixli, 2N saylı əmri ilə N saylı hərbi hissəyə N gün müddətinə N oktyabr 2020-ci ilə qədər ezamiyyətdə olmuşdur. Ezamiyyətə göndərilməsi barədə verilmiş 2N saylı əmrdə N saylı hərbi hissəyə (Beyləqan rayonu) ezam edilməsi göstərilmişdir. Əslində həmin vaxt Füzuli rayonun Əhmədbəyli kəndi ərazisində yerləşən hərbi hospitalda ezamiyyətdə olmuşdur. Beyləqan rayonu ərazisində N və ya N saylı hərbi hissə mövcud deyildir. Bu fakt Baş Klinik Hospitalının Şəxsi heyətin uçotu bölməsi rəisi tərəfindən verilmiş arayış-məlumatda da təsdiq edilir. Əmrə əsasən 27 sentyabr 2020-ci il rarixdən N oktyabr 2020-ci ilə qədər döyüş bölgəsinə ezam edilmişdir. Müvafiq komissiya tərəfindən 14 noyabr 2023-ci il tarixli məktub ilə ona müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi ezam olunduğu ərazinin (Beyləqan rayonunun Əhmədbəyli qəsəbəsi) ərazi meyarlarına uyğun olmadığı göstərilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Çünki, Beyləqan rayonunda Əhmədbəyli qəsəbəsi yoxdur, həmin qəsəbə Füzuli rayonu ərazisindədir. Hərbi hissə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində dislokasiya olunub, texniki səhv səbəbindən 27 sentyabr 2020-ci il tarixli, 2N saylı əmrdə N saylı hərbi hissənin yerləşdiyi yer Beyləqan rayonu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin halları, mübahisənin vəziyyəti və iddianın aidiyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinin Niyazi küçəsində inşa edilmiş 257-ci binanın 152 saylı mənzilində qeydiyyatsız yaşayır və Sumqayıt şəhərində poliklinikada fəaliyyət göstərir. Bu səbəbdən inzibati mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfinin lazımi qaydada məhkəmə iclası barədə xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi ilə təmsil olunmamışdır. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə inzibati orqanla (XXX) hərbi qulluqçular arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir: 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. Hazırkı işin hallarından və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmiş və ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəlarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.2. Xidməti yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət edilməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 1.6. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən müəyyən edilir. (-) 2.1. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. (-) 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; (-) Sadalanmış normaların məzmunundan görünür ki, xidməti yaşayış yeri kirayə müqaviləsi ilə müvəqqəti olaraq müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı kirayə müqaviləsinin də xitamına gətirib çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddiaçı tərəfindən kirayə müqaviləsinin xitamına dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, məlumat verilməmişdir. İş materialına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MTK tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinin Niyazi küçəsində inşa edilmiş 257-ci binanın 152 saylı mənzilində qeydiyyatsız yaşayır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş bu arayışı qanunvericiliyin tələblərini əsas götürərək inzibati işin Sumqayıt İnzibati Məhkəməsində baxılması üçün yetərli hesab etmir. İlk növbədə ona görə ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində onun qeydiyyat ünvanı kimi ünvan 3i iddiaçının ünvanı kimi hərbi hissə (H/H) qeyd olunmuşdur. Hazırda iddiaçı xidməti yaşayış yeri üzrə qeydiyyatdadır. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.3-cü maddəsində göstərilən (iddiaçının xidməti yaşayış sahəsinin olduğu yeri üzrə) aidiyyətin təsir dairəsinə düşür. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Beləliklə, sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmənin ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat ünvanı üzrə müəyyən edilməlidir. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, “... hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. ...” Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu İX hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, “... Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Həmin Qanunun 66.2-ci maddəsinə görə Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır və Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ali Məhkəmənin Plenumu isə mübahisələndirilən iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarına uyğun olmayan qərar qəbul etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinin, MPM-in 431.4.2-ci maddəsinin tələblərini pozmuşdur. Konstitusiya Məhkəməsinin səlahiyyətlərini və fəaliyyət qaydasını müəyyən edən Konstitusiya və digər qanunvericilik aktlarında, bu məhkəmənin qərarlarını icra edərək onlara hüquqi qiymət vermək səlahiyyətinə malik olan hər hansı orqanın, o cümlədən məhkəmə hakimiyyəti orqanının mövcudluğu nəzərdə tutulmamışdır. ...” Məhkəmədə izahat verərkən iddiaçı bildirmişdir ki, o hazırda Sumqayıt şəhərində işləyir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin Sumqayıt şəhərində fəaliyyət göstərməsinə dair halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı özünün fəaliyyət göstərdiyi iş yeri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İPM-in 12-ci maddəsinin tələbinin iddiaçının özünün fəaliyyət göstərdiyi (əgər belə iş yeri varsa) iş yerindən arayışın alınmasına münasibətdə tətbiqini məhkəmə zəruri hesab etməmişdir. Belə ki, istənilən şəxs rahatlıqla öz iş yerindən arayışı məhkəməyə təqdim edə bilər. Bunun üçün məhkəmə sorğusuna gərək yoxdur. Əksini düşünməyə gətirib çıxaran hallar barədə iddiaçı tərəfindən məhkəməyə məlumat verilməmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iş yerinin dəqiqləşdirilməsi, ora şəxsin fəaliyyət göstərməsinə dair məhkəmə sorğusunun göndərilməsi İPM-in 13-cü maddəsinin həddindən artıq genişləndirici təfsirinə (normanın genişləndirici təfsiri – normanın həqiqi məzmununun onun sözlə ifadə edildiyindən bir qədər geniş başa düşülməsində ifadə olunan təfsir) gətirib çıxara bilər. Bundan əlavə, tərəflərə göndərilmiş bildirişdə mübahisənin vəziyyəti və iddianın aidiyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün onların məhkəməyə dəvət olunduqları bildirilmiş, məhkəmə prosesi bir dəfə təxirə salınmışdır. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddənin məzmunundan görünür ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin normaları tətbiq oluna bilər. Burada əsas olan odur ki, iki şərtə əməl olunsun: - İPM ilə başqa qayda müəyyən edilməsin; - İPM ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması (-) 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. (-) 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. (-) Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (1.6-cı bənd). Məhkəmə nəzərə alır ki, zəruri konstitusiya hüquq qaydasının yaradılması məhkəmə hakimiyyətinin səmərəli fəaliyyət mexanizmindən asılıdır. Eyni zamanda, 2023-cü il 6 noyabr tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Qərardadında qeyd olunmuşdur: “...

33. Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). ...” İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan N gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qənaətinə gəlindiyi üçün, formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə kimi məsələlərə baxılmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:

İddiaçı cavabdeh XXXnə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən N gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar