Məhkəmə qərarları › İş №2-1(118)-2874/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2874/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2874/2023 13.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı ilə Xırdalan südçülüktərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncam ilə Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı ilə iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etdikdə ona imtina cavabı verilmişdir. Məhkəmə iclasındaiştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamında yerli icra hakimiyyəti başçısınin torpaq sahəsinin ayrılması barədə müvafig qərarına istinad edilmədiyi, sözügedən sərəncamda X1 ayrılmış torpaq sahəsi 0.10 ha göstərilsə də, digər sənədlərdə və faktiki vəziyyətdə 0.07 ha olduğu, iddia predmeti torpaq sahəsinin ilkin bas planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı iddiaçınnı müraciətinin təmin olunmasındna imtina edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamından görünür ki, İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır. -DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.1 ha torpaq sahəsi barəsindədir. - DTXK Abşeron rayon şöbəsinin xx.xx.2008-ci il tarixli rəyindən görünür ki, Abşeron rayon icra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamına əsasən İddiaçı 0,07 hektar olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinə saxlanması və mühafizə edilməsi üçün sənədlərini təhvil verən idarə və müəssisələrin, o cümlədən Abşeron rayon İcra Hakimiyyətinin Masazır kənd İcra Nümayəndəliyinin məktubları arxivə təhvil verilmədiyindən xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubunun araşdırılması mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd icra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi cənub–qərb tərəfdən yol ilə həmsərhəddir,torpaq sahəsi ümumi daş hasar daxilində yerləşir,plan və ölçü sənədində verilmiş koordinatıara uyğun gəlir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdeh inzibati orqan verdiyi imtina cavabını üç dəlillə əsaslandırmışdır: 1)iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncamda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılmasına dair qərarına istinad olunmaması; 2) torpaq ahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi; 3) sərəncamda torpaq sahəsinin ölçüsünün 0.10 ha göstərilməsinə baxmayaraq, yerində 0.07 ha olması. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair nümayənfəliyin sərəncamında Xırdalan südçülük-tərəvəzçilik sovxozunun 26 aprel 1995-ci il tarixli 84 saylı məktubuna istinad edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən sərəncamın verilməsi üçün əsas olmuş sənədlər, o cümlədən yuxarıda göstərilən məktub Abşeron rayon Dövlət Arxivindən tələb edilmişdir. Lakin arxiv sənədlərində yalnız sərəncamın özündn başqa hər hansı sənəd aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə 23. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1)bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2)torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3)torpaq kadastrının aparılmasını təşkil etmək; Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qəbul edilənədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamə: Maddə 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri İcra hakimiyyətinin başçısı: q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində: --təbiəti mühafizə haqqında respublika qanunvericiliyinin pozulduğu hallarda müəssisələrin, təşkilatların və idarələrin təsərrüfat fəaliyyətini və obyektlərin tikintisini saxlayır, qanunla müəyyən edilmiş qaydada onların üzərinə inzibati məsuliyyət qoyur, torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir; Maddə 22. Rayon tabeli şəhərdə, qəsəbədə və kənddə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri Şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: -rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; -vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailə-əmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; -İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər yalnız Abşeron rayon İHB-nın Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamıdır ki, həmin sərəncamın da Masazır kəndi üzrə nümayəndəlik tərəfindən imzalamaq barədə hüquq Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilməsini təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Bundan başqa torpaq sahəsinin Xırdalan südçülük-tərəvəzçilik sovxozuna aid olması və həmin sovxoz tərəfindən nümayəndəliyə hər hansı səlahiyyə verilməsini təsdiq edən sənəd də məhkəmə araşdırması zamanı müəyyən edilmədi.

39. Halbuki, istinad edilən Torpaq Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsində vurğulanırdı ki, Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Yəni, rayon, şəhər üzrə nümayəndələr yalnız onlara verilən xüsusi səlahiyyət çərçivəsində torpaq sahələrini xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilmələri qanunvericilikdə təsbit edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh idarə tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair təqdim etdiyi sərəncam səlahiyyəti olmayan orqan tərəfindən verildiyindən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilməli, bu səbəbdən də, iddia tələbi rədd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır; 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar