Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2875/2025 03.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzil üzərində mərhum şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, tərcüməçi X10, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mərhum şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə 3 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan SSR Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 20 dekabr 1972-ci il tarixli, 01/124 nömrəli orderin surətindən görünür ki, “Mübadilə bürosu”nun 13 dekabr 1972-ci tarixli, 16 nömrəli qərarı ilə Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün Mayılov Eynulla Fətulla oğlunun idarəsinə verilmişdir. Həmin orderə əsasən sahəyə ixtiyarı olub order üzrə evə köçən digər şəxslər “Mailova Val M” - arvadı, “Mailova Elm E” - qızı, “Mailova Sam E” - qızı, “Mailov Elm E” - oğludur.
2. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 20 dekabr 1972-ci il tarixli, 04/124 nömrəli “Orderin təkrarı”ndan görünür ki, həmin order SXD Sovetinin 20 dekabr 1972-ci il tarixli qərarı ilə Mayılov Eynulla Fətulla oğluna və onun ailə üzvlərinə (“İddiaçı” - arvadı, “Mailova E.E.” - qızı, “Mailova S.E.” - qızı, “Mailov E.E.” - oğlu, “Mailov T.E.” - oğlu) 3-cü məhəllə, ev 12/4, 36-cı mənzili tutmaq üçün verilmişdir.
3. AZ-İ seriyalı, 325608 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Mayılov Eynulla Fətulla oğlu 20 noyabr 2008-ci il tarixdə ölmüşdür.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 23 iyun 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı, X21 oğlu, X22 oğlu, Mayılov Telman Eynulla oğlu, Nümayəndə ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar.
5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsinin 6 oktyabr 2023-cü il tarixli, 924 nömrəli arayışından görünür ki, mərhum Mayılov Eynulla Fətulla oğlu 3-cü saylı məhəllə, ev 4/12, mənzil 36 ünvanda 1981-ci il tarixdən qeydiyyatda olmuş, 20 noyabr 2008-ci il tarixdə ölmüşdür. X14 Mixayılovna 3 yanvar 1973-cü il tarixdən, oğlu Mayılov Telman Eynulla oğlu 18 iyul 1989-cu il tarixdən, oğlu Nümayəndə 5 fevral 1991-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar.
6. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 8 iyul 2024cü il tarixli, 3-48-DA-10F/2-468-2024 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər ZDS İK-nin 1972-ci ilin noyabr-dekabr aylarına və ZDS İK-nin 1973-cü ilin yanvar ayına dair iclas protokollarına baxılmış vətəndaş Mayılov (Mailov) Eynulla Fətulla oğlunun adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır.
7. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsinin 16 iyul 2024-cü il tarixli, 530 nömrəli arayışından görünür ki, X11 3 saylı məhəllə, P.Həşimov küçəsi, ev 12/4, mənzil 36 ünvana yaşayış yeri üzrə 28 iyun 1983-cü il tarixdə qeydiyyata düşmüş, 10 sentyabr 1985-ci il tarixdə qeydiyyatdan çıxmış və həmin ünvanda yaşamır.
8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsinin 16 iyul 2024-cü il tarixli, 533 nömrəli arayışından görünür ki, X12 3 saylı məhəllə, P.Həşimov küçəsi, ev 12/4, mənzil 36 ünvana yaşayış yeri üzrə 23 oktyabr 1979-cu il tarixdə qeydiyyata düşmüş, 15 may 1984-cü il tarixdə qeydiyyatdan çıxmışdır və həmin ünvanda yaşamır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 6fisinin 18 iyul 2024-cü il tarixli, 1610 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, İddiaçı, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 20 noyabr 2008-ci il tarixdə vəfat etmiş əri - Mayılov Eynulla Fətulla oğlunun adına vərəsəlik işi açılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum Mayılov Eynulla Fətulla oğluna məxsus olan Sumqayıt şəhəri, 3-cü məhəllədə 12/4 nömrəli binada yerləşən 36 nömrəli mənzilə dair çıxarışı (arayışı) təqdim etmiş şəxs vasitəsilə ünvan 6fisinə göndərilməsi xahiş edilmişdir.
10. 1 avqust 2024-cü il tarixli, **********031 nömrəli ərizədən görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan 7 ünvanında yerləşən 36 nömrəli mənzilin Mayılov Eynulla Fətulla oğlunun adına özəlləşdirilməsinə etiraz etməmişdir.
11. 1 avqust 2024-cü il tarixli, **********067 nömrəli ərizədən görünür ki, Nümayəndə qeydiyyatda olduğu ünvan 7 ünvanında yerləşən 36 nömrəli mənzilin Mayılov Eynulla Fətulla oğlunun adına özəlləşdirilməsinə etiraz etməmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 avqust 2024-cü il tarixli, 3-21-3-31/2- 3141/2024 nömrəli məktubundan görünür ki, aparılan araşdırma nəticəsində Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, mənzil 36 ünvanda yerləşən mənzilin ayrılmasına dair arxiv əsasları aşkar edilmədiyi üçün, müraciətinin icrasını təmin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
13. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsinin 3 mart 2025-ci il tarixli aktı.
14. Sumqayıt şəhər mənzil idarəsinin 31 avqust 1963-cü il tarixli, 02/301 nömrəli “orderin surəti”ndən görünür ki, 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X1 idarəsinə verilmişdir.
15. Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 20 noyabr 1972-ci il tarixli, 01/110 nömrəli “orderin surəti”ndən görünür ki, Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12/4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X8 idarəsinə verilmişdir.
16. Sumqayıt Şəhər Mənzil İdarəsinin 2 noyabr 1962-ci il tarixli, 02/2748 nömrəli “orderin surəti”ndən görünür ki, həmin order 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X13 verilmişdir.
17. Sumqayıt şəhər mənzil idarəsinin 23 fevral 1963-cü il tarixli, 02/64 nömrəli “orderin surəti”ndən görünür ki, həmin order 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X4 verilmişdir.
18. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 2 aprel 2025-ci il tarixli, 3-48-DA-10F/2-48-2025 nömrəli Nümayəndə verilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 26 mart 1962-ci il tarixli siyahısına əsasən 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yaşayan X7 34-cü məhəllə, ev 7, mənzil 6 verilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
19. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 13 yanvar 2025-ci il tarixli, 3-48-DA-10F/2-09-2025 nömrəli məktubundan görünür ki, ünvan 8 ünvanda yerləşən 36 saylı mənzilə dair 20 dekabr 1972-ci il tarixli, 04/24 nömrəli orderi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Sumqayıt şəhər ZDS İK-nin 20 dekabr 1972-ci ilə dair iclas protokolu mövcüd deyil. ZDS İK-nin 1972-ci ilin noyabr - dekabr və 1973cü ilin yanvar aylarına dair iclas protokollarına baxılmış, vətəndaş X6 adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
20. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, mənzil 36 ünvanında yerləşən yaşayış sahəsi üzərində mərhum Mayılov Eynulla Fətulla oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi işin hallarına (§12) istinad edilərək onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü məhəllə ünvanında yerləşən, ev 12/4, mənzil 36 Mayılov Eynulla Fətulla oğluna verilmişdir. Mayılov Eynulla Fətulla oğlu iddiaçının həyat yoldaşı olmuşdur. Mərhum əri 20 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, 3-cü məhəllə ünvanında yerləşən, 12/4 saylı evin, 36-cı mənzili 20 dekabr 1972-ci il tarixdə 01/124 saylı order əsasında mərhum əri və onun 4 nəfərdən ibarət ailə üzvünə verilmişdir. Həmin vaxt mərhum əri 2708 saylı avtokalonda işləmişdir. Dəyişdirmə bürosunun 16 saylı, 13 dekabr 1972-ci il tarixli qərarı ilə mənzilə order verilmişdir. Mənzildə hal-hazırda yaşayan yaşayanlar mənzilin Mayılov Eynulla Fətulla oğlunun adına özəlləşməsinə etiraz etmədiklərini bildirmişlər. Orderdə adları çəkilən, lakin həmin ünvanda yaşamayan X2 və X3 mənzildən qeydiyyatdan çıxmasını 2 saylı Mənzil Kommunal Sahəsinin 530 və 533 saylı arayışlar təsdiq edir.
22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1, “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33, 73-cü maddələrinə istinad edilmişdir.
23. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
24. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
25. Etiraz daxil olunmamışdır.
c) Tərəflərin iştirakı və izahatları:
26. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, onun təmin edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, mübahisələndirilən mənzilin əvvəl Sofiya adlı şəxsə, 1972-ci ildən iddiaçı və onun ailə üzvlərinə məxsus olduğunu bildirmişdir.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
30. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
31. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
32. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
33. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
34. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
35. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
36. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
37. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
39. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.
Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. (-) Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.
Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
Maddə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir.
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-) Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
44. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
45. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
46. İddiaçı tələbinin əsası kimi Mübadilə (dəyişdirmə) bürosunun 13 dekabr 1972-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçının mərhum əri Mayılov Eynulla Fətulla oğlu və onun ailə üzvlərinə mübahisələndirilən Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, mənzil 36 ünvanda yerləşən mənzil müvafiq order əsasında verilmişdir və qeyd edilən tarixdən onların istifadəsində və sahibliyindədir.
47. Cavabdeh isə məzil üzərində mərhum Mayılov Eynulla Fətulla oğlunun mülkiyyət hüquqlarına dair arayışın verilməsindən imtina etmiş, Sumqayıt şəhəri, 3cü məhəllə, ev 12/4, mənzil 36 ünvanda yerləşən mənzilin ayrılmasına dair arxiv əsaslarının aşkar edilmədiyini bildirmişdir.
48. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
49. Belə ki, işin mövcud olan hallarına və iddianın məzmununa əsaslanaraq, məhkəmə “Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, mənzil 36 ünvanında yerləşən yaşayış sahəsi üzərində mərhum Mayılov Eynulla Fətulla oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə münasibətdə iş üzrə araşdırmanı aparmışdır.
50. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzilə dair iki order təqdim edilmişdir. Həmin orderlərin tədqiqi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: İlkin təqdim edilmiş orderin surəti: - 20 dekabr 1972-ci il tarixli, 01/124 nömrəlidir. - Azərbaycan SSR Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmişdir. - Verilmə əsası: “Mübadilə bürosu”nun 13 dekabr 1972-ci tarixli, 16 nömrəli qərarı. - Order əsasında verilmiş əmlak: Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12, mənzil 36. - Order verilən şəxs və onun ailə üzvləri: Mayılov Eynulla Fətulla oğlu, “Mailova Val M” - arvadı, “Mailova Elm E” - qızı, “Mailova Sam E” - qızı, “Mailov Elm E” - oğlu. Məhkəmə gedişatında təqdim edilmiş orderin təkrarı: - 20 dekabr 1972-ci il tarixli, 04/124 nömrəlidir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmişdir. - Verilmə əsası: SXD Sovetinin 20 dekabr 1972-ci il tarixli qərarıdır. - Order əsasında verilmiş əmlak: 3-cü məhəllə, ev 12/4, mənzil 36. - Order verilən şəxs və onun ailə üzvləri: Mayılov Eynulla Fətulla oğlu, “İddiaçı” - arvadı, “Mailova E.E.” - qızı, “Mailova S.E.” - qızı, “Mailov E.E.” - oğlu, “Mailov T.E.” - oğlu).
51. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş orderin surəti və onun təkrarı arasında uyğunsuzluqlar, xüsusilə orderlərin nömrələri, verilmə əsasları və verilən əmlakın ünvanlarında mövcud olan ziddiyətlər aşkar olunmuşdur.
52. Məhkəmə hər iki tərəfin istinad etdiyi halları, həmçinin qeyd olunmuş uyğunsuzluqları araşdırmaq məqsədi ilə, müvafiq sorğular ünvanlamış, nəticədə Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilən məlumat ilə: - ünvan 8 ünvanda yerləşən 36 saylı mənzilə dair 20 dekabr 1972-ci il tarixli, 04/24 nömrəli orderi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyi; - Sumqayıt şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 20 dekabr 1972-ci ilə dair iclas protokolu mövcud olmadığı; - Sumqayıt şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 1972-ci ilin noyabr - dekabr və 1973-cü ilin yanvar aylarına dair iclas protokollarında vətəndaş X6 adına mənzil verilməsi barədə məlumatın aşkar olunmadığı müəyyən edilmişdir.
53. İddiaçı tərəfin mübahisələndirilən mənzilin əvvəl Sofiya adlı şəxsə, 1972-ci ildən iddiaçı və onun ailə üzvlərinə məxsus olduğunun bildirdiyinə baxmayaraq, 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda X5 yaşadığı təsdiq olunsa da, daha sonra mübahislədirilən mənzilin iddiaçının mərhum əri Mayılov Eynulla Fətulla oğluna verilməsini təsdiq edən order, həmçinin orderin verilməsinə əsas olmuş müvafiq icra hakimiyyətinin qərarı arxiv məlumatlarında aşkar olunmamışdır.
54. Eyni zamanda, iddiaçının təqdim etdiyi arxiv arayışlarında mübahisə predmeti olan mənzilin əvvəlki sahiblərinə verilmiş orderlər öz təsdiqini tapsa da, iddiaçının mərhum əri Mayılov Eynulla Fətulla oğlunun adına verilən order mövcud deyildir.
55. İddiaçının nümayəndəsi tərəfindən orderin əslinin növbəti məhkəmə iclasında təqdim olunacağı bildirilsə də, bu məqsədlə təxirə salınmış növbəti iclasda qeyd edilən sənədin təqdim edilməsi ninmümkün olmadığı bildirilmişdir.
56. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
57. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
58. İPM-in 52-ci maddəsinə əsasən, __________
59. Beləliklə, proses iştirakçılar tərəfindən iş materiallarına əlavə olunan sübutlara, iddiaçının təqdim etdiyi sənədlərin ziddiyət təşkil etdiyinə və müvafiq arxiv sənədlər ilə öz təsdiqini tapmadığına əsaslanaraq, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
60. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi üzərində mərhum Mayılov Eynulla Fətulla oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması (arayışın verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova