Məhkəmə qərarları › İş №2-1(118)-2868/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2868/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2868/2023 11.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı1 cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 1 saylı evdə yerləşən 5 saylı mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 1 saylı evdə yerləşən 5 saylı mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək iddianın ona aid hissədə geri qayatrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ayrıca qərardadı ilə İddiaçı2 idida ərizəsi qaytarılmışdır . İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS İK-nin 25 fevral 1982-ci il tarixli 13.61.1 saylı qərarına və 4 saylı protokoluna əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi 1 saylı evdə yerləşən və sahəsi 30,05 kv m olan 2 otaqlı 5 saylı mənzil ona verilmişdir. Həmin mənzilə dair order onun adına verilmişdir. Hazırda onun heç yerə qeydiyyatı yoxdur. Belə ki, o, cavabdeh tərəfindən səhvən H.Z.Tağyev qəsəbəsi, Dəmiryol yaşayış massivi 1 saylı evdə yerləşən 5 saylı evə yazılmış və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-969/2022 saylı qərarı ilə mənzilin sahibi X1 iddiasına əsasən həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Halbuki, onun qeydiyyata alınmalı olduğu ünvan ünvan 1mamilə müxtəlif ünvanlardır. İddiaçı qanuni əsaslarla ayrılmış mənzilə qeydiyyata düşmək barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, şəxsin qeydiyyatı yaşayış sahəsinə köçmək hüququ verən sənədlər və yaşayış sahəsinin mənsub olduğu şəxsin razılıq ərizəsi əsasında aparılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli arxiv arayışına əlavə edilmiş Sumqayıt şəhəri XDS İK-nin 25 fevral 1982-ci il tarixli 13.61.1 saylı qərarın və 4 saylı Protokolundan görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi 1 saylı evdə yerləşən və sahəsi 30,05 kv m olan 2 otaqlı 5 saylı mənzil İddiaçı1 verilməsi qərara alınmışdır. - xx.xx.1982-ci il tarixli H/204 seriyalı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi 1 saylı evdə yerləşən və sahəsi 30,05 kv m olan 2 otaqlı 5 saylı mənzil İddiaçı1 verilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-969/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı1 və qeyrilərinin Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi ünvanında yerləşən, 1 saylı evin 5-ci mənzilindən pasport qeydiyyatından çıxarılması qərara alınmışdır. - DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 yaşayış yeri üzrə qeydiyyatı barədə arayışları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna əsasən Sumqayıt şəhər İH yanında MKTİB–nin xx.xx.2023-ü il tarixli məktubuna əlavə edilmiş Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi 21 saylı MKS-nın xx.xx.2023-cü il tarixli arayışından görünür ki, H.Zeynalabdin qəsəbəsi,S.Bəhlulzadə küçəsi ev 1, mənzil 5-də qeydiyyatda olan məlum səbəblərə görə həmin ünvanda yaşamayan İddiaçı1 oğlu xx.xx.1999-cu ildə anadan olmuş İddiaçı2 oglu, 21 saylı MKS-nin şəxsi hesabat kitabda qeydiyyatda olduğu üçün qeydə alınmışdır, xx.xx.2016-cı il tarixdə Asan Xidməti Sumqayıt tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində küçə adı qeyd olunmamışdır. 1982-ci ildə tikilmiş evlər yeni yaşayış massivi yazılırdı, Sumqayıt şəhər İcra Hakimiyyətinin qərarı əsasında 1995-ci ildə həmin evlərin yerləşdiyi əraziyə S.Bəhlulzadə küçəsi adı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ünvan 3 ünvanına qeydiyyata alınması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onların müraciətinin təmin olunmasından imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (social müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun qeyd olunan müddəalarından məzmunu belə deməyə əsas verir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyat alınması onun uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratdılmasına xidmət edir. Məhkəmə hesab edir ki, iddiaçıya mənzilin ayrılmasını təsdiq edən orderdə küçəadı qeyd edilsə də, sonradan H.Z.Tağıyev qəsəbəsində küçələrin və yaşayış massivlərinin çoxalması ilə əlaqədar həmin əraziyə küçə adı verilmişdir və iddiaçı səhvən Dəmir Yol yaşayış massivi 1 saylı evin 5 saylı mənzilinə qeydiyyata allndığına görə məhkəmə qərarına əsasən qeydiyyatdan çıxarılmışdır. Hazırda ona ayrılmış mənzilin S.Bəhlulzadı küçəsində yerləşməsi iş materialları ilə təsdiq edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1 ünvan 5 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar