Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2882/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “iddiaçının pensiyasının 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üçün yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçının pensiyasının 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üçün yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək, inzibati iş üzrə cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Qubadlı rayon Xocahan kəndində anadan olmuşdur. Bakı Kitabxanaçılıq Texnikomunun “kitabxana işi” ixtisasını bitirmişdir və xx.xx.1978-ci ildən Qubadlı rayon Xocahan kənd orta məktəbinə kitabxanaçı vəzifəsinə işə qəbul olunmuşdur və hal-hazırda da eyni məktəbdə eyni vəzifədə işləyir. xx.xx.2008-ci ildən üç uşaq anası kimi pensiya alır. “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinə görə, 2017-ci ilin iyul ayının 1-ə dək təyin edimiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilənədək əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Qanunvericiliyə edilmiş bu dəyişiklik onun pensiyasının təxminən 70 manat məbləğində artmasına səbəb olmuşdur. Lakin cavabdeh orqan onun pensiyasını yenidən hesablamamış və o, qanuna edilən dəyişiklikdən gec xəbər tutduğu üçün cavabdeh inzibati orqana müraciət etmiş və 2021-ci ilin yanvarından onun pensiyası yenidən hesablanmışdır. Lakin onun 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində pensiyasına artımlar hesablanıb ona ödənilməmişdir. Bununla bağlı tərəfindən cavabdeh inzibati orqana yazılı müraciət edilsə də, xx.xx.2022-ci il tarixdə ona sms vasitəsilə məlumat verilmişdir ki, guya onun pensiyası düzgün hesablanıb və əlavə hesablamaya ehtiyac yoxdur. Hesab edir ki, sms-lə ona göndərilmiş imtina tamamilə qanunsuz və əsassızdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir; Belə ki, İddiaçı çoxuşaqlı ana kimi hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə pensiyanın yenidən hesablanması üçün müraciət etmiş, xx.xx.2022-ci il tarixdən onun pensiyanın məbləği artırılaraq 260.9 manat məbləğindən 371.93 manata çatdırılmışdır. Daha sonra həmin məbləğ ölkə üzrə illik indeksləşdirilmə faizi ilə indeksləşdirilərək 388.24 manata çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən müraciət edərək pensiyanın yenidən hesablanması üçün müraciət etmiş, onun bu müraciətinə baxılmış və pensiyanın məbəğinin dəyişməməsi barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixindən yenidən hesablanır. Qeyd olunan maddəyə əsasən vətəndaşın 01.01 2006-cı il tarixədək olan 29 il sığorta stajına uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 56.26 manat hesablanmışdır. Sözügedən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşdirilərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2011- 85 (baza hissə)+ (29x1,94)=141,26 xx.xx.2012- 85 (baza hissə)+(56.26+7,9%)=145.7 xx.xx.2013- 85 (baza hissə)+(60.70+1.1%)=146.37 xx.xx.2013- 100 (baza hissə)+61.37 =161.37 xx.xx.2014- 100 (baza hissə)+(61,37+2,4%)=162,84 xx.xx.2015- 100 (baza hissə)+(62,84+1,4%)=163.72 xx.xx.2016- 100 (baza hissə)+(63.72+4,0%)=166.27 xx.xx.2016- 110 (baza hissə)+66,27=176.27 xx.xx.2017- 110 (baza hissə)+(66.27+12,4%)=184,49 xx.xx.2018- 184,49+5.7%=195,01 xx.xx.2019- 195,01+3%=200,86 xx.xx.2020- 200,86+16,6%=234.20 xx.xx.2021- 234.20+11.4%=260,90 xx.xx.2022- (260,90+114,30)+3.4%=387.95 (xx.xx.2011-ci ıl tarixdən xx.xx.2021-ci il tarixədək olan 8781,29 manat kapitalın 2022- ci il tarixinə indeksləşdirilmiş məbləğinin 72 aya nisbəti 114,30 manat təşkil edir). Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Həmin maddəyə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin olunduqdan sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 30 iyun 2022-ci il tarixli cavab məktubundan və xx.xx.2022-ci il tarixli sms-in məzmunundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş **********0 saylı, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə yaşa görə pensiya təyin olunmuş, xx.xx.2022-ci il tarixdə onun pensiyası yenidən hesablanmış və xx.xx.2022-ci il tarixdə olan məbləği 388.24 manat təşkil edir. - Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 11 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının pensiya məbləği xx.xx.2022-ci il tarixdən yenidən hesablanmış, həmin tarixə olan pensiya məbləği 371,93 manat təşkil etmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş məktubda qeyd edilmişdir ki, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 8781,29 manat kapitalın 2022-ci il tarixinə indeksləşdirilmiş məbləğinin 72 aya nisbəti 114,30 manat təşkil edir. xx.xx.2022-ci il tarixə olan pensiya məbləği indeksləşdirilərək (260,90 + 114,30) + 3,4% = 387.95 qaydasında hesablanmışdır. - xx.xx.2022-ci il tarixli “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə 234.20 manat, xx.xx.2021-ci iı tarixdə 287.60 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 260,90 manat ödəniş edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur iddiaçıya 01 dekabr 2008-ci ildən pensiya təyin edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna edilən 01 iyul 2017-ci il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən pensiyanın 1 iyul 2017-ci il tarixdən yenidən hesablanmasını xahiş edir. Cavabdeh hesab edir ki, iddiaçının pensiyasının yenidən hesablanması müraciət etdiyi gündən sonra aparılır və bu səbəbdən qeyd olunan normaya müvafiq olaraq iddiaçının əmək pensiyası onun müraciət etdiyi tarixdən sonra, yəni 01 yanvar 2022-ci il tarixdən yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinin 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır (26.1-ci maddə).Həmin Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasınaəsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunvericilikdə 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 1 iyul 2017-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanun əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının yenidən hesablanması anını pensiya alan şəxsin müraciət etməsi vaxtı ilə şərtləndirməmişdir. Əmək pensiyası alan (əmək pensiyasının yenidən hesablanmasını tələb edən) şəxsin bu hüququ pensiya (pensiyanın yenidən hesablanması) hüququnun yarandığı anla tənzimlənir. İddiaçının da təyin edilən əmək pensiyasının yenidən hesablanması hüququ “Əmək pensiyaları haqqında Qanunda edilən dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixdən yaranmışdır. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş sənədlərdən iddiaçının əmək pensiyasının yenidən hesablanması xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı pensiyasının 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üçün yenidən hesablanması və ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı pensiyasının 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üçün yenidən hesablanması və ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2882/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2882/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver