Məhkəmə qərarları › İş №2-1(118)-2876/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2876/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2876/2025 04.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 15 oktyabr N0-ci il tarixli, 5584 nömrəli arayışından görünür ki, İddiaçı 15 oktyabr N0-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 29 dekabr N0-ci il tarixli, 13467 nömrəli arayışından görünür ki, İddiaçı 15 dekabr N0-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 5 fevral N1-ci il tarixli, 3665 nömrəli arayışından görünür ki, İddiaçı 27 yanvar N1-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir.

4. N nömrəli hərbi hissə komandirinin N aprel N2-ci il tarixli, 105 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N nömrəli hərbi hissənin 4-cü mexanikləşdirilmiş tabor 12-ci mexanikləşdirilmiş bölük 1-ci mexanikləşdirilmiş taqım 2-ci döyüş maşınlar heyətinin mexanik-sürücü, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N aprel N2-ci il tarixli, 026əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N2-ci il üçün nəzərdə tutulmuş 60 gün növbəti məzuniyyətini verilməklə, 7 iyun N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N2-ci ilin yanvariyun aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar olaraq 5 misli miqdarında vəzifə maaşı ödənilmişdir. N2-ci il üçün nəzərdə tutulmuş maddi yardımla təmin olunmuşdur. N2-ci ilin növbəti məzuniyyətindən tam isitifadə etmiş və məzuniyyət pulu ödənilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının 31 mart N2-ci il tarixli, 63/289 nömrəli İddiaçı dair “Həkim-psixiatr komissiyasının rəyi”.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 1 avqust N2-ci il tarixli, 7439 nömrəli məktubundan görünür ki, İddiaçı müayinə olunmuş, “posttravmatik stress pozuntusu, dissosiativ daxilolmalarla F43.1” diaqnozu qoyulmuşdur.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 18 noyabr N2-ci il tarixli, 10920 nömrəli məktubundan görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi (müharibə zamanı alınmış barotravma nəticəsində) dissosiativ pozuntu, tez-tez təkrarlanan cəngolma tutmaları ilə F06.5, posttravmatik stress pozuntu, intihar cəhdləri ilə F43.1 diaqnozu qoyulmuşdur.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 19 aprel N3-cü il tarixli, 5023 nömrəli məktubu ilə göndərilmiş Həkim Psixiatr Komissiyasının 17 aprel N3-cü il tarixli, 334 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi (müharibə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar və tez-tez təkrarlanan qıcolma tutmaları ilə F07.0” diaqnozu qoyulmuşdur.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 30 oktyabr N3-cü il tarixli, 1948 nömrəli məktubu ilə göndərilmiş Həkim Psixiatr Komissiyasının 30 oktyabr N3-cü il tarixli, 2337 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi (müharibə zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, kəkələmə və özünü kəsmələrlə F07.0” diaqnozu qoyulmuşdur.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 1 aprel N4-cü il tarixli, 4154 nömrəli məktubu ilə göndərilmiş Həkim Psixiatr Komissiyasının 1 aprel N4-cü il tarixli, 4211 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə olunmuş, “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, kəkələmə və özünü kəsmələrlə F07.0” diaqnozu qoyulmuşdur.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 4 iyul N4-cü il tarixli, 6677 nömrəli İddiaçı dair “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən diaqnoz “T70.0, H 93.3 Barotravma (N0-ci il 27 sentyabr), sağtərəfli xroniki koxlear nevrit. Sağtərəfli neyrosensorun ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə T90.5. Partlayış travması (N0-ci il 27 sentyabr) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonra vegetativ damar davamsızlığı. F 07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxılolmalar, tez-tez təkrarlanan tutmalar və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə, özünü kəsmələr, kəkələmə S87, S57.0, Y36.2 Sol əlin ovuc səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sol baldırın ön yan səthinin bərkimiş dəri çapığı. Sol saidin ön səthinin kəsilmiş yaralanmasından sonrakı bərkimiş çapığı”, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır, diaqnoz D86.0 Sarkoidoz İİ (ikinci) mərhələ. H 52.2 Hər iki gözün sadə hipermetropik astiqmatizm 1,0D nəticəsində görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. K 00.00 əng və çənə ikincili hissəvi adentiya”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə qoyulmuşdur.

12. Silahlı Qüvvələrin Baş X3 bölməsinin 4489 nömrəli İddiaçı dair “Çıxarış epikrizi”.

13. N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli İddiaçı dair akt.

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 28 fevral N2-ci il tarixli İddiaçı dair “Xəstəlik haqqında şəhadətnamə”.

15. Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinikanın 2 avqust N2-ci il tarixli İddiaçı dair arayış.

16. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 5 noyabr N2-ci il tarixli İddiaçı dair “Xəstəlik haqqında şəhadətnamə”.

17. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N fevral N4-cü il tarixli, 535 nömrəli İddiaçı dair “Travma haqqında arayış”.

18. İstanbul Klinikanın 17 noyabr N0-ci il tarixli İddiaçıa dair “Kranio-cerebral MRT incələməsi”.

19. Respublika Diaqnostika Mərkəzində İddiaçı dair ******* nömrəli “Bera müayinəsi”.

20. Abşeron Rayon Mərkəzi Xəstəxanasının 30 iyul N4-cü il tarixli İddiaçı dair “EEG protokolu”.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 085825 nömrəli İddiaçı dair “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış.

22. Müdafiə Nazirliyinin Baş X7 bölməsinin 6428 nömrəli İddiaçı dair “Çıxarış epikrizi”.

23. Silahlı Qüvvələrin Baş X4 Şöbəsinin Radiologiya bölməsinin 1 aprel N1-ci il tarixli İddiaçı dair “Kranial KT müayinəsi”.

24. Silahlı Qüvvələrin Baş X5 bölməsinin İddiaçı dair “Çıxarış epikrizi”.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 27 yanvar N3-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarından görünür ki, İddiaçı əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 28 avqust N3-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.

27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 6 sentyabr N4-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.

28. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 8 oktyabr N4-cü il tarixli, 3-17-4/3-3-7164/N4 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N2-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar qəbul edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

29. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

30. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1991-ci il təvəllüdlü iddiaçı 27 sentyabr N0-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Füzuli istiqamətində artilleriya atəşi və odlu silah nəticəsində “partlayış travması” qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətini almışdır. 25 aprel 2003-cü il tarixdə həkim məsləhət komissiyasına təqdim olunmuşdur. “Üzvi (müharibə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, teztez təkrarlan qıcolma tutmaları və özünü kəsmələrlə” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin psixiatr komissiyasının 4211 saylı, 1 aprel N4-cü il tarixli rəyi ilə “Üzvi (müharibə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, teztez təkrarlan qıcolma tutmaları və özünü kəsmələrlə” kəkələmə ilə F07.0 verilmişdir. Ambulator kitabçadan çıxarışla xəstəliyi təsdiq olunmuşdur. 28 fevral N2-ci il tarixli, 2643 saylı xəstəlik haqqında şəhadətnamə ilə 5 noyabr N2-ci il tarixdə 13159 saylı xəstəlik haqqında şəhadətnamə verilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə diaqnoz: mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posstravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posstravmatik sindrom, dissosiativ daxilolmalarla. Barotravma (27 sentyabr N0-ci il), sağtərəfli xroniki koxlear nevrit. Sağtərfli davamlı neyrosensor ağıreşitmə. Pıçıltı nitqini sağ qulaqda 4 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə. Partlayış travması (27 oktyabr N0-ci il). Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı veqetativ dinar damar davamsızlığı. Sol əlin ovuc səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” diaqnoz Sorkoidoz İİ (ikinci) mərhələ. Hər iki gözün sadə hipermetropik astiqmatizmi, 1, 0D, nəticəsində, görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. 36, 37-ci dişlərin olmaması” müəyyən olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1358 nömrəli arayışı ilə xəstəliyin hərbi xidmət dövrü alınması və xəstəliklər cədvəlinin 48 maddəsinin 3 qrafasında hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. Xəstəliyi barədə bütün sənədləri və şəhadətnamələri vardır. Bu xəstəlik və diaqnozuna baxmayaraq, cavabdeh orqan 27 avqust N4-cü il tarixli göndəriş əsasında diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən əlillik təyinatından imtina cavabı verilmişdir. Belə bir imtina qərarı telefonuna göndərilmişdir. Hesab edir ki, bu imtina qanuni hesab edilə bilməz. Ona görə ki, cavabdehin dəlilləri əsaslı deyildir. İddiaçı barəsində cavabdeh orqan tərəfindən düzgün müayinələr üzrə əsassız qərarlar qəbul edilmişdir. Konstitusiyada nəzərdə tutulmuş sosial müdafiə və pensiya almaq hüquqları pozulur.

31. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında” Əsasnamənin 3.1.2-ci bəndinə, prosessual hüquqi əsası kimi İPM-in 2.2.2, 33-cü maddələrinə istinad olunmuşdur.

32. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

33. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin 6 sentyabr N4-cü il və 8 oktyabr N4-cü il tarixli qərarlarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 4 sentyabr N5-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

34. Məhkəmənin 7 mart N5-ci il tarixli, 2-1(118)-2876/N5 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin ekspertlərinə tapşırılmışdır.

35. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

36. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

37. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər sakini xx xxxxxxxx 1991-ci il təvəllüdlü iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində 28 avqust N3-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 4 iyul N4-cü il tarixli, 6677 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Barotravma (27 sentyabr N0-ci il), sağtərəfli xroniki koxlearnevrit. Sağtərəfli nevrosensor ağıresitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə. Partlayış travması (27 sentyabr N0-ci il) keçirilmiş qapalı kəlləbeyin travması. Baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan tutmalar və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə, özünü kəsmələr, kəkələmə ilə. Sol əlin ovuc səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sol baldırın ön yan səthinin bərkimiş dəri çapığı. Sol saidin ön səthinin kəsilmiş yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Sarkoidoz İİ (ikinci) mərhələ. Hər iki gözün sadə hipermetropik astiqmatizmi 1,0D nəticəsində görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Əngdə və çənədə ikincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 23 yanvar N4-cü il – 31 yanvar N4-cü il tarixli, 11860496 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 publik hüquqi şəxsin N fevral N4-cü il – 9 mart N4-cü il tarixli, 1746/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş-beynin üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) xəstəliyi nəticəsində yaranan kəskin ifadə olunan şəxsiyyət pozuntuları ilə tez-tez təkrarlanan qıcolma tutmaları. Təkrarlanan davamlı dekompensasiyalarla və özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının 1 aprel N4-cü il tarixli, 4211 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələr, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 1 aprel N4-cü il – 7 may N4-cü il tarixli, 4961/24 nömrəli xəstəlik tarixdən çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələr, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 23 iyun N4-cü il – 1 iyul N4-cü il tarixli, 12721669 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, əsəbilik, yuxusuzluqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilməmiş, ağrıya, “epilepsiyaya” qarşı dərman içdiyini söyləmişdir.Zahirən görünüşü səliqəli izlənilmişdir. Müayinə zamanı nümayişkar davranışlar sərgiləmiş, yaşamaq istəmədiyini, ona görə də özünü kəsdiyini söyləmiş, qollarındakı səthi kəsikləri nümayiş etdirmişdir. Kəsikləri həyati əhəmiyyətli deyil, səthi olmuşdur. Spesifik suallara cavab verməkdən yayınmış, təhdidkar davranmış, intiharlardan danışmışdır. Müayinənin gedişatında dəhlizdə olarkən kənar müşahidə zamanı izlənməyən üz, əl-qol tikləri nümayiş etdirmişdir. Ailəli, 3 övladının olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N2-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

38. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N2-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

39. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

40. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin cavabdeh orqan tərəfindən iki dəfə əsassız və qanunsuz qərarın qəbul edilməsini, ən sonuncu qərardan sonra iddiaçının məhkəməyə müraciət etdiyini qeyd etmişdir.

41. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

42. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

43. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

44. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

45. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

46. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

47. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

48. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin N2-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N2-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (N2-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

51. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

52. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr N4-cü il tarixli, 2-1(102)-2585/N4 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

54. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyul N5-ci il tarixli, 2-1(102)-1289/N5 saylı qərarında qeyd olunmuşdur ki, formalaşmış məhkəmə təcrübəsinə görə əlilliyin təyinat tarixi əlilliyin təyin edilməsindən TSEK tərəfindən verilən sonuncu imtina qərarının tarixindən götürülür.

56. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında TSEK tərəfindən verilən sonuncu imtina qərarının tarixi 6 sentyabr N4-cü il qeyd edilmişdir.

57. İstər məhkəmənin sərəncamına münasibətdə təqdim olunmuş etirazda, istərsə də məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatında iddia tələbinin məzmunu və mümkünlük şərtləri mübahisələndirilməmişdir. Bundan əlavə, İPM-in 13-cü maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı ilə iddia tələbinin məzmunu müzakirə edilmiş, tələbin hazırkı formada tərtib edilməsi məqsədəuyğun hesab edilmişdir.

58. İddia tələbinin əsaslarına görə, iddiaçı 27 sentyabr N0-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Füzuli istiqamətində artilleriya atəşi və odlu silah nəticəsində “partlayış travması” qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətini almış, müvafiq xəstəxanaların rəylərinə əsasən “Üzvi (müharibə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, teztez təkrarlan qıcolma tutmaları və özünü kəsmələrlə kəkələmə ilə F07.0” diaqnozu öz təsdiqini tapmışdır. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.

59. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamış, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N2-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

60. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, nəticədə “T70.0, H 93.3 Barotravma (N0-ci il 27 sentyabr), sağtərəfli xroniki koxlear nevrit. Sağtərəfli neyrosensorun ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə T90.5. Partlayış travması (N0ci il 27 sentyabr) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonra vegetativ damar davamsızlığı. F 07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxılolmalar, tez-tez təkrarlanan tutmalar və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə, özünü kəsmələr, kəkələmə S87, S57.0, Y36.2 Sol əlin ovuc səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sol baldırın ön yan səthinin bərkimiş dəri çapığı. Sol saidin ön səthinin kəsilmiş yaralanmasından sonrakı bərkimiş çapığı”, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır, diaqnoz D86.0 Sarkoidoz İİ (ikinci) mərhələ. H 52.2 Hər iki gözün sadə hipermetropik astiqmatizm 1,0D nəticəsində görmə itiliyinin solda 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. K 00.00 əng və çənə ikincili hissəvi adentiya”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə diaqnoz qoyulmuşdur.

61. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş Həkim Psixiatr Komissiyasının rəylərindən iddiaçıda “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, kəkələmə və özünü kəsmələrlə F07.0” diaqnozu qoyulmuşdur.

62. Məhkəmə qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizası nəticəsində təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 19 iyun N5-ci il tarixli, 1962 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, iddiaçıda hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi ilə, anamnezində qicolma tutmaları ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 “Üzvi (mühahbə zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar, tez-tez təkrarlan qıcolma tutmalan və özünü kəsmələrlə” kəkələmə ilə F07.0” diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar, tez-tez təkrarlanan qıcolma tutmaları və dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, özünü kəsmələrlə kəkələmə ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.

63. Beləliklə inzibati iş materiallarının və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən iddiaçıda hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və koqnitiv funksiyaların enməsi ilə, anamnezində qıcolma tutmalan ilə” (F07.0) aşkar edilmişdir.

64. “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N2-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

65. Göründüyü kimi, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.

66. Beləliklə, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.

67. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

68. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 6 sentyabr N4-cü il və 8 oktyabr N4-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı 6 sentyabr N4-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80% əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar