Məhkəmə qərarları › İş №2-1(118)-2898/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2898/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2898/2022 01.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun usta məharət dərəcəsinin iki pillə aşağı salınaraq “2”-ci məharət dərəcəsinə endirilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci tarixli 028 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun usta məharət dərəcəsinin iki pillə aşağı salınaraq “2”-ci məharət dərəcəsinə endirilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci tarixli 028 nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, ehtiyyatda olan polkovnik-leytenantdır. 12 avqust 1993-cü ildən 09 avqust 2022-ci ilədək 29 il Azərbaycan ordusunda qüsursuz xidmət etmişdir. Xidmətini Azərbaycan Oordusunda leytenant hərbi rütbəsində 702, N nömrəli ön xətt hərbi hissələrindən başlamışdır. N sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Taktika” kafedrasında polkovnik-leytenant hərbi rütbəsində, silsilə rəisi vəzifəsində xidmət etmişdir. Məktəb rəisinin adına ərizə yazaraq könüllü müharibəyə getmiş və o, Müdafiə nazirinin əmri ilə N nömrəli briqadanın qərargah rəisi vəzifəsinə təyin edilərək Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarının düşməndən azad olunması döyüşlərində iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə o, cənab Ali Baş Komandan İlham Əliyev və X2 Zakir Həsənov tərəfindən 5 fərqlənmə medalı, Vətən uğrunda medalı, Zəngilanın, Qubadlının və Laçının azad olunmasına görə fərqlənmə medalları, X2 tərəfindən isə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli fərqlənmə medal ilə təltif olunmuşdur. 2013-cü ildən 2022-ci ilin fevral ayına qədər xidmətində ümumiyyətlə heç bir cəza, tənbehi olmamış, ancaq təltifləri olmuşdur. Sonuncu dəfə Kəlbəcər rayonunda yerləşən N nömrəli briqadanın qərargah rəisi (xidməti boyu 3-cü dəfə eyni vəzifəyə, briqadanın qərargah rəisi vəsifəsinə təyin olunmuşdur). Xidmətdə olarkən, uzun müddət çətin hərbi həyatı, xidmət dövründə qarşılaşdığı bəzi haqsızlıqlar, 44 günlük Vətən müharibəsində aldığı psixoloji və fiziki travmmalar, ailə vəziyyətidə olan problemlər, övladlarının böyüməsi və onların problemləri ilə məşğul ola bilməməsi, onu 26 yanvar 2022-ci il tarixdə öz xahişi ilə Ordu sıralarından ehtiyata buraxılmağına raport yazmağa məcbur etmişdir. Bundan sonra Quru Qoşunları komandanlığı tərəfindən ona haqsız yerə müxtəlif bəhanələr gətirilərək təzyiqlərə başlanılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin 5 yanvar 2022-ci il tarixli 02 nömrəli əmri ilə ona “USTA” məharət dərəcəsi (bir necə ixtisas və katiqoriya üzrə imtahan verdikdən sonra) verilmişdir. O, 2022-ci ilin yanvar ayında ordu sıralarından təxris ücün raport yazdıqdan sonra Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev tərəfindən əsassız olaraq “USTA" məharət dərəcəsini iki pillə aşağı “2”-ci məharət dərəcəsinə endirilməsi ücün X2nin qarşısında vəsatət qaldırmışdır. Nazirlik tərəfindən ona verilən “USTA” məharət dərəcəsini, 05 mart 2022ci il tarixli 028 nömrəli əmri ilə iki pillə aşağı “2”-ci məharət dərəcəsinə endirilmişdir. Bu barədə o yalnız 2022-ci ilin iyuk aylnda DSMF əməkdaşının ona zəngindən sonra məlumat almışdır. Belə ki, onun aldığı pensiyanın məbləği baədə məlumat verildikdə məharət dərəcəsinin aşağı salınmasını öyrənmiş və dərhal məhkəmədə müvafiq iddianı qaldırmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanldığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. Məharət dərəcəsinin aşağı endirilməsi barədə xx.xx.2022-ci il tarixli əmrini iddiaçı 2022-ci ilin sentyabrında mübahisələndirmişdir. Bununla da o, İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İş materiallarına əlavə edilmiş : - N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, polkovnik–leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifəsində Zəngilan, Qubadlı, Laçın və Xocavənd rayonlarının azad olunmasında iştriak etmişdir. - İş materiallarından görünür ki, İddiaçı Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)" yubiley medalı, Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)" yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Silahlı Qüvvələrin 95 illiyi (1918- 2013)" yubiley medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medal, “Silahlı Qüvvələri Veteranı” medalı, Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Vətən uğrunda” medalı Zəngilanın azad olunmasına görə" medalı, Qubadlının azad olunmasına görə” medalı və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin 01 saylı 05 yanvar 2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı usta məharət dərəcəsi verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirinin 028 saylı 05 mart 2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı malik olduğu usta məharət dərəcəsinin iki pillə aşağı, 2-ci dərəcəli məharət dərəcəsinə endirilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirinin 0309 saylı 13 aprel 2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı N nömrəli hərbi hissənin qərargahrəisi- briqada komandirinin müavini vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) həqiqi hərbi geyim formasını daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əvvəla məhkəmə cavabdehin iddia müddətinin ötürülməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə iddia müddətini ötürülməmiş hesab edir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən əmrin iddiaçıya elan edilməsi, vaxtında təqdim edilməsi və ya göndərilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı həmin əmrdən DSMF orqanının əməkdaşının pensiyası barədə məlumat verərkən xəbər tutmuşdur. İddiaçı məhkəmə iclasında izah etdi ki, onun məharət dərəcəsinin aşağı salnmasına əsas kimi inzibati qaydada tənbeh olunması göstərilir. Hansı ki, 25 yanvar 2022-ci il tarixdə o, xidmət etdiyi Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə olarkən saat 23.05-də telefonoqram daxil olmuuş və elə həmin tarixdə onun tərəfindən icra edilmiş və digər hərbi qulluqçular tərəfindən imzalanmışdır. Bunu təsdiq edən telefonoqramların qeydiyyatı kitabında qeyd aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 may 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə görə məharət dərəcələri şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığayiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına verilir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində ehityata buraxılmazdan az əvvəl onun savadlı, bacarıqlı və işgüzar zabit olması, yüksək peşə hazırlığına və təcrübəyə malik hərbi qulluqçu kimi qiymətləndirilməsinə dair xidmət etdiyi N saylı hərbi hissə komandanlğı tərəfindən xasiyyətnamə verilmişdir. Belə olan halda onun ehtiyata buraxılması barədə təqriri təqdim edən kimi məharət dərəcəsinin iki pillə aşağl salınmasına dair əmrin qanunliyi və əsaslılığı şübhə doğurur. Yuxarıda istinad olunan Əsanamənin 37-ci bəndində məharət dərəcəsinin endirilməsi halları sadalanmışdır ki, oinların heç biri iddiaçının vəziyyətinə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən İddiaçı məharət dərəcəsinin iki pillə endirilməsinə dair verilmiş 05 mart 2022-ci il tarixli 028 saylı əmr ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı usta məharət dərəcəsinin iki pillə aşağı salınaraq “2”-ci məharət dərəcəsinə endirilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci tarixli 028 nömrəli əmri ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar