Məhkəmə qərarları › İş №2-1(118)-2867/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2867/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2867/2025 23.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X13 Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “ünvan 1 ünvanında yerləşən 10 mənzilli 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin 3 otaqlı 5 nömrəli mənzil üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-8-11/2-2253/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur.Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tanınmışdır. İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib iddia tələbinin təmin edilərək, ünvan 1 ünvanında yerləşən 10 mənzilli 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin 3 otaqlı 5 nömrəli mənzilinə X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərilnə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2024-cü il tarixli, ********** saylı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən, iddiaçının mərhum atası X4 məxsus fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş olunmuşdur.Cavabdehin 27 sentyabr 2024-cü il tarixli, 3-21-3- 41/2-2136/2024 saylı bildirişi ilə ərizənin icrasından imtina edilmişdir.İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı sözügedən mənzilin mərhum X3 qanuni istifadəsinə verilməsi barədə hüquq müəyyənedici sənədlər ərizəyə əlavə olunmamışdır.Bildirir ki, atası X2 rayon kooperativlər ittifaqında iqtisadçı vəzifəsində işləmişdir. X11 şəhəri, Lenin küçəsi (indiki Şirvan küçəsi) 17A ünvanında yerləşən kooperativ binanın 3-cü mərtəbəsində 3 otaqlı mənzilin əldə edilməsi üçün müraciət etmişdir. Bu müraciəti əsasında ünvan 1 ünvanında ünvan 5 tərəfindən tikilməli olan binada xx.xx.1987-ci ildən mənzil növbəsinə qeydiyyata alınmışdır. Şamaxı rayon kooperativlər ittifaqının 19 oktyabr 1991-ci il tarixli qərarı ilə sözügedən mənzil X4 5 ailə üzvü nəzərə alınmaqla yaşanması üçün təhvil verilmişdir. Mənzildə gedən əsaslı təmir işlərindən sonra 1992-ci ilin sonu 1993-cü ilin əvvəlindən etibarən X6 ailə üzvləri ilə bərabər mənzildə yaşamağa başlamışdır və hazırda da mənzil mərhumun övladlarının istifadəsindədir. Sözügedən mənzilə dair mülkiyyət hüquqununqeydə alınmasına dair cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı şəhəri, Şirvan küçəsi 17a nömrəli binada yerləşən mənzilin X1 məxsus olması barədə reyestrdən arayışın verilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı sənədləşdirmək istədiyi mənzilin mərhum X3 qanuni istifadəsinə verilməsi barədə hüquq müəyyənedici sənədlər ərizəsinə əlavə olunmamışdır. X1 məxsus mənzilə dair “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə turulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi üçün İddiaçı ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur.Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DƏDKR-in 14 saylı Ərazi İdarəsinin 27 sentyabr 2024-cü il tarixli, 3-21-3-41/2- 2136/2024 nömrəli imtina məktubu, etiraz ərizəsi, 1992-ci il tarixli, 4563 nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun surəti, Şamaxı RKİ tərəfindən verilmiş 8 nömrəli, 04 oktyabr 2024-cü il tarixli arayış, Şamaxı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/093012-24 nömrəli, xx.xx.2024cü il tarixli ailə tərkibi haqqında arayış, Ölüm haqqında şəhadətnamənin surəti, 18 sentyabr 2024-cü il tarixli, 2V-674 reystr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-ə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 27 sentyabr 2024-cü il tarixli, 3-21-3-41/2-2136/2024 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Şamaxı rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Təqdim edilmiş 1992-ci il tarixli, 4563 nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportda aparılmış qeydlərdən görünür ki, mübahsiəli daşınmaz əmlak mərhum X3 mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Şamaxı RKİ tərəfindən verilmiş 8 nömrəli, 04 oktyabr 2024-cü il tarixli arayış ilə həmin fakt təsdiqlənmişdir. İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 10 mənzilli 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin 3 otaqlı 5 nömrəli mənzil üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında götərdiyi arqument mənzilə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsidir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, mənzilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, 1992-ci il tarixli, 4563 nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportda aparılmış qeydlərdən görünür ki, mübahsiəli daşınmaz əmlak mərhum X3 mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin qeydiyyat texniki pasportun mövcudluğu və mənzilin mərhuma ayrılması Şamaxı RKİ tərəfindən verilmiş 8 nömrəli, 04 oktyabr 2024-cü il tarixli arayış ilə öz təsdiqini tapmışdır. Həmin arayış ilə mənzilin keçmişdə ayrılması səlahiyyəti olmuş orqanın hüquqi varisi kimi iddiaçının adına mənzil ayrılması təsdiqlənir. Belə ki, iddiaçı mübahisəli mənzildə uzun müddət yaşamış və hal-hazırda həmin mənzildə pasport qeydiyyatındadır. Ona görə də məhkəmə hesab edir ki, texniki pasportda qeyd edilmiş mənzil üzərində iddiaçının mərhum atasının mülkiyyət hüququ qeyd alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Qeyd edilməlidir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. İndiki halda, qeyd edilən mənzilin satın alınmasına dair müqavilə qüvvədədir (onun ləğv edilməsi və etibarsız hesab edilməsi halı müəyyən edilməmişdir), mənzilin dəyərinin ödənilməsi halı aşkardır, faktiki iddiaçının istifadəsindədir. Başqa sözlə desək, qeyd edilən mənzilə dair iddiaçının mülkiyyət hüququnun tərkib hissəsi olan əmlaka sahiblik və istifadə hüququ mövcuddur, nəticə etibarilə mülkiyyət hüququna qanuni gözlənti hüquqları olmuşdur. Mövcud olan hüququn formal əsaslara istinad edilməklə qeydiyyata alınmasında imtina olunması halı isə həmin hüquqların realizəsi baxımından iddiaçıya münasibətdə əlverişsiz (mənfi) nəticələrlə qarşılaşmasına səbəb olur. Həmçinin, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ilə eyni binada yerləşən mənzilləri əldə etmiş iddiaçının qonşularının mülkiyyət hüququ tanınmışdır.Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən hüqumüəyyənedici sənədlərin olmaması cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 10 mənzilli 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin 3 otaqlı 5 nömrəli mənzil üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar