Məhkəmə qərarları › İş №2-1(118)-2869/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2869/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2869/2023 08.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********100600 saylı, xx.xx.2023-cü il tarixli **********777000 saylı və xx.xx.2023-cü il tarixli **********779400 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 3 saylı Ərazi Vergi İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 mart 2023-cü il tarixli **********1000600 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2023-cü il tarixli **********100600 saylı, xx.xx.2023-cü il tarixli **********777000 saylı və xx.xx.2023-cü il tarixli **********779400 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 15 mart 2023-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********100600 saylı qərarına əsasən iddiaçıya 890.810,59 manat ƏDV məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən həmin qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olmuş və 2017-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən 30 iyun 2017-ci il tarixdə vergi orqanına AVİS nömrəsi **********145600 olan məktubla "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə" məlumat forması təqdim etmişdir. 2017-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 154.6cı maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Yuxarıda qeyd olunan Məlumat Formasında da iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyini bildirmişdir. Bina tikintisi üçün podratçı təşkilat tərəfindən gördüyü işə görə təqdim edilən elektron qaiməfakturaların dəyəri ödənildikcə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV məbləği əvəzləşdirilmiş və nəticədə şəxsi hesab vərəqəsində artıq ödənilmiş vergi məbləği formalaşmışdır. Vergi Məcəlləsinin 87 və 179-cu maddələrinə əsasən iddiaçı vergi orqanına ərizə ilə müraciət edərək artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. Vergi orqanı artıq ödənilmiş vergi məbləğini qaytarmamaq üçün mübahisələndirilən qərarı, yəni xx.xx.2023-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********100600 saylı qərarı qəbul edərək 2023-cü ilin yanvar ayı üçün ƏDV məbləğini hesablamış və artıq ödənilmiş vergi məbləğini şəxsi hesab vərəqəsindən silmişdir. Halbuki, həmin dövrdə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, hər hansı mal (iş və ya xidmət) təqdim etməmi, bank hesablaına pul mədaxil olmamışdır. Bundan sonra eyni əsasla cavabdeh vergi orqanı iddiaçının barəsində 2022-ci ilin sentyabr ayı və noyabr ayı üçün əlavə vergi borcu hesablamışdır. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Quba rayonu 2-ci Nügədi kəndində daşınmaz əmlakın (otel binası) icarəyə verilməsi fəaliyyəti ilə məşğuldur. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyrisahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edilmiş və bu fəaliyyətdən əldə olunan gəlirlər məcəllənin 155-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergitutma obyekti deyildir. Həmçinin, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilrilmir. Vergi ödəyicisinin son 3 illik fəaliyyəti üzrə qeyrisahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən otel binasının tikintisinə sərf olunan mal-materialların alışı zamanı ödənilən ƏDV məbləğlərinin əvəzləşdirdiyini nəzərə alaraq, şəxsi hesab vərəqəsində əvəzləşdirilmiş manat ƏDV məbləğlərinin büdcəyə hesablanması tam əsaslıdır. Qeyd olunanları nəzərə alaraq, 2023-cü ilin yanvar ayının ƏDV bəyannaməsinin dəqiqləşdirilən bölməsində əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləğinin 890.8 10,89 manat qeyd edilməsi və nəticədə də qeyd olunan dövr üçün vergi məbləğinin hesablanması qanunamüvafıqdir. İş materiallarına əlavə edilmiş : -xx.xx.2023-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********100600 saylı qərarından görünür ki, İddiaçı 890.810,59 manat ƏDV məbləği hesablanmışdır. -xx.xx.2023-cü il tarixli **********777000 saylı qərarından görünür ki, İddiaçı 2022-ci ilin sentyabr ayı üçün 359.57 manat ƏDV məbləği hesablanmışdır. -xx.xx.2023-cü il tarixli **********779400 saylı görünür ki, İddiaçı 2022-ci ilin noyabr ayı üçün 335.593,22 manat ƏDV məbləği hesablanımışdır. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədələrin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 3 saylı ƏVİ tərəfindən İddiaçı sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur : 1) 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********100600 saylı və xx.xx.2023-cü il tarixli **********777000 saylı və xx.xx.2023-cü il tarixli **********779400 saylı qərarları ilə İddiaçı aparılmış əlavə hesablamaların nəticələri vergi qanunvericiliyinin tələblərinə uyğundurmu? 2) Əgər uyğun deyilsə, həmin qərarlarla əhatə olunan dövr üzrə vergi ödəyicisi İddiaçı büdcə ilə hesablaşmaların vəziyyəti (büdcəyə ödənilir yaxud büdcədən qaytarılır) necə olmalı idi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/5726 saylı ekspert rəyindən görünür ki, 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********100600 saylı, xx.xx.2023-ci il tarixli **********777000 saylı və 05 05.2023-cü il tarixli **********779400 saylı qərarlar ilə İddiaçı aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən edilmir. Həmin qərarlarla əhatə olunan dövr üzrə vergi ödəyicisi İddiaçı yuxarıda qeyd edilən fəaliyyətləri üzrə büdcə ilə hesablaşmalarının vəziyyəti Vergı Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri də nəzərə alınmaqla həmin Məcəllənin tələblərinə əsasən aparılmalıdır. Yəni vergi ödəyicisinin büdcə ilə hesablaşmalarının vəziyyəti vergi orqanına təqdim edilən ƏDV bəyannamələrinin məlumatları əsas götürülməklə müəyyən olunmalıdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Mübahisələndirilən hər üç qərarda vergi orqanı iddiaçının daşınmaz əmlakın (otel binasının) icarəyə verilməsi fəaliyyəti ilə məşğul olduğunu və Vergi Məcəlləsinin 93.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin qeyrisahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edildiyini və bu fəaliyyətdən əldə olunan gəlirlərin Məcəllənin 155-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmadığını qeyd etmişdir. Cavabdeh vergi orqanı hesab edir ki, iddiaçı daşınmaz əmlakın icarəsi (qeyrisahibkarlıq) fəaliyyəti ilə məşğul olduğundan otel binasının tikintisinə sərf olunan malmaterialların alışı zamanı ödənilən ƏDV məbləğlərinin əvəzləşdirilməsi yolverilməzdir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərarlarda göstərilən hesabat aylarında iddiaçı ƏDV üzrə vergi tutulan əməliyyatlar aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: - 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. -153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: -166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;... -173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. -174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. -177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Məhkəmə qeyd edir ki, 2017-ci ildə (məlumatın təqdim edildiyi vaxt) qüvvədə olan Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin ƏDV-nin ödəyiciləri sayılır. İstinad olunan məlumat formasında da iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyini bildirmişdir. Vergi orqanı həmin məlumat formasının təqdim edilməsini şəxsin həqiqətən də həmin fəaliyyətlə faktiki məşğul olması nəticəsinə gəlinmədiyini bildirsə də, bunu təkzib edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının daşınmaz əmlakın icarəsi ilə məşğul olması, yəni bina tikinitisi ilə məşğul olmadığının müəyyən edildiyini bildirir. Lakin bu halın nəyin əsasında müəyyən edildiyini əsaslandırmamışdır, ehtimal əsasında ödənilən ƏDV-məbləğlərini əvəzləşdirməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ƏDV üzrə əvəzləşməni daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə bağlı deyil, bina tikintisi fəaliyyəti ilə məşğul olması ilə bağlı əldə etmişdir. Odur ki, vergi ödəyicisinin əmlakının icarəyə verilməsi fəaliyyətinin uçotu ayrı-ayrılıqda aparılmalı və həmin fəaliyyətə ayrı əməliyyat kimi baxılmalıdır. Belə ki, Vergi Məcəlləsinin 108.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyrisahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən müstəqil elementlərdən ibarət əməliyyat bölünərkən vergiyə cəlb edilən və ƏDV-dən azad olan əməliyyatlara ayrılırsa, onlara ayrı-ayrı əməliyyatlar kimi baxılır. Bundan başqa nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni müvafiq olaraq 2023-cü ilin yanvar, 2022-ci ilin sentyabr və 2022-ci ilin noyabr ayında baş vermiş əməliyyatları əsas götürməli idi. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Qeyd olunan maddələrdən aydın olur ki, 2023-cü ilin yanvar, 2022-ci ilin sentyabr və 2022-ci ilin noyabr ayında iddiaçı üçün vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, iddiaçı həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-ni çıxaraq yaranan fərqi büdcəyə ödəmiş olsun. Lakin iddiaçının göstərilən aylarda sahibkarlıq fəaliyyəti göstərməsi, hər hansı mal (iş və ya xidmət) təqdim etməsi, bank hesablarına pul vəsaiti daxil olması işin halları ilə təsdiqlənmədiyindən vergi orqanının hesabladığı vergi məbləği əsassızdır. Məhkəmə cavabdehin ekspert rəyinə etirazı ilə bağlı dəlillər üzrə qeyd edir ki, cavabdeh ekspert rəyinin əsassız olmasına əsaslansa da, rəyin əsassızlığı ilə əlaqədar hər hansı sübutu məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********100600 saylı, xx.xx.2023-cü il tarixli **********777000 saylı və xx.xx.2023-cü il tarixli **********779400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ləğv edlsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar