Məhkəmə qərarları › İş №2-1(118)-288/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-288/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-288/2020 03.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə qarşı “xx xxx 2016-cı il tarixdən xx xxx 2019-cu il tarixədək “Müharibə veteranı”na şamil edilən sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibatiməhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı üçün sosial müavinətin hesablanaraq iddiaçıya verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli, **********2 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il təvəllüdlü Eyvazov X2 rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılaraq, 1984-cü il tarixindən 1986-cı il tarixinədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. xx xxxxxxxx 1993-cü il tarixdə Zəngilan rayon Hərbi Komissarlığından orduya çağırılaraq, N nömrəli hərbi hissə komandirinin xx xxxxxxxx 1993-cü il tarixli 244 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək siravi hərbi rütbəsi verilməklə rabitə bölüyündə sürücü vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyi ilə heç bir müqaviləsi olmamışdır, siravi kimi könüllü olaraq döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının imtina cavabında hərbi xidmətdən təxris olunmağı barədə məlumat olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə “Müharibə Veteranı” statusu və vəsiqəsi almaqdan ötrü müraciət etməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək mənfi cavablar vermişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər İnzibati-İqtisadi Məhkəməsi iş üzrə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, iddia tələbini 2-1(085)-123/2019 saylı xx.xx.2019-cu il tarixli məhkəmə qərarı ilə təmin etmişdir. İddiaçı qeyd etmişdir ki, ona “Müharibə Veteranı” statusu və vəsiqəsi verilməsi inzibati orqan tərəfindən, yəni Müdafiə Nazirliyi aparatı nəzdində yerləşən “Müharibə Veteranı” statusu və vəsiqəsi verilməsi komissiyası iddiaçının “Müharibə Veteranı” statusu və vəsiqəsinin Qanunvericiliyə uyğun olaraq 2019-cu ilədək maneçilik törətmişdir. Bir sözlə iddiaçı “Müharibə Veteranı” statusunu və vəsiqəsini almaqdan ötrü qanuna müvafiq qaydada məhkəmə yolu ilə həll etmişdir. Belə ki, “Müharibə Veteranı” statusu haqqında qanunun birinci maddəsinə uyğun olaraq Sumqayıt şəhər İnzibati-İqtisadi Məhkəməsi 2- 1(085)- 123/2019 saylı xx.xx.2019-cu il tarixli məhkəmə qərarı çıxarmışdır və sözügedən qərar qanuni qüvvəyə minmişdir. Yalnız iddiaçı bundan sonra xx xxx 2019-cu il tarixində “Müharibə Veteranı” statusu və vəsiqəsi almışdır. SHXÇDX-nin Zəngilan rayon bölməsinə müraciət etmiş və 085716 saylı “Müharibə Veteranı” vəsiqəsinin əsasında arayış almışdır. O, həmin arayışı ƏƏSMNnin yanında DSMF-nun Zəngilan rayon şöbəsinə təqdim etmiş, onlar isə vəsiqənin verildiyi gündən, yəni xx xxx 2019-cu il tarixdən veteranlar üçün nəzərdə tutulmuş müavinətin ödənəcəyini bildirmişdirlər. Bu haqda iddiaçıya xx xxxxxxxx 2019-cu il tarixli, arayışla rəsmi cavab verilmişdir və qeyd etmişdirlər ki, iddiaçıya veteran kimi müavinət xx.xx.2019-cu il tarixdən hesablanaraq ödəniləcəkdir. İddiaçı isə hesab edir ki, Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müharibə veteranlarının sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, Sumqayıt şəhər İnzibati-İqtisadi Məhkəməsi 2-1 (085)-123/2019 saylı xx.xx.2019-cu il tarixli çıxardığı Məhkəmə Qərarına hüquqi qiymət verərək Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Fərmanına əsasən yığılıb qalmış Müharibə Veteranı üçün müavinət bu günə qədər hesablanaraq DSMF-nun Zəngilan rayon şöbəsinin hesabından tutularaq onun hesabına köçürülməlidir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Qarabağ Müharibəsində ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək döyüşən bütün Müharibə Veteranlarının haqlarını tapdalamayaraq onların hər birinə məxsus olan veteran təqaüdünü 2007-ci il tarixdən yığılıb qalan müavinətləri veteranların öz hesabına köçürülsün. Bu qəbildən olan şəxslərə mənəvi zərbə vuraraq süründürməsinlər. İddiaçı çox əziyyətlərlə bütün məhkəmələrə müraciət etdi, məhkəmə qərarları onun xeyrinə çıxarıldı ki, 2007-ci il tarixdən yığılıb qalan müavinət iddiaçının hesabına ödənilsin, lakin ƏƏSMN-nin yanında DSMF-nun Zəngilan rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli arayışında imtina edərək vəsiqənin alındığı gündən yəni, xx xxx 2019-cu il tarixdən hesablanacağını bildirmişdir, hansı ki, iddiaçı qətiyyətlə onların şərtləri ilə razılaşmır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək son üç il ilə bağlı iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir, həmçinin “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin xx xxxxx 2006-cı il tarixli Fərmanının 2.2-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı qüvvələrin veteranı adlarının verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Ədliyyə Nazirliyinin, Xüsüsi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin səlahiyyətindədir. Ona görə də İddiaçı “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq müharibə veteranı kimi müavinət vəsiqə aldığı gündən, yəni xx.xx.2019 -ci il tarixdən təyin edilərək ödənilir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Qərarın təsviri hissəsində qeyd edildiyi kimi iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində iştirakına görə, müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və əvvəlki dövrlərlə bağlı ödəniş edilməsindən imtina edir. İş materiallarından aydın olur ki, iddiaçıya 2019-cu ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alma səbəbi 2019-cu il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2019-cu ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütüövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Bu hal isə iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.5-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxx 2016-cı il tarixdən xx xxx 2019-cu il tarixədək “Müharibə veteranı”na şamil edilən sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar