Məhkəmə qərarları › İş №2-1(118)-2883/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2883/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2883/2022 25.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Xırdalan bələdiyyəsnin xx.xx.2018-ci il tarixli 06/05 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni ərazidə “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən 0,32 ha torpaq sahəsi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi ğöhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Xırdalan Bələdiyyəsnin xx.xx.2018-ci il tarixli, 06/05 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni ərazidə “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən 0,32 ha torpaq sahəsi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yeni ərazidə, “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən 0,32 ha torpaq sahəsi uzun illərdir ki, iddiaçının istifadə və sahibliyindədir. Torpaq sahəsi üzərində mülkıyyət hüququnun qeydiyyata alınması üçün torpaq sahəsinin mülkiyyətçisi olan Xırdalan bələdiyyəsinə müraciət etmiş, torpaq sahəsinin bilavasitə ona satılması barədə qərar verilməsini və alqısatqı müqaviləsinə əsasən istifadəsində olan 0,32 ha torpaq sahəsinin onun adına özgəninkiləşdirməsini xahiş etmişdir. Lakin Xırdalan bələdiyyəsi 02 03.2018-ci il tarixli, 9 saylı məktubla müraciətinin təmin edilməsindən imtina etdiyini bildirmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin bilavasitə ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1(85)-1377/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və göstərilən 0,32 ha torpaq sahəsinin bilavasitə iddiaçıya satılması öhdəliyi Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra bələdiyyə tərəfindən icra edilmiş və bu məqsədlə 06/05 saylı 30 05.2018-ci il tarixli qərar qəbul edilmişdir. xx.xx.2018ci ıl tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsi dəyəri ödənilməklə iddiaçıya satılmışdır. Torpaq sahəsinə dair bələdiyyə və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən möhürlə təsdiq edilmiş yerquruluşu planından çıxarış və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli, 108/1 saylı rəyi iddiaçıya təqdim edilmişdir. İddiaçı torpaq sahəsinin vergisini vaxtı vaxtında bələdiyyəyə ödəmiş və vergi borcu yoxdur. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etsə də, **********62 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktubu İlə ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə iddiaçının iştirakı olmadan baxılmasını mümnkün hesab etmişdir. Cavabdehin nümayəndəsi E.Dostəliyev iddianı qəbul etmədi və izah etdi ki, aparılan araşdırma zamanı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 30 may 2018-ci il tarixli qərarı ilə 0,32 ha torpaq sahəsinin İddiaçı bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin paylayıcı qaz xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan : - -Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1377/2018 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Yeni ərazidə “Lukoyl” yanacaqdoldurma stansiyasının yanında yerləşən 0.32 ha torpaq sahəsinin bilavasitə İddiaçı satılması öhdəliyinin cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır. - -Abşeron rayon Xırdalan bələdiyyəsinin 30 may 2018-ci il tarixli 06/05 saylı qərarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yeni ərazidə Lukoyl yanacaqdoldurma stansiyasının yanında yerləşən 0.32 ha torpaq sahəsinin bilavasitə İddiaçı satılması qərara alınmışdır. - - xx.xx.2018-ci il tarixli torpaqların alqı-satqısına dair müqavilədən görünür ki, həmin müqavilənin predmetini Abşeron rayon Xırdalan bələdiyyəsinin İddiaçı 0.32 ha torpaq sahəsinin satılması təşkil edir. - - Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.32 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsinin 26 dekabr 2017-ci il tarixli 108/1 saylı rəyindən görünür ki, idarə 0.32 ha torpaq sahəsinin satılmasına etiraz etmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 06.05 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni ərazidə “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən 0,32 ha torpaq sahəsi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 06.05 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni ərazidə “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən 0,32 ha torpaq sahəsi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar