Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2896/2023 12.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş **********5 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında azaldılmış qulluq illərinə görə əlavənin bərpa edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yenidən hesablanma barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və cavabdeh tərəfindən qəbul edilmiş qərar əsasında azaldılmış qulluq illərinə görə əlavənin bərpa edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs kimi ona pensiya təyin edildikdən sonra işləməyə davam edərək 6 ildən çox çalışmışdır. Onun hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edilərək onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması xahiş edilmişdir. Lakin iddiaçının müraciəti cavab məktubundan görünür ki, təmin edilmiş, ancaq hesablanma səhv aparılmışdır. Belə ki, iddiaçı aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyanın məbləğinin artırılmasına nail olmaq idi. Lakin Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı qəbul edilmiş, həmin Qərarla hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun müvafiq müddəaları şərh edilmişdir. Nəticədə hazırda qüvvədə olan qanunvericiliyə görə pensiyanın məbləği sığorta kapitalı əsasında artmayacaq, pensiyanın məbləği sabit qalacaq. Eyni zamanda həmin qərarla təsdiq edilmişdir ki, iddiaçıya "Əmək pensiyaları haqqında" Qanunun 29.2, 37.3.1, 45-ci maddələri şamil olunur. "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən, həmin maddə yalnız “xx.xx.2017-ci ildən etibarən pensiyaya çıxmış şəxslərə” tətbiq olunur. İddiaçı isə xx.xx.2017-ci ildən öncə pensiyaya çıxmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 12 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş **********5 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında azaldılmış qulluq illərinə görə əlavənin bərpa edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi prosessual müddətin ötürülməsinə dair ərizə təqdim edərək iddianın qeyri-mümkün sayılmasını məhkəmədən xahiş etdi. Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1 -ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin xx.xx.2022-ci il tarixli ********** nömrəli qərarının ləğvini məhkəmədən xahiş edir. İş materiallardan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı iddiaçı tərəfindən yalnız 1 il sonra, yəni 2023-cü ildə mübahisələndirilmişdir. Bununla da mübahisələndirilən həmin qərardan iddiaçının 2022-ci il may ayında məlumatlı olduğu iş üzrə materiallarla təsdiq olunur. Belə ki, eyni tərəflər arasında eyni mübahisə ilə bağlı olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-451/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı yazılı etirazda müvafiq qərarın mövcudluğu barədə məlumatlı olduğu öz əksini tapmışdır. İddiaçı qeyd edilən qətnamə qüvvəsini almadan iddiadan imtina etmiş və xx.xx.2022-ci il tarixdə iş üzrə icraata xitam verilsə də, daha sonra mahiyyəti üzrə eyni tələblə yenidən bir neçə dəfə məhkəməyə müraciət etmiş və daha sonra iddia ərizəsini geri götürmüşdür. Belə ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixli ********** nömrəli qərarını mübahisələndirmək üçün müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 1.3-cü bəndində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda qeyd edilən qərarın 9-cu bəndində isə birbaşa göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd olunanlardan da göründüyü kimi, İddiaçı iddia tələbi iddianın mümkünlüyü şərtlərinə cavab vermir. İddiaçı iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təqdim edərək müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi daha sonra iddiaya yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçıya 12 noyabr 2005-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 589,22 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi - 243.30 manat: -qulluq stajına görə əmək pensiyanıza əlavə - 345,92 manat. İddiaçının Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı 16 fevral 2022-ci il tarixindəki müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14647,21 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə onun əmək pensiyasının sığorta hissəsi 327,00 manat, qulluq stajına görə əmək pensiyasına əlavə isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 262,22 manat müəyyən edilib. Göründüyü kimi, iddiaçının müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunub. Buna görə də sonuncu dəfə işdən azad olunduğu tarixdən yenidən hesablandığı tarixə indeksləşdirilməklə pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X1 mövcud olan məlumatlara əsasən iddiaçı əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab olunmur. İddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda və ya işləyən əmək pensiyaçısı kimi pensiyasına topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixindən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 648,14 manat müəyyən edilib. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək onun pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 743,42 manata artırılmaqla ödənilir. Yuxarıda qeyd olunanlardan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixnədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni, iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2022-ci il tarixinədək toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən “qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər”. Qeyd olunanları, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarını, eləcə də Mərkəzi Filial tərəfindən iddia tələbinin təmin edildiyini nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olanda kollektiv müraciətdən görünür ki, iddiaçı qulluq illərinə görə pensiyasına hesablanan əlavənin bərpa edilməsini cavabdeh orqandan xahiş etmişdir. • Cavabdehin pensiya məbləğinin hesablanması haqqında məktubuna (xx.xx.2023cü il) əsasən iddiaçının müraciəti təmin olunmamışdır. • İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına (X2) əsasən iddiaçıya pensiya təyin olunduqdan sonra onun fərdi şəxsi hesabında torplanmış sosial sığorta kapitalı əsasında, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək həmin qərar qanuni qüvvəyə minmədən iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilmişdir. • İşdə olan əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərara əsasən iddiaçıya yenidən hesablanmış pensiyanın məbləği 589,22 manat olmuşdur (SH=243,30; QƏ=345,92). • Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan iddiaçıya məxsus pensiya işinin surətinə əsasən xx.xx.1965-ci il təvəllüdlü iddiaçıya xx.xx.2022-ci il tarixdən 589,22 manat pensiya yenidən hesablanmışdır. Onun pensiya kapitalı 14647,21 manat (2006-cı ildən sonra) məbləğində olmuşdur. Belə ki, vəzifə maaşı 515,00 manat, rütbə maaşı 127,00 manat, xidmət illərinə görə 160,50 manat, ərzaq payına görə 64,00 manat olmaqla, təminat xərcliyinin cəmi 866,50 manat məbləğində müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı hazırkı iş üzrə mübahisələndirmə haqqında iddia qaldıraraq cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarının ləğvini tələb edir. Cavabdeh orqan isə ilkin olaraq ərizə təqdim edərək prosessual müddətin ötürüldüyünü bildirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisəli qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İddiaçı həmin qərarı əldə etdikdən sonra cavabdeh orqana kollektiv müraciət etmiş və müraciəti təmin edilmədiyi üçün Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiası təmin olunduqdan sonra iddiaçı iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilmişdir. İddiaçının imtina səbəbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarındakı mövqe olmuşdur. Belə ki, həmin qərarda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. İddiaçı sonradan pensiyanın yenidən hesablanması barədə məhkəməyə təkrarən müraciət etdikdə ona sosial qanunvericilikdə dəyişikliyin xx.xx.2023-cü il tarixdən gözlənilməsi bildirilmişdir. Bu səbəbdən iddiaçı iddia tələbini geri götürmüş, daha sonra isə hazırkı tələblə cavabdeh orqana qarşı (əvvəlcə xx.xx.2023-cü il tarixdə inzibati orqana müraciət etməklə) iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı üzrsüz səbəbdən iddia tələbini ötürməmiş, müxtəlif vaxtlarda müvafiq inzibati orqana və inzibati məhkəməyə müraciət etmişdir. Bu səbəblə məhkəmə hesab etmişdir ki, iddiaçının prosessual müddətin bərpası ilə bağlı ərizəsi əsaslı hesab edildiyindən təmin edilməlidir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin sosial təminat hüququ vardır (maddə 38.1.). Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38.3.) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (maddə 1.0.1). Yaşa görə əmək pensiyası iki hissədən ibarətdir (maddə 4.2.): 1) sığorta hissəsindən (4.2.2.) və yığım hissəsindən (4.2.3.). Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir (maddə 21.1.). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 12 noyabr 2005-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra o, hazırkı dövrədək əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığılmışdır ki, həmin pensiya kapitalının məbləği 14647,21 manat məbləğindədir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ona əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini 6 ildən çox müddətə davam etdirdiyindən, sonrakı dövr üzrə pensiya kapitalının toplanması halına istinad edərək, əmək pensiyası haqqında qanunvericiliyin tələbini əsas tutmuş və cavabdeh orqanın **********5 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında azaldılmış qulluq illərinə görə əlavənin bərpa edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının qulluq illərinə əlavənin bərpa edilməsi tələbi təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin xx.xx.2019-cu il tarixədək olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu tarixədək olan redaksiyasına müvafiq olaraq iddiaçının pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalıdır. Sözügedən qanuna əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur (1.0.10.). Əmək pensiyasının sığorta hissəsi – fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir (1.0.12.). Əmək pensiyasının yığım hissəsi – fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir (1.0.13). İşdən göründüyü kimi iddiaçının pensiya hüququ 2017-ci ilin iyul ayının 1-dək (2005ci il tarixdə) yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin yeni redaksiyası xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni deyildir. İddiaçı barəsində qəbul edilmiş **********5 nömrəli qərarda yenidən hesablanmış pensiya məbləği 589,22 manat məbləğində olmuşdur (SH=243,30; QƏ=345,92 manat). Həmin qərarda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır (maddə 45). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici göstərilən maddədə (Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi) pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin öhdəlikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyaçılarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Göründüyü kimi, hazırkı inzibati iş üzrə məhkəmə qeyd olunan maddi hüquq normalarını ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan, işləyən əmək pensiyaçısı olduğundan, pensiya təyin olunduqdan sonrakı dövr üzrə onun pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin, iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən onun xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamalıdır. Mübahisəli qərarda qanunvericiliyin bu norması pozulduğundan həmin qərar ləğv edilməli, həmin qərar əsasında azaldılmış qulluq illərinə görə əlavə bərpa edilməlidir. Həmin qərar əlverişsiz inzibati akt qismində çıxış edərək iddiaçının sosial vəziyyətinin pisləşməsinə xidmət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır. Onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövculuğundan) asılıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli Qanunun 1.12.2-ci bəndinə əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən qəbul edilmiş **********5 nömrəli qərar ləğv edilməli, həmin qərar əsasında azaldılmış qulluq illərinə görə əlavənin bərpa edilməsi öhdəliyi cavabdeh iinzibati orqanın üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş **********5 nömrəli qərar ləğv edilsin və həmin qərar əsasında azaldılmış qulluq illərinə görə əlavənin bərpa edilməsi öhdəliyi cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərin qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev