Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-288/2022 14.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, 3-cü şəxs olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyinə qarşı “Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok ünvanında aparılan qanunsuz yenidənqurma işlərinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyinə qarşı “Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok ünvanında aparılan qanunsuz yenidənqurma işlərinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok, mənzil 11 ünvanında yaşayır. Lakin, son vaxtlarda qonşuların qanunsuz hərəkətlərinə göz yuma bilmir. Belə ki, onlar mənzillərində qeyri-qanuni dekonstruktiv dəyişikliklər aparırlar. Mübahisəli bina Cənab Prezidentin və Mehriban xanımın göstərişi ilə uşaq evlərindən məzun olan və yaşayış yeri olmayan şəxslər üçün tikilib istifadəyə verilmişdir. Belə olan halda dövlət tərəfindən tikilib istifadəyə verilmiş binalar və mənzillərdə heçkim qeyri-qanuni formada əsaslı dəyişiklik apara bilməz. Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok ünvanında yaşayan şəxslər binaya bərpaolunmaz dərəcədə ziyan vurur, onun təməl divarlarını zədələyir. Bu iddiaçını bir sakin kimi narahat edir. Habelə görülən işlər nəticəsində iddiaçının da mənzilinə ziyan dəyir. Qonşuların hərəkətlərindən dəfələrlə - 19.01.2021, 06.04.2021, 16.03.2021-ci il tarixlərdə ƏƏSMN-ə müraciət edilmiş lakin, məktublar cavabsız qalmış, heç bir rəsmi cavab gəlməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan vəsatət ilə müraciət edərək bildirmişdir ki, iddiaçı qonşularının mənzillərində qeyri-qanuni dəyişikliklər aparıldığını, həmin dəyişikliklər nəticəsində onun yaşadığı mənzilə ziyan vurulduğunu iddia edir. Hesab edilir ki, iddia mümkünsüz hesab olumalıdır. İş üzrə cavabdeh kimi göstərilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan iddia tələbinə cavab verməli orqan deyildir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Ona görə də iddia tələbi mümkün sayılmaması barədə qərardad qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X4 eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxımasını xahiş etmişdir. Məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 məhkəmədə izahat verərək, bildirmişdir ki, qeyd olunan yaşayış binaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında deyil və təmsil etdiyi qurum yalnız məzunlar üçün "xxxx" Sosial Müəssisəsinə qeydiyyata alınırlar. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, mövcud mübahisənin düzgün həllini araşdırmaq məqsədilə, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş və məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin balanssaxlayıcısında olan məlumatlara görə dövlət əmlakının Registrində qeydə alınmışdır. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavabında Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina yaşayış binası Abşeron Rayon İcra Hakimiyyətinin balansında olmamasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan yaşayış binasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inşa etməsinə baxmayaraq, həmin yaşayış binası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balanssaxlayıcısında olan məlumatlara görə dövlət əmlakının Registrində qeydə alınmışdır. Hal-hazırda müvafiq yaşayış binası, Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olduğundan hazırkı, iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (və ya nazirlik tabeliyində hər hansı bir qurum) iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir. Həmçinin, o da nəzərə alınmalıdır ki, əmlakın başqa qurumun balansına verilməsi anından həmin əmlak ilə əlaqədar gələcəkdə yarana biləcək risklər əmlakı balansına qəbul etmiş quruma keçir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyinə qarşı “Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, 3-cü bina, 1-ci blok ünvanında aparılan qanunsuz yenidənqurma işlərinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-288/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-288/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver