Məhkəmə qərarları › İş №2-1(118)-29/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-29/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-29/2022 14.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsinin hüdudlarının dövlət qeydiyyatına alınması və çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə müvəqqəti icarəsinə verilmiş Xaçmaz rayonu Nabran kəndi yaxınlığında yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamı ilə onun yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən Xəzər dənizi sahili boyu X4 Fondu torpaqlarının Nabran kəndi yaxınlığındakı hissəsindən 0.05 ha torpaq sahəsi 99 il müddətinə onun icarəsinə verilmişdir. Torpaq sahəsi əhaliyə çimərlik xidmətinin göstərilməsi üçün ona icarəyə verilmişdir. Onunla torpaq icarə müqaviləsi bağlanmış, X3 yerqurluşu xəritəsindən çıxarış və sair sənədlər verilmişdir. 2006-cı ildən hazıra kimi həmin sahədən istifadə edir, vergiləri ödəyir, yay mövsümü həmin sahəni abadlaşdırır, təmizləyir və açıq şəkildə əhaliyə ödənişsiz xidmət göstərir. Onun evi çimərliyə bitişik yerləşir. Ailəsi və qonaqlar da həmin çimərlikdən istifadə edirlər. İcarəyə verilmiş 0,05 ha torpaq sahəsi dəniz sahili suyundan 100- 150 metr aralıda yerləşir. Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti icarəsinə verilmiş qeyd olunan 0,05 ha torpaq sahəsinin adına qeydiyyata alınması üçün dəfələrlə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müxtəlif bəhanələrlə həmin sahənin icarəyə verilməsi qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh məhkəmə iclasının caxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim etdiyi sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, həmin torpaq sahəsi cavabdeh idarənin elektron məlumat bazasında olan xəritəyə əsasən Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fonduna aid sahil zolağıdır. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 436 saylı sərəncamından çıxarışdan görünür ki, əhaliyə çimərlik xidmətinin göstərilməsi üçün İddiaçı Nabran kəndi yaxınlığında 0.05 ha torpaq sahəsi uzunmüddətli (99 il müddətinə) icarəsinə verilməsi qərara alınmışdır. - Torpaq sahəsinin icarəyə verilməsi barədə 336 saylı xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, İddiaçı Nabran kəndi yaxınlığında 0.05 ha torpaq sahəsi 99 il müddətinə icarəsinə verilmişdir. - DTXK-nin Xaçmaz rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu xəritəsidən çıxarışdan görünür ki, həmin sənəd İddiaçı icarəsinə verilmiş Nabran kəndi yaxınlığında 0.05. ha torpaq sahəsinə dair tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə müraciət edərək yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən onun icarəsinə verilmiş 0.05 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh elektron baza məlumatlarına görə həmin torpaq sahəsinin Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fonduna aid sahil zolağı hesab edilməsi və yerquruluşu sxemində torpaq sahəsinin ölçülərinin qeyd olunmaması səbəbindən ona imtina cavabı vermişdir. Məhkəmə cavabdehin dəlilinin yoxlanılması üçün mütəxəssi rəyinin alınması məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin iddiaçı mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş smeta xərcini ödəməkdən imtina edərək işə mütəxəssis rəyi almadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, yorpaq sahəsinin icarəyə verilməsinə dair sərəncamda və torpaq icarə müqaviləsində torpağın çimərlik xidmətlərinin göstərilməsi ilə bağlı ayrıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi : Maddə 10. 1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. M a d d ə 3 2 . Su fondu torpaqları

1. Su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar; su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

2. Su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verilməsinə dahir hüquqmüəyyənedici sənədlırdə göstərilən məqsədlər yuxarıda göstərilən məqsədlərlə uyğunluq təşkil etmədiyindən iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar