Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2878/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı protokolu ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı protokolu əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüquqularının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı protokolu ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün iddiaçıya 600 kv m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək təqdim edilmişdir. Bu torpaq sahəsində onun tərəfindən yaşayış evi tikilmiş, artıq 19 ildir ki, bu sahə onun faktiki istifadəsindədir. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına aldırmaq məqsədilə cavabdeh idarəyə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iddiaçı idida tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək idianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin yerləşdiyi yer ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunan sxematik plana uyğun deyil. Qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi bələdiyyə tərəfindən xx.xx.2004-cü il tarixli 124 saylı qərarla ayrılsa da, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”n müddəalarına zidd olaraq torpaq sahəsinin alqısatqısına dair akt tərtib edilməmiş, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi və torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayır, həmin ərazidə ayrılmış torpaq sahələri diaqonal formada ayrılmışdır. İddiaçı əvvəldən ona ayrılmış torpaq sahəsində yerləşmiş və ev tikmişdir. İş materiallarında olan: -Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı qərarından görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün İddiaçı 600 kv m torpaq sahəsi ayrılmışdır. -xx.xx.2004-cü il tarixli aktdan görünür ki, İddiaçı ayrılmış 600 kv metr torpaq sahəsi ona təhvil verilmişdir. -DTXK-nin Sumqayıt şəhəri Şöbəsinin xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, idarə İddiaçı 600 kv m torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmir. - DTXK-nin Sumqayıt şəhəri Şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planından görünür ki, həmin sənəd İddiaçıa ayrılmış 600 kv m torpaq sahəsi barəsindədir. -xx.xx.2004-cü il inşaat pasportundan görünür ki,həmin sənəd İddiaçıa ayrılmış 600 kv m torpaq sahəsi barəsindədir - - xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv m torpaq sahəsinə baxış keçirilmişdir. Texniki invertarlaşdırma işləri aparılmışdır. Torpaq sahəsi ümüumi hasara alınmış 0.06 ha hasar daxilində yerləşir. Torpaq sahəsində tikili altı sahəsi cəmi 150 kv m olan 1 ədəd 2 mərtəbəli fərdi yaşyış evi və tikintialtı sahəsi cəmi 51.2 kv m olan həyət tikililəri mövcuddur, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Topraqdan təyinatı üzrə istifadə edilir. Məhkəmənin sorğusuna əsasən Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi torpaq sahəsinə baxış zamanı tərtib olunmuş müayinə aktının surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər X4 xx.xx.2004-cü il tarixli 124 nömrəli protokolundan İddiaçı adına torpaq sahəsi ayrılması barədə arxiv sənədlərinin kserosurətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, torpaqların alqı-satqısına dair aktın mövcud olması artıq torpaq sahəsinin satıldığını təsdiq edir. Torpağın dəyərinin ödənilməsini təsdiq edən qəbzin əlavə edilməməsi (iddiaçı tərəfindən tapılmaması) torpaq sahəsini satıldığını təkzib etmir. Məhkəmə cavabdehin torpaq sahəsinin sxemə uyğun yerləşməməsinə dair dəlilinı münasibətdə qeyd edir ki, həmin hal cavabdeh idarnin əməkdaşları tərəfindən tərtib edilmiş müayinə aktında öz əksini tapmamışdır və cavabdeh bu halı təsdiq edən hə hansı sübutu məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı protokolu ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv m torpaq sahəsi üzərində iddiaçşı İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2878/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2878/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver