Məhkəmə qərarları › İş №2-1(118)-2893/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2893/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2893/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X4 və X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərini qanunsuz hesab etməklə, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi əmək kitabçasının doldurulma qaydalarına riayət edilməməsi, qaralama olması qeyd edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Hazırda 67 yaşı vardır. 19773-cü ildən əmək fəaliyyətinə başlamış, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 2006-cı ilin yanvar ayının 1-dək ümumi əmək stajı 25 ildən artıqdır və bu barədə qeydlər əmək kitabçasında da göstərilmişdir. İddiaçı müvafiq sənədlərini toplamaqla cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda ona əmək pensiyası təyin etməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X6 Qanunun 7-ci maddəsinə əsasən 2006-cı il yanvar ayının 1-nə kimi əmək stajı 25 il və daha artıq olan şəxslərə əmək pensiyası təyin olunur, guya onun əmək kitabçasında yetərli müddətdə əmək stajı yoxdur və həmin tarixə onun ümumi əmək stajı 23 il 8 ay 4 gündür və bu səbəbdən də ona əmək pensiyası təyin oluna bilməz. Cavabdeh təşkilat iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı ildən xx.xx.1991-ci il tarixə və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi olan dövr üzrə əmək stajını nəzərə almamış və bunu əmək kitabçasının doldurulması qaydasına riayət edilməməsi və həmin tarixlərdə qaralamanın olması ilə əsaslandırmışdır. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, iddiaçı qeyd edilən tarixlərdə müvafiq təşkilatlarda işləmiş və həmin səhifələrdə onun işə qəbulu və işdən çıxarılmağı barədə əmrlərdə tarixlər aydın oxunur və bu da ona dəlalət edir ki, iddiaçı həmin müəssisələrdə işləmiş, bu illər də onun ümumi əmək stajına daxil edilməlidir. «X6» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Cavabdeh inzibati orqan tərəfindən 3-17-1/2-A-33813/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən, iddiaçının təqdim etdiyi hərbi biletinə və əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən 01.11,1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 8 ay 4 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il taixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən və qaralamalar olduğundan) həmin dövrlərin iddiaçının sığorta stajında daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı stajı fərdi uçot məlumatları əsasında nəzərə alınmalıdır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. “X6” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1,1-ci maddəsinə uyqun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.1- ci maddəsinə əsasən Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qərarın 3.5-ci maddəsinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri- dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. Əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri- dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. “X6” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “X6” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına malik olmadığından, həmçinin xx.xx.2006-сı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilib və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclaslarında cavabdehin nümayəndələri X4 və X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədə xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında 65 yaşı tamam olanda yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ASAN Xidmət vasitəsilə müraciət etmişdir. Hər dəfə fərqli imtinalar verilmişdir. Bildirilmişdir ki, Kompressorlar zavodunun arxivini tapa bilmirlər. Şəxsi kartoçkasının surətini təqdim etmişdir. Araşdırılmış və bildirilmişdir ki, 4 ay çatmır. İlkin imtinada 24 il 8 ay iş stajı olduğu bildirilmişdir. İşə düzəlmiş, 4 ay işləmişdir. Yenə imtina edilmişdir. Bu dəfə əmək kitabçasının düzgün doldurulmadığı, qaralama olduğu bildirilmişdir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Cavabdeh inzibati orqan tərəfindən 3-17-1/2-A-33813/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən, iddiaçının təqdim etdiyi hərbi biletin və əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 8 ay 4 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il taixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən və qaralamalar olduğundan) həmin dövrlərin iddiaçının sığorta stajında daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının işlədiyi son 4 ayın nəzərə alındığını, lakin əmək kitabçasının düzgün doldurulmadığını, 1990-1991-ci illərdə işləməsi ilə bağlı düzəliş olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Belə ki, X6 Qanuna əsasən: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur M a d d ə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun şərtlərindən göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər 65 yaşına çatmalı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin hallarından görünür ki, iddiaçının qanunla tələb olunan 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Lakin həmin tarixdə iddiaçının qanunla tələb olunan 25 il sosial sığorta stajı olmamışdır. Hazırda mübahisə olunan dövrlərlə birlikdə 24 il 4 ay stajı olmuşdur. Bundan sonra iddiaçı əlavə olaraq 4 ay işləmişdir. Belə ki, iddiaçının mübahisə olunan dövrləri çıxmaqla 23 il 8 ay 4 gün, əlavə olaraq işlədiyi 4 ay, ümumilikdə 24 il 4 gün iş stajı cavabdeh orqan tərəfindən nəzərə alınır. Nəzərə alınmayan dövrlər iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək (6 ay 2 gün) və xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il ( 9 ay 23 gün) tarixədək (cəmi 1 il 3 ay 25 gün) olan dövrlərdir. Cavabdeh həmin dövrlərin nəzərə alınmasından imtinaya əsas kimi əmək kitabçasının doldurulma qaydalarına riayət edilməməsi və qaralamalar olmasını qeyd edir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əmək kitabçasının əsli məhkəməyə təqdim edilmişdir. Əmək kitabçasından görünür ki, mübahisə olunan dövrlərin qeydiyyatı ardıcıl olaraq aparılmışdır. Qaralamalar olsa da, həmin sətirdəqeydiyyatı aparılan bu tarixlər mübahisəli dövrlərin müvafiq əmrlərin tarixi ilə eynilik təşkil etdiyi aşkar görünür. 1991-ci il tarixdən sonrakı dövrlər isə cavabdeh tərəfindən mübahisələndirilmir. Qeyd edilənlər əmək kitabçasının və orada aparılan qeydiyyatların mötəbərliyinə şübhə yaratmır. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə iddiaçı pensiya yaşına çatdığına və 25 ildən artıq sığorta stajı olduğuna görə məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. X6 Qanuna 32.1-1 maddəsinə əsasən “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi (pensiya təyin edilərkən X6 Qanuna 32.1-1 maddəsinə əsasən hesablama aparılmalı, ödənilmiş müavinətlər müvafiq olaraq çıxılmalıdır) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar