Məhkəmə qərarları › İş №2-1(118)-2897/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2897/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2897/2023 15.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndələri X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və bir dəfəyə tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 - nömrəli “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” qərarın ümumi müddəaların 1.1 bəndinin (Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir) əsas götürülməsi, xx.xx.1990 - xx.xx.2003-cü illərin əmək fəaliyyətinin və əmək stajının zərərli iş stajı kimi tanınmasının təmin edilməsi, Sumqayıt Aşqarlar ” ASC-də olan şəxsi işində, şəxsi qovluqda olan bütün sənədlər, (əmək kitabçası, əmirləşmə, zərərli iş stajını təsdiq edən arayış, Forma T2 və s) iddianın hərtərəfli araşdırılması üçün məhkəməyə təqdim olunması, xx.xx.1990 xx.xx.1990-cı il tarixlərində - "xxxx" zavodunda çilingər olaraq çalışdığı dövrün də zərərli iş stajına daxil edilməsi, T2 - də qeyd olunan, 1995-1996-cı illər öz hesabına məzuniyyət dövrü yazılmaqla, kütləvi şəkildə əmək müqaviləsinə xitam verilmədən, əmək kitabçası işçiyə qaytarılmadan, məcburi məzuniyyətə göndərilməsi halının araşdırılmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146 və 169- cu maddələrə istinad olunaraq bu dövrün zərərli iş stajına daxil edilməsi, bütün imtina cavablarında qeyd olunan xx.xx.2001-ci il tarixi bütün şəxsi işində araşdırılması, rəsmi imtinalarda qeyd olunan xx.xx.2022-ci il tarixli Akt (hansı ki rəsmi şəkildə müraciət ərizəsində dəfələrlə qeyd etməyinə baxmayaraq bir nüsxəsi ona təqdib olunmayıb) DSMF tərəfindən Məhkəməyə təqdim edilərək şəxsi işə daxil olan bütün mövcud sənədlərin (əmək kitabçası, əmirləşmə, zərərli iş stajını təsdiq edən arayış, Forma T2 və s ) ilə müqayisəli araşdırılmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci il tarixində Lənkəran rayonu, Boladı kəndində anadan olmuşdur. ünvan 1 ünvanında, ümumi sahəsi 42 kv olan mənzildə 4 övlad böyütmüşdür. 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq Sumqayıt batalyonuna qoşulmuşdur. Oğlu: X9 xx.xx.2000-ci ildə anadan olmuş və 17 yaşında uzun sürən xərçəng xəstəliyindən sonra, xx.xx.2017-ci il tarixdə dünyasını dəyişmişdir. Övlad itkisindən sonra əsəb xəstəliyi yaranmışdır. Ömrünün 20 ildən çoxunu "xxxx" zavodunda işləmişdir. Bu müddətin də 10 ildən çoxunu zərərli maddələrdə işləməklə keçirmişdir. O zamanki əmək fəaliyyətinin, əmək şəraitinin yaratdığı fəsadlarıdır ki, bu gün bədənində daimi ağrılar müşühidə olunur. Hal hazırda heç bir yerdə işləyə bilmir. Yoldaşı: X6, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkir. Daimi müalicəyə ehtiyacı var. 3 saylı Sumqayıt şəhər Poliklinikasında şəkər xəstəliyi üzrə qeydiyyatdadır. xx.xx.2017-ci il tarixində 52 yaşda Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına fərqli tarixlər olmaqla, bir neçə dəfə yazılı müraciət etmişdir. Lakin, təəssüflər olsun ki, bütün müraciətlərinə fərqli səbəblər gətirilərək pensiya təyinatından imtina edilmişdir. Aşağıda bütün əmək fəaliyyətini açıq şəkildə tarixləri ilə birlikdə qeyd etmişdir. Yazdığını bütün məlumatlar əlində hüquqi sənədlər var və qaldırdığı iddianı tarixləri ilə təsdiq edir. xx.xx.1981-ci il tarixində 113 nömrəli X14 Məktəbinin “Traktorçu-maşinist” ixtisasına qəbul olmuş və xx.xx.1984-cü il tarixində həmin ixtisası əyani formada bitirmişdir. (Diplom D № 465784). Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli D-297/25 nömrəli arayışı ilə də bu müddət təsdiq olunmuşdur. xx.xx.1984 - xx.xx.1986-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. (Hərbi bilet NZ №-4858030). xx.xx.1987-xx.xx.1990-cı il tarixlərində keçmiş SSRİ Silahlı Qüvvələrində gizir rütbəsində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1990-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində qeydiyyata alınmışdır. Eyni zamanda da Sumqayıt batalyonuna qoşulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2021-ci il 315 nömrəli Arayışı ilə bu müddət təsdiq olunmuşdur. xx.xx.1990 - xx.xx.1990-cı il tarixlərində - "xxxx" zavodunda çilingər olaraq çalışmışdır. (Bu dövr "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona təqdim olunan xx.xx.2020-ci il tarixli 02 nömrəli arayışda zərərli iş dövrü olaraq nəzərə alınmamışdır). xx.xx.1990 - xx.xx.2003- cü il tarixlərində "xxxx" zavodunun иХП-101 sexinin 2nömrəli qurğusunda operator olaraq çalışmışdır. (Bu dövr "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənə təqdim olunan xx.xx.2020-ci il tarixli 02 nömrəli arayışda zərərli iş dövrü olaraq göstərilmişdir). xx.xx.2003 - xx.xx.2010 - cu il tarixlərində "xxxx" zavodunun Mühafizə dəstəsində 8ci dərəcə gözətçi peşəsində çalışmışdır. İqtisadi İnkişaf Nazirliyinin 289 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Sumqayıt Aşqarlar zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2011 - xx-xx.2012-ci il tarixlərində “Azərboru” Açıq Səhmdar Cəmiyyətnin Təhlükəsizlik və Nəzarət Departamentində Mühafizəçi olaraq çalışmışdır. xx.xx.2013 - xx.xx.2020-ci illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xidmətin təşkili şöbəsində Mühafizəçi olaraq çalışmışdır. Yuxarıda qeyd etdiyi bütün məlumatlar Əmək Kitabçasında öz əksini tapmışdır. xx.xx.2017-ci ildə 52 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X2 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İlk dəfə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 52 yaşda 20 ildən çox ümumi iş stajının və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışdığı üçün ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina cavab məktubunda ümumi iş stajının xx.xx.2006-cı il tarixinədək 20 ildən az olduğunu və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki hazırda Əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatı üçün qanunvericiliyə uyğun olaraq ona münasibətdə 59040,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan sığorta kapitalı cəmi 22620,27 təşkil edildiyi qeyd olunmuşdur. Zərərli və ya ağır işlə bağlı isə hər hansısa bir qeyd yazılmamışdır. Bu cavabdan sonra ümumi iş stajımın yanlış hesablandığını və eyni zamanda sığorta kapitalının qanunvericiliyə əsasən tələb olunmasının əsassız olduğunu hesab etmişdir. Belə ki, 52 yaşda və xx.xx.2006-cı ilə qədər olan dövrün iş stajı tələb olunur. Bu o deməkdir ki, onun xx.xx.2006-cı ildən cari müraciət tarixinə olan dövrün iş stajı nəzərə alınmır. İş stajı nəzərə alınmadığı halda sığorta kapitalının tələb olunması nə dərəcədə doğru yanaşmadır? Eləcə də, o dövrdə (xx.xx.2006-ci il) sığorta kapitalı deyildə, sığorta stajı hesablanırdı. 57 və 60 yaşda xüsusi şərtlərlə əmək pensiyası zamanı sığorta kapitalının tələb olunması düzgündür. Ona görə ki, vətəndaşın iş stajı və tələb olunan sığorta kapitalı vətəndaşın müvafiq orqana müraciət etdiyi vaxta qədər (pensiya yaşı tamam olduğu halda) hesablanır. Lakin 52 yaş ilə bağlı əvvəlki qanunvericilikdə ümumiyyətlə sığorta kapitalı anlayışından danışılmır. İddiaçı 2-ci dəfə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 52 yaşda 20 ildən çox ümumi iş stajının və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışdığını üçün ərizə ilə yenidən müraciət etmişdir. 2-ci dəfə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina cavab məktubunda ümumi iş stajınıın xx.xx.2006-cı il tarixinədək 20 ildən az olduğu bildirilir. Birinci cavab məktubundan fərqli olaraq bu dəfəki cavab məktubunda umumi iş stajının açıqlaması verilmişdir. Belə ki xx.xx.2006-ci il tarixinə ümumi iş stajının 16 il 8 gün olduğu qeyd olunmuşdur. Yenə də zərərli və ya ağır işlə bağlı isə hər hansısa bir qeyd yazılmamışdır. 1 -ci cavabdan fərqli olan isə tələb olunan fərdi hesabın sığorta hissəsində qeydə qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin 59040,00 manat deyil 52600,00 manat qeyd etmələri olmuşdur. Eyni zamanda fərdi hesabının sığorta hissəsində olan pensiya kapitalının həcmini 22620,27 manat deyil 24945,50 manat olduğu qeyd olunmuşdur. Yekun olaraq bu cavab məktubunda da ümumi iş stajı və pensiya kapitalın yetərli olmamasını əsas gətirib imtina verilmişdir. 3-cü dəfə yenədə sənədlərlə müraciət edərək ümumi iş stajının və zərərli iş stajının daha dəqiq araşdırılmasını, eyni zamanda 52 yaşda pensiya kapitalının hesablanmasının qanun ilə də düzgün olmadığını, sadəcə ümumi və zərərli iş stajının hesablanması ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 3-cü dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina cavab məktubunda ümumi iş stajı ilə bağlı hansısa bir qeyd yazılmamışdır. Müraciət etdiyi qurumun əməkdaşı şifahi olaraq bildirmişdir ki, əgər ümumi iş stajı ilə bağlı hansisa il staj yazılmayıbsa, deməli müraciəti üçün tələb olunan ümumi iş stajı qane edir, tamamlayır. Lakin bu dəfə imtinaya səbəb, ümumi iş stajının deyil də, zərərli iş stajının tələb olunandan az olması olmuşdur. xx.xx.2006-cı il tarixinə tələb olunan zərərli iş staşının 10 il olduğu halda, iddiaçıya onun zərərli iş stajının 9 il 10 ay 19 gün olması müəyyən edilmişdir. Zərərli iş stajının hesablanması ona məxsus olan (ИТ-1 № 1718074) əmək kitabçasındakı tarixlərlə, qeydlərlə, T2, eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona təqdim olunan xx.xx.2020-ci il tarixli 02 nömrəli arayışdakı tarix və qeydlərlə üst-üstə düşmür. Belə ki, ona məxsus olan (ИТ-İ № 1718074) əmək kitabçasında və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya təqdim olunan xx.xx.2020-ci il tarixli 02 nömrəli arayışda zərərli işlə bağlı olan iş stajı xx.xx.1990-xx.xx.2003-cü illər göstərilmişdir. Lakin cavab məktubunda qeyd olunur ki, Mərkəzi filialın aidiyyatı mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990xx.xx.2001-ci illərdə operator işlədiyi müəyyən olunmuşdur. Daha sonrada yazılmışdır ki, xx.xx.2001-ci il tarixindən gözətçi işlədiyi müəyyən olunmuşdur. O zaman maraqlıdır, iddiaçı xx.xx.2001-xx.xx.2001-ci illərdəki iş stajı hansı vəzifə ilə hesablanmışdır və ya ümumiyyətlə hesablanmışdırmı? xx.xx.2001-ci il tarixi ilə bağlı nə əmək kitabçasında, nə şəxsi vərəqəsində, nə də o zamanki T2 adlandırılan sənəddə hər hansısa bir qeydə rast gəlinməmişdir. Əlavə olaraq 1994-2000-ci il tarixləri üzrə cəmi 1 il 2 ay 18 gün əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu qeyd olunmuşdur. xx.xx.1995xx.xx.1996-cı il tarixlərində "xxxx" zavodunda iş, istehsal prosesi tamamilə dayandırılmışdır. Bütün işçilər, (5-10 işçi və mühafizə istisna olmaqla) əmək kitabçası zavodda saxlanılmaqla, 90%-dən çox işçi əmək müqaviləsinə xitam verilmədən öz hesabına məzuniyyətə göndərilmişdir. Bu məlumatı müəsissədə əlavə araşdırma etməklə, digər işçilərin şəxsi vərəqələrinə baxmaqla, əlavə metodlar tətbiq etməklə də dəqiqləşdirmə apara bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi) 2-ci bəndində qeyd olunur ki, işəgötürənin təqsiri üzündən istehsalın, axm xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi) 1-ci bəndində boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Lakin bu müddətdə heç bir əmək haqqı hesablanıb ödənilmədiyindən, hal hazırda xüsusi şərtlərlə əmək pensiyasına müraciəti zamanı bu dövr onun əmək stajı kimi tanınmır. Hansı ki, əmək müqaviləsinə xitam verilməmiş, əmək kitabçaları geri qaytarılmamış və bu proseslərin ardınca yenidən öz vəzifəsi üzrə işini həmin müəssisədə davam etdirmişdir. Yəni əmək müqaviləsinə və ya əmək kitabçasına hansısa qeydlər aparılmamışdır. Eyni zamanda 2-ci cavabdan fərqli olan isə tələb olunan fərdi hesabın sığorta hissəsində qeyd olunan alınmalı olan pensiya kapitalının aşağı həddinin 52600,00 manat deyil 58320,00 manat qeyd etmələri oldu. Eyni zamanda fərdi hesabının sığorta hissəsində olan pensiya kapitalının həcmini 24945,50 manat deyil 29563,09 manat olduğu qeyd olunmuşdur. Fərdi hesabının sığorta hissəsində olan pensiya kapitalının həcmində baş vermiş məbləğ fərqi də anlaşılan deyil. İddiaçı müraciət ünvanladığı tarixlərdə rəsmi şəkildə əmək müqaviləsi olmadığı halda, iddiaçıya ünvanlanmış imtina məktublarında pensiya kapitalı hər dəfə fərqli hesablanmışdır. Qanunvericiliyə görə fərdi hesabın pensiya kapitalı xx.xx.2006-cı il tarixinə iş stajı ilinə müvafiq olaraq 1 il üçün 308 manat müəyyən olunub yığılmış ümümi pensiya kapitalına əlavə edilir. xx.xx.2006-cı ildən sonra isə pensiya kapitalı fərdi hesabın pensiya kapitalına olan ödəmələrdən formalaşır. 4-cü dəfə xx.xx.2022-ci il tarixində yenədə sənədlərlə müraciət edərək zərərli iş stajının daha dəqiq araşdırılmasını, eyni zamanda 52 yaşda pensiya kapitalının hesablanmasının qanun ilə də düzgün olmadığını, sadəcə ümumi və zərərli iş stajının hesablanması ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 4-cü dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29.04.202-ci il tarixli **********3 nömrəli imtina cavab məktubunda zərərli iş stajının tələb olunandan az olması olunmuşdur. xx.xx.2006-cı il tarixinə tələb olunan zərərli iş staşının 10 il olduğu halda, ona zərərli iş stajının 9 il 10 ay 19 gün olması müəyyən edilmişdir. Əlavə olaraq yenə də şablon olaraq 1994-2000-ci il tarixləri üzrə cəmi 1 il 2 ay 18 gün əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu qeyd olunmuşdur. Hansı ki bu dövrün onun təqsiri olmadığını yuxarıda və öz ərizədə qeyd etdiyi halda yenə də həmin dövrdə müəssisənin yazmış olduğu öz hesabına məzuniyyət dövrü əsas gətirilərək ümumi iş stajından və zərərli iş stajından çıxılmışdır. xx.xx.1995-xx.xx.1996-cı il tarixlərində "xxxx" zavodunda iş, istehsal prosesi tamamilə dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146 və 169-cu maddələrə istinad olunaraq o dövr araşdırılmalı və onun təqsiri olmadığından, o dövr iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı həm ümumi iş stajı, həm də zərərli iş stajı kimi əlavə olunmalıdır. Yenədə təkrar olaraq, qeyd olunur ki, Mərkəzi filialın aidiyyatı mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990xx.xx.2001-ci illərdə operator işlədiyi müəyyən olunmuşdur. Daha sonra da yazılmışdır ki xx.xx.2001-ci il tarixindən gözətçi işlədiyim müəyyən olunub. O zaman maraqlıdır, o xx.xx.2001-xx.xx.2001-ci illərdəki iş stajı hansı vəzifə ilə hesablanmışdır. xx.xx.2001-ci il tarixi ilə bağlı nə onun əmək kitabçasında, nə şəxsi vərəqəsində, nə də o zamanki T2 adlandırılan sənəddə hər hansısa bir qeydə rast gəlinməmişdir. 5-ci dəfə xx.xx.2022-ci ildə yenədə sənədlərlə müraciət edərək zərərli iş stajının daha dəqiq araşdırılmasını, eyni zamanda 52 yaşda pensiya kapitalının hesablanmasının qanun ilə də düzgün olmadığını, sadəcə ümumi və zərərli iş stajının hesablanması ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 5-ci dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2003-cü il tarixli, **********5 nömrəli imtina cavab məktubunda zərərli iş stajının tələb olunandan az olması, lakin neçə il olması və nə qədər il,ay, gün çatışmaması ilə bağlı hər zamanki yazılmış olan qeydlər bu dəfə yazılmamışdır. Ümumi iş stajı və fərdi hesabının pensiya kapitalı ilə bağlıda hər hansı bir qeyd yox idi. Yenə də təkrar olaraq, qeyd olunur ki, Mərkəzi filialın aidiyyatı mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990-xx.xx.2001-ci illərdə operator işlədiyi müəyyən olunmuşdur. Daha sonra da yazılmışdır ki xx.xx.2001-ci il tarixindən gözətçi işlədiyi müəyyən olunmuşdur. O zaman maraqlıdır, xx.xx.2001- xx.xx.2001-ci illərdəki iş stajı hansı vəzifə ilə hesablanıb? Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qəbulunda olmuşdur. Sənədləri ilə tanış olub şikayətini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yönləndirib işini nəzarətə götürmüşdürlər. Tapşırıq verilmişdir ki, 1995-1996-cı illərdə T2- də qeyd olunan öz hesabına məzuniyyət dövrləri yenidən təkrar araşdırılsın. Eyni zamanda 2001 - 2003-cü illər üzrə əmək fəaliyyəti dövrü tarixlər üzrə sənədlər əsasında yenidən, Zavod daxilində, qurumun mütəxəsissləri tərəfindən araşdırılsın. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hüquq şöbəsində qəbulda olmuşdur. Bütün sənədlərlə tanış olub, şifahi formada da olsa, ilkin fikirləri onun qaldırdığı məsələnin mahiyyəti onlar üçün anlayışlı olduğunu, yerində qeyd etdiyi qanunların maddələri üzrə yerində araşdırma edib ərizə ilə rəhbərliyin adına yenidən təkrar müraciət etməyini tövsiyə etmişdirlər. Ümumilikdə 6-cı dəfə xx.xx.2023-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun direktoru X3 52 yaşda 20 ildən çox ümumi iş stajının və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışdığı üçün ərizə ilə yenidən müraciət etmişdir. xx.xx.2023-cü il tarixində 3-17-1/2-Ə-40127/2023 nömrəli imtina məktubunu xx.xx.2023-cü il tarixində təhvil almışdır. Təəssüflər olsun ki, 3 illik müraciətlərini tamamilə əhatə edən 8 səhifəlik ərizənin heç bir sətrini də oxumamışdırlar. Əlavə heç bir araşdırma aparılmamışdır. Əvvəlki müraciətlərinin imtina cavablarını kopyalayıb, qeyri-ciddi, qeyripeşəkar olaraq yeni cavabmış kimi ünvanına göndərmişdirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə də telefon əlaqəsi yaratmışdır. Təsdiq edilmişdir ki, sonuncu müraciəti ilə bağlı, yerində heç bir təkrar araşdırma müəssisə daxilində qurum əməkdaşları tərəfindən aparılmamış, ümumiyyətlə bununla bağlı nə yazılı, nə də şifahi heç bir müraciət olmamışdır. Sonuncu 6-cı müraciətində bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində yerində “şəxsi arxiv sənədlərində” yerində tanış olub araşdırma aparılsın. İmtina səbəbi kimi qeyd olunan “öz hesabına məzuniyyət dövrü” və 2001-2003-cü illərdə T2-də və əmək kitabçasında xx.xx.1990-xx.xx.2001-ci illərdə operator işlədiyi müəyyən olunmuşdur. Daha sonrada yazılmışdır ki, xx.xx.2001-ci il tarixindən gözətçi işlədiyi müəyyən olunmuşdur. O zaman maraqlıdır, iddiaçı xx.xx.2001-xx.xx.2001-ci illərdəki iş stajı hansı vəzifə ilə hesablanmışdır. xx.xx.2001-ci il tarixi ilə bağlı nə onun əmək kitabçasında, nə şəxsi vərəqəsində, nə də o zamanki T2 adlandırılan sənəddə hər hansısa bir qeydə rast gəlinməmişdir. Düşünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı bu 6 müraciəti və rəsmi 6 imtina cavabları ətraflı şəkildə tərəfindən izah olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və bir dəfəyə tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının nəzarətçi keçirilməsi ilə bağlı T2 Əmr olmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinə də müraciət edilmişdir. 196-cı sırada nəzarətçi yox, operator olaraq qeyd edilmişdir. Vəzifə uyğunluğu əmək kitabçası ilə müəyyən edilir. Güzəştli arayış iş materiallarında var. İddiaçı 1990-2003-cü ilə qədər Sumqayıt Aşqarlar ASC-də işləmişdir. 2001-2003-cü illəri cavabdeh nəzərə almamışdır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan İşlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq İcra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 06 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il İyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən, 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Eyni zamanda bildirlər ki, Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X2 haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan İş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Bildirirlər ki, S.X7 təqdim etdiyi "xxxx" ASC-nin 19 iyun 2020-ci il tarixli 02 nömrəli arayışında xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin UXfl-101 sexinin 2 nömrəli qurğusunda operator işlədiyi qeyd olunmuşdur. İddiaçı xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində UXD-101 sexinin 2 nömrəli qurğusunda operator, xx.xx.2001-ci il tarixdən isə mühafizə dəstəsinə gözətçi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Eyni zamanda sözügedən müəssisədə saxlanılan ona dair sənədlərdə 1994-2000-ci il tarixləri üzrə cəmi 01 il 02 ay 18 gün əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli birgə akt ilə təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21,2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan işləmədiyi dövrü (01 il 2 ay 18 gün) iş stajına daxil etmək mümkün deyil. Qeyd olunan səbəbdən İddiaçı 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (09 il 10 ay 19 gün (xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildirirlər ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 04 ay 20 gün (xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1987- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2005-ci İl tarixləri arasındakı dövrlər) təşkil edir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, İddiaçı qanunla tələb edilən 20 il ümumi və 10 il güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Güzəştli iş stajı 9 il 10 ay 19 gündür. Mübahisələndirilən dövr 1 il 2 ay 18 gündür. Tərəfindən xidməti məktub yazılıb, cavab verilmiş, etiraza əlavə olunmuşdur. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər nəzərə alınmır. Fondun əməkdaşları müəssisədə yoxlama keçirmişdir. Akt tərtib edilmişdir. 07 dekabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iştirak etmiş, etirazı müdafiə etmiş əlavə olaraq bildirmişdir ki, Akt iddiaçının işlədiyi yerin insan resursları şöbəsi ilə hazırlanmışdır. Aktda da qeyd edilmişdir ki, 1 il 2 ay 18 gün ödənişsiz məzuniyyətdə olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti ikinci dərəcəli orqandır. Cavabdehin nümayəndəsi 2001-2003-cü illərə münasibətində də etirazı müdafiə etdiyini bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və birdəfəlik ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, S.X7 təqdim etdiyi "xxxx" ASC-nin 19 iyun 2020-ci il tarixli 02 nömrəli arayışında xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin UXfl-101 sexinin 2 nömrəli qurğusunda operator işlədiyi qeyd olunmuşdur. İddiaçı xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində UXD-101 sexinin 2 nömrəli qurğusunda operator, xx.xx.2001-ci il tarixdən isə mühafizə dəstəsinə gözətçi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Eyni zamanda sözügedən müəssisədə saxlanılan ona dair sənədlərdə 1994-2000-ci il tarixləri üzrə cəmi 01 il 02 ay 18 gün əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli birgə akt ilə təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21,2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan işləmədiyi dövrü (01 il 2 ay 18 gün) iş stajına daxil etmək mümkün deyil. Qeyd olunan səbəbdən İddiaçı 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (09 il 10 ay 19 gün (xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildirirlər ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 04 ay 20 gün (xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1987- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2005-ci İl tarixləri arasındakı dövrlər) təşkil edir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, İddiaçı qanunla tələb edilən 20 il ümumi və 10 il güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Göründüyü kimi iddiaçıia 52 yaşından gözəştli şərtlərlə pensiaya təyin ediməsi üçün tələb edilən üç şərtdən yaş həddinə çatma və tələb edilən 20 il ümumi iş stajı mübahisə olunmur. İşin mübahisə olunan halı iddiaçının xüsusi iş stajı ilə bağlıdır. Cavabdeh hesab edir ki, İddiaçı 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (09 il 10 ay 19 gün (xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Cavabdeh tərəflərindən tərtib edilmiş Akta istinad edərək iki əsasa toxunur: 1.iddiaçının operator və nəzarətçi vəzifəri üzrə uyğunsuzluq; 2. İddiaçının 6 aydan çox olan və bu səbəbdən iş stajına daxil edilməyən 1 il 2 ay 18 gün ödənişsiz məzuniyyəti. Məhkəmə isə cavabdehin dəlillərinə münasibətdə qeyd edir: İş materiallarına əlavə edilmiş Sumqayıt Aşqarlar ASC-nin 19 iyun 2020-ci il tarixli, 02 saylı güzəştli arayışından görünür ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.2003-cü il tarixədək UXP-101 sexinin 2№li qurğusunda operator işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı 1 №li siyahı. Kod 11000000- 10065 uyğundur. Məhkəmə qeyd edir ki, iddiaçının iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə arayışda qeyd edilmiş dövrlər vəzifələr üzrə uyğunluq təşkil edir. Cavabdehin imtinasının ilkin əsasını təşkil edən vəzifə uyğunluğu ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan Akta əsaslanaraq iddiaçının xx.xx.1990xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində UXD-101 sexinin 2 nömrəli qurğusunda operator, xx.xx.2001-ci il tarixdən isə mühafizə dəstəsinə gözətçi vəzifəsində işlədiyini qeyd etsələr də iddiaçının əmək kitabçası, güzəştli arayış, Sumqayıt Aşqarlar ASC-nin xx.xx.2023-cü il tarixli, 47 saylı arayışı, Əmlak Məsələləri Dövlət Xidmətinin 23 noyabr 2023-cü il tarixli, 3-21-3/2-D-0141-8/2023 saylı məktubuna əlavə edilmiş Sumqayıt Aşqarlar ASC-nin emissiya prospektində iddiaçıya aid məlumatların surəti iddianın əsaslı olduğunu göstərir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş “əsas iş üzrə müəssisədə olan işçilər siyahısı”nın 196-cı sırasında iddiaçının xx.xx.1990-cı il tarixdən operator olaraq işlədiyi qeyd edilmişdir. Habelə Sumqayıt Aşqarlar ASC-nin xx.xx.2023-cü il tarixli, 47 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı “Sumqayıt Aşqarlar “Zavoduna xx.xx.1990-cı il tarixdə 22 №-li əmr üzrə işə qəbul olunmuşdur. xx.xx.2010- cu il tarixli 80 №-li nömrəli əmr əsasında öz xahişi ilə işdən azad olnmuşdur. İqtisadi İnkişaf Nazirliyinin 289 saylı xx.xx.2001-ciil tarixli sərancami ilə "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 1990-2001-ci il tarixli aralığında vətandaşa məxsus T2 şəxsi vərəqədən başqa kadr və mühasibat sənədləri Sumqayıt Aşqarlar ASC-yə təhvil verilməmişdir. Bu səbəbdən 100 №li xx.xx.2001-ci il tarixli DMD-nə nəzarətçi ( müvəqqəti)keçirilməsi ilə bağlı əmr arxiv sənədlərində tapılmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında istinad olunan Aktın müəssisənin insan resursları şöbəsinin iştirakı ilə tərtib edildiyini qeyd etsə də müəssisənin özü tərəfindən verilmiş arayışda iddiaçının 100 №-li xx.xx.2001-ci il tarixli DMD-nə nəzarətçi ( müvəqqəti) keçirilməsi ilə bağlı əmrin arxiv sənədlərində mövcud olmadığı qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Aktın hansı sənədlər əsasında tərtib edilməsi qeyri-müəyyəndir və sözügedən Akt iş materialları və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təkzib edildiyinə görə məhkəmə hesab edir ki, məhkəmə tərəfindən iddianın əsassızlığının sübutu kimi qiymətləndirilə bilməz. Cavabdeh qeyd edir ki, iddiaçının vəzifə uyğunsuzluğu olmasa belə iddiaçının 1994-2000-ci il tarixləri üzrə cəmi 1 il 02 ay 18 gün ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmadığına görə onun 10 ildən az-09 il 10 ay 19 gün (xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) güzəştli iş stajı mövcuddur. Cavabdehin bu dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu dövrlərin nəzərə alınmaması əsaslı olsada, iddiaçının xx.xx.2001-xx.xx.2003-cü illər arasında əmək fəaliyyətinə tələb olunan 10 illik güzəştli iş stajı üçün kifayət edir. Belə ki, iddiaçının xx.xx.2001-ci il tarixində də operator işləməsi iş materialları və təqdim edilmiş sənədlər əsasında müəyyən olunduğuna, habelə cavabdeh tərəfindən istinad edilən əmrin arxivdə mövcud olmamasına, bununla da tərtib edilmiş Aktın hansı sənədlərə əsaslandığını cavabdeh sübuta yetirə bilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçının həmin dövrdə də operator olaraq işləməsi sübut olunmuş hesab edilməlidir. Bu halda xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixədək olan dövr 1 il 4 ay 17 gün təşkil edir. Beləliklə (09 il 10 ay 19 gün)+ (1 il 4 ay 17 gün) =11 il 3 ay 6 gün. Göründüyü kimi iddiaçının qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajı yaranmış olur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İddiaçının Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı yaranmışdır. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı” üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. 11000000—10065 bütün adlarda aparatçılar Belə ki, “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndi tətbiq olunduğundan onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. İddiaçının cavabdeh orqana ilk müraciəti xx.xx.2020-ci il tarixində olduğu üçün onun 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən də pensiya almaq hüququ var. Lakin məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı ödənilməmiş əmək pensiyasının bir dəfəyə tam ödənilməsini istəyir. Əmək Pensiyaları haqqında qanuna əsasən : Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi qanunvericilikdə ödənilməmiş əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır və cavabdeh inzibati orqanın qanunvericilikdən irəli gələn belə bir səlahiyyəti mövcud deyil. Ona görədə iddiaçının pensiyası Əmək Pensiyaları haqqında qanun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı, onun 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və Əmək Pensiyaları haqqında qanun 32.1-1-ci maddəsinə tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar