Məhkəmə qərarları › İş №2-1(118)-287/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-287/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-287/2024 30.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X5, X7, X2 və X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə ayrılmış 0,50 ha torpaq sahəsi (Torpağın mükiyyətə verilməsinə dair JN-116A KOD 30317028 saylı Şəhadətnamə) və 2 ədəd fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu, Qımılqazma kəndi ərazisində yerləşən torpaq sahəsinə və üzərindəki ev və digər tikillərə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-116A kod 30317028 saylı şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı və adları dövlət aktında qeyd olunmuş ailə üzvləri X5, X7, X4, X6 məhkəməyə birgə ərizə təqdim edərək Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə ayrılmış 0,50 ha torpaq sahəsi (Torpağın mükiyyətə verilməsinə dair JN-116A KOD 30317028 saylı Şəhadətnamə) və 2 ədəd fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba raonu Qəçrəş kənd X15 və Quba rayonu Nəriman Nərimanov adına sovxozunun 02 noyabr 1985-ci il tarixli birgə aktı əsasında mübahisə predmeti aid torpaq sahəsi Quba rayonu N.Nərimanov adma sovxozun 11 sentyabr 1985-ci il tarixli 303 nömrəli qərarı, Quba rayonu Qəçrəş kənd soveti icraiyyə komitəsinin 24 oktyabr 1985-ci il tarixli 43 nömrəli qərarı əsas götürülməklə fərdi yaşayış tikintisi məqsədilə iddiaçının mülkiyyətinə verilmişdir. Faktiki ailə dədə-babadan həmin ərazinin də daxil olduğu sahədə yaşamışlar, İddiaçı orada doğulub boya-başa çatmış, ailə qurub ailəlikcə burada məskunlaşmışlar. Sonradan həmin ərazi müvafiq orqanlar tərəfindən yenidən iddiaçılara rəsmən ayrılmışdır. Hal-hazırda 6 nəfərlik ailə üzvləri bu evdə yaşayır. Məlum aqrar islahatı zamanı inzibati ərazi vahidliyində hər adam başına 0,26 hektar (26 sot) torpaq sahəsi düşdüyü halda, İddiaçı və ailə üzvlərinə düşməli 1,56 hektar əvəzinə faktiki yaşadığı və 30 ildən artıq istifadələrində olan ərazi sahəsi çıxarılaraq faktiki 0,9784 ha pay torpağı ayrılmışdır. Faktiki İddiaçı və ailə üzvləri həmin torpaq sahəsindən də ümumi istifadədə olması səbəbindən istifadə edə bilmirlər. Bundan başqa, mübahisə predmeti olan 0,50 ha əraziyə dair Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 16 saylı qərarı əsasında Torpağın mülkiyyətə verilməsinə dair JN- 116A KOD 30317028 saylı Şəhadətnaməyə əsasən ayrılmalı 0,5816 ha torpaq sahəsinin əvəzinə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 30 ildən də artıq müddətdir ki, qanuni əsaslarla İddiaçı və ailəsinin faktiki mübahisəsiz sahibliyində və istifadəsindədir. Ona görə də, İddiaçı 14 iyun 2022-ci il tarixində JN-116A KOD 30317028 nöməli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qeydiyyatı barədə məlumat almaq üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdehin ünvanladığı 24 iyun 2022-ci il tarixli **********82 saylı məktubunda həmin Şəhadətnamənin verilməsi barədə qeydiyyatın olması, lakin torpaq sahəsinin qeyd edilmədiyi bildirilib. İddiaçı bundan sonra 08 avqust 2022-ci il tarixində sənədləri toplayıb cavabdeh orqana həmin Şəhadətnamə əsasında Quba rayonu Qımıl Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün müraciət etmişdir. 30 noyabr 2022-ci il tarixində cavabdehin xx.xx.2022-ci il tarixli, **********80 saylı imtina məktubunu almışdır. İddiaçılar hesab edir ki, cavabdehin JN-116A nömrəli KOD 30317028 seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" vahid məlumat bazasında (DWG,DBF) öz əksini tapmamsı, şəhadətnamənin ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan şəhadətnamələrin qeydiyyatı kitablarında mövcud olmasına baxmayaraq torpağın sahəsinin qeyd olunmaması barədə mülahizəsi əsasında icraatdan imtinası qəbul edilməzdir, qanunsuzdur və əsassızdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı JN- 116A KOD 30317028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin qeydiyyatı barədə məlumatın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubla bildirilmişdir ki: “Bildiririk ki, sizin və ailə üzvlərinizin adına JN-116A KOD 30317028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin erilməsi kitabında qeydiyyatı var, lakin torpağın sahəsi qeyd olunmamışdır." Bundan sonra İddiaçı Quba rayonu, Qımıl Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarınızın döviət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022- ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi, fərdi yaşayış evinin yerləşdiyi 0.50 ha torpaq sahəsinə JN-116 A nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim edilmişdir. JN-116 A nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə” vahid məlumat bazasında (DWG, DBF) öz əksini tapmamışdır və şəhadətnamə ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan şəhadətnamələrin qeydiyyatı kitablarında mövcud olmasına baxmayaraq torpağın sahəsi qeyd olunmamışdır. Bu, səbəbdən də, JN-116 A nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin DWG, DBF məlumatlarının həmçinin şəhadətnamənin verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, JN-116 A nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin DWG məlumatları aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2022ci il tarixli, **********80 qeydiyyat nömrəli məktubla imtina olunmuşdur. İş materiallarında olan: - JN-116A KOD 30317028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixıli, 15 saylı qərarına əsasən İddiaçı, X5, X7, X4, X1 rayonu, Qımıl qazma kəndi ərazisindən 0,50 ha torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində Quba rayonu Qımılqazma kəndi üzrə adambaşına düşən həyətyanı torpaq sahəsinin normasına dair məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, JN-116A KOD 30317028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənədlər ləğv edilmiş DT və XK tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən X16 filialı tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Quba RİHB-nın Qəçreş İƏD üzrə nümayəndəliyinin 2006-2010cu illərə aid Qımılqazma kəndi üzrə 09 №-li təsərrüfatbaşına kitablarda vətəndaş İddiaçı 759 saylı təsərrüfatbaşın baçısı olub, onun xüsusi mülkiyyətində 0,96 ha pay torpağı, 0,50 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edimişdir. - Məhkəmənin sorğusuna əsasən X16 filialı tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixıli, 15 saylı iclas protokoluna heç bir adlı siyahı əlavə edilməmişdir. Həmin protokolda İddiaçı və ailə üzvləri haqqında heç bir məlumat yoxdur. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, İddiaçı Şıxməmməd oğlunun faktiki istifadəsində 0,5620 ha torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində 2 (iki) fərdi yaşayış evi və yardımçı tikililər mövcuddur. Mübahisəli torpaq sahəsi dəmir tor və mişar daşı ilə hasarlanmışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin konfiqurasiyası ilə şəhadətnamədə göstərilən cizgilər arasında qismən fərq vardır. Sözügedən mübahisəli torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evləri və yardımçı tikililər heç bir yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1 maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə araşırması zamanı müəyyən edildi ki, mübahisəsi gedən 0,50 ha torpaq sahəsi iddiaçının ata-baba torpağı olmaqla təsərrüfatbaşına kitablarda qeydə alınmışdır. Bundan başqa həmin torpaq sahəsi aqrar islahatları aparılması nəticəsində verilən Torpağın mülkiyyətə verilməsinə dair şəahdətnamədə öz əksini tapmışdır. Hazırda cavabdeh fərdi yaşayış evim üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair müraciətə cavab verərkən faktiki olaraq torpaq sahəsinə də münasibət bildirmişdir. Belə ki, cavabdeh torpaq sahəsinə dair təqdim edilmiş şəhadətnamənin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyat kitablarında mövcud olsa da, torpaq sahəsinin ölçüsünün qeydə alınmamasını və vahid məlumat bazasında ö əksini tapmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsi ilə bağlı göstərdiyi dəlillər əsassız heasb edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsinin uzun illər iddiaçının və ailə üzvlərinin istifadəsinə olması ös təsdiqini tapmışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəahdətnamə iddiaçı tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən tərtib edilmişdir. Həmin şəhadətnamənin arxiv nüsxəsinini cavabdeh inzibati orqanda aşkar edilməsi, müvafiq təhvilvermə kitablarında öz əksini tapması bir daha şəhadətnamənin mötəbər sübut kimi qiymətləndirilməsinə əsas verir. Lakin kitabda torpaq sahəsinin ölçüsünün qeyd edilməməsi hazırda həmin şəhadətnamənin qanuniliyini şübhə altına almamalıdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş Həyətyanı torpaq sahəsi almaq hüququ olan vətəndaşların siyahısından çıxarışdan görünür ki, İddiaçı adının qarşısında 0.12 ha həyətyanı, 0.38 ha zəbt edilmiş torpaq sahəsinin olması qeyd edilmişdir. Torpağın mülkiyəytə verilməsinə dair şəahdətnamədən görünür ki, 0.50 ha torpaq sahəsi vahid şəklində iddiaçıların mülkiyyətinə verilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin torpaq sahəsi üzərində yerləşən iki ədəd fərdi yaşayış evinin nə vaxt tikilməsi, tikintisinə icazə verilməsi barədə hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət ryeestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: https://eqanun.az/framework/5456 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə ayrılmış 0,50 ha torpaq sahəsi (Torpağın mükiyyətə verilməsinə dair JN-116A KOD 30317028 saylı Şəhadətnamə) üzərində mülkiyyət hüququnun iddiaçılar İddiaçı, X5, X7, X2 və X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə ayrılmış 0,50 ha torpaq sahəsi (Torpağın mükiyyətə verilməsinə dair JN-116A KOD 30317028 saylı Şəhadətnamə) üzərində mülkiyyət hüququnun iddiaçılar İddiaçı, X5, X7, X2 və X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar