Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2899/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Abşeron rayonu Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli, 26 nömrəli qərarı ilə Masazır kəndi ərazisində ayrılmış 0,06 ha torpaq sahəsinin İddiaçı adına tərtib edilmiş plan və ölçü sənədi əsasında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayonu Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli, 26 nömrəli qərarı ilə Masazır kəndi ərazisində ayrılmış 0,06 ha torpaq sahəsinin İddiaçı adına tərtib edilmiş plan və ölçü sənədi əsasında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə Abşeron rayonu, Masazır Bələdiyyəsinə müraciət edərək, 0,06 ha torpaq sahəsinin ona satılmasını xahiş etmiş, Masazır Bələdiyyəsinin 26 nömrəli 16 iyul 2007-ci il tarixli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi üçün 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra DT və XK-in Abşeron rayon şöbəsinin 18 iyul 2007-ci il tarixli, 8611 rəyi ilə həmin torpaq sahəsinin ayrılmasına razılıq verilməmiş, həmin gündə Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin, DT və XK-in Abşeron rayon şöbəsinin, Abşeron rayonun Masazır Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə həmin torpaq sahəsinə baxış keçirilmiş , yerində ölçüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş döngə nişanları qoymuş və vətəndaş X2 yerində təhvil verilmişdir. Həmin aktdan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi Masazır kəndi Yeni Yaşayış massivinin (şərq) ərazisi olması barədə cizgi tərtib edilmişdir. Bundan sonra iddiaçı ilə Abşeron rayonu Masazır Bələdiyəsi arasında xx.xx.2007-ci il tarixli alqı-satqı barədə akt tərtib edilmiş, həmin akta əsasən torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, 0,06 ha torpaq sahəsi isə iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd edilən alqı-satqı aktı 18.2007-ci il tarixdə 18 nömrə ilə Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində ******* nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Masazır Bələdiyyəsinin həmin tarixli məktubu ilə torpaq sahəsinə dair müvafiq hüquqi sənədlərin verilməsi üçün aidiyyəti üzrə Abşeron rayon şöbəsinə göndərilmişdir. Buna müvafiq olaraq iddiaçının adına qeyd edilən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilərək, 31 avqust 2007-ci il tarixdə 2471 nömrə ilə Torpaq kadastrı kitabında A№012561 nömrə ilə uçota alınmışdır. İddiaçının həmin torpaq sahəsi üzərində özəlləşdirilərək hüquqlarının dövlət qeydiyyata alınması hüququ mövcuddur. Buna müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin 4 saylı Abşerin Ərazi İdarəsinə müraciət etmişlər. Onlardan müvafiq imtinalar verilmişdir. Belə ki, imtinanın əsası kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında qanunun 15-ci maddəsinə istinad edilmişdir. Belə ki, cavabdeh orqan imtinasında əsas kimi ilk öncə həmin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6kvt) mühafizə zolağında yerləşməsinə istinad etmişdir. Oxşar işlər üzrə məhkəmə təcrübəsi mövcuddur və bunla bağlı imtinaların əsassızlığı ən yüksək səviyyədə məhkəmə qərarlarında əksini tapmışdır. (Ali məhkəmənin № 2-l(102)-42/2024 saylı iş üzrə xx.xx.2024 tarixli , 2- l(102)-2372/2023 nömrəli,.2023-cü il tarixli 2-l(102)-95/2023 nömrəli qərarları). Belə ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bu baxımdan cavabdehin kassasiya şikayətində əlavə tikili ilə bağlı, eləcə də zəbtlə və mühafizə zolağı ilə bağlı istinad etdiyi dəlillər iddiaçının hazırkı məzmunda tələbinin təmin olunmasından imtina üçün yetərli əsas kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrikşəbəkələrinin mühafizəsi Qaydaları"nın müddəalarına görə, elektrik şəbəkələrininmühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxudistifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər(6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücüxətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdaretməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır. Bundan əlavə xüsusi ilə qeyd edilməlidir ki, Abşeron rayonu, Masazır Bələdiyyəsinin 26 nömrəli 16 iyul 2007-ci tarixli qərarı ilə iddiaçıya 0,06 hatorpaq sahəsi ayrılan zaman sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilməmişdir. Yəni, torpaq sahəsi bələdiyyədən alınan və faktiki sahibliyə verilən zaman həmin elektrik xətti çəkilməmiş,daha sonralar yəni 2022-ci il tarixdə çəkilmişdir. Azərişıq ASC-dən verilmiş xx.xx.2024-cü il tarixli arayışla təsdiq edilir. Həmçinin imtinanın digər əsası isə ondan ibarətdir ki, qeyd edilən torpaq sahəsinin təyinatnın fərqli olması yəni təyinatına və hüquqi rejminə görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə əlaqələndirmişdir. Bu dəlil də tam əsassızdır və oxşar işər üzrə formalaşmış məhkəmə təcrübəsi ilə uyğun gəlmir. Ali məhkəmənin № 2-l(102)-934/2023 saylı iş üzrə xx.xx.2023 nömrəli qərarları). Bundan başqa Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları sayılan torpaq sahələrinin sərhədi daxilində yerləşir və bu barədə Bələdiyyənin yerquruluşu planından çıxarışda kənd təsərrüfatının prespektiv inkişaf fonduna aid torpaq sahələrin yaşayış məntəqələri torpaq sahələrindən sərhəd xətti ilə ayrıldığı müəyyən olunur və İddiaçı ayrılmış torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarının ərazisində yerləşir. Bundan başqa, o da nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsi ayrılmamışdan öncə Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 18 iyul 2007-ci il tarixli rəyində qeyd olunmuş 0,06 ha torpaq sahəsinin ayrılmasına müsbət rəy verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı ayrılmış torpaq sahəsinin Masazır Bələdiyyəsinin təsdiq etdiyi yerquruluşu planında kənd təsərrüfat təyinatlı göstərilməsi və iddiaçı sahibliyində olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinin dövlət reyestrində yaşayış məntəqələrinin torpaqları kimi qeydə alınması bir daha yuxarıda qeyd olunanları təsdiq edir. Həmçinin Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş Torpaq sahəsinin Plan və Ölçü sənədində həmin torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi torpağı qeyd edilmişdir. İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Masazır Bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli, 26 nömrəli qərarı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan inzibati akt hesab olunur, həmin inzibati akt geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə verərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı 1. torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; 2. həmin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 8-ci, 9-cu, 11-ci, 15-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə, 19-cu bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli, 26 saylı Qərarı ilə İddiaçı bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 18 iyul 2007-ci il tarixli 5611 saylı rəyi ilə İddiaçı torpaq sahəsinə görə hüquqi sənəd verilməsinə etiraz etmədikləri bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsidə 18 iyul 2007-ci il tarixdə qeydiyyata alınmış alqı-satqı müqaviləsinın, torpaq sahəsinin təhvil aktının, plan-ölçü sənədinin notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. Azərişıq ASC-nin xx.xx.2024-cü il tarixli, AG 24/716 saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayon, Masazır qəsəbəsində İddiaçı məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin və torpaq sahəsinin yaxınlığından keçən 10 kV-luq elektrik veriliş xətti sözü gedən ərazidə yaşayan sakinlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 2022-ci ildə çəkilib istismara verilmişdir. İddiaçı məxsus fərdi yaşayış evi və torpaq sahəsi 10 kVluq elektrik veriliş xəttinin istismarına heç bir çətinlik yaratmır. Torpaq sahəsinin xx.xx.2024-cü il tarixli müayinə aktında kadastr planında göstərilən koordinatların naturaya uyğun olduğu qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 29 noyabr 2024-cü il tarixli, 17970/2024 saylı məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin çıxarışları və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı 1. torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; 2. həmin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Bələdiyyə qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdeh imtinasında torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğunu qeyd edir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərdən görünür ki, həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları yaşayış məntəqələri torpaqları kimi qeydə alınmışdır. Həmçinin əlavə edilmiş sənədlərdən və ortofoto xəritəsindən çıxarış da təsdiq edir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri də kənd təsərrüfatı təyinatlı torpaq kimi istifadə edilmir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bundan əlavə Azərişıq ASC-nin xx.xx.2024-cü il tarixli, AG 24/716 saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayon, Masazır qəsəbəsində İddiaçı məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin və torpaq sahəsinin yaxınlığından keçən 10 kV-luq elektrik veriliş xətti sözü gedən ərazidə yaşayan sakinlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 2022-ci ildə çəkilib istismara verilmişdir. İddiaçı məxsus fərdi yaşayış evi və torpaq sahəsi 10 kV-luq elektrik veriliş xəttinin istismarına heç bir çətinlik yaratmır. Göründüyü kimi fərdi yaşayış evinin və torpaq sahəsinin yaxınlığından keçən 10 kVluq elektrik veriliş xətti bələdiyyə qərarı ilə torpaq sahəsinin iddiaçıya satılmasından sonra çəkilmiş və İddiaçı məxsus fərdi yaşayış evi və torpaq sahəsi 10 kV-luq elektrik veriliş xəttinin istismarına heç bir çətinlik yaratmır. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli, 26 nömrəli qərarı ilə Masazır kəndi ərazisində ayrılmış 0,06 ha torpaq sahəsinin İddiaçı adına tərtib edilmiş plan və ölçü sənədi əsasında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2899/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2899/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver