Məhkəmə qərarları › İş №2-1(118)-290/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-290/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-290/2023 23.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona, müraciət etdiyi tarixdən üç il əvvəldən hesablanmaqla əlli iki yaş tamam olduğu vaxtdan xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin **********4 saylı, 06 may 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 25 aprel 2022-ci il tarixli , **********4 nömrəli imtina məktubunda qeyd edilir ki, ....... Mərkəzi Filiala təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az 19 il 11 ay 16 gün təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alnmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 56400,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 38155,47 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Qanunun tələbləri aşağıdakı şəkildədir: ” Əmək Pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində , həmçinin əmək şəraiti xxüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın , peşələrin , vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq siyahısı üzrə ) qadınlar 55 yaşma çatdıqda , azı 20 il sığorta stayına malik olduqda , bu müddətin azı 12 il həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmaayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əssən 1 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stayı olan şəxslərə pensiyalar yaşa və staya görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. Həmin qanunun 9.8-ci maddəsinə əssən 1 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staj görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 20 il ümumi stajı olan və bu stajın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş ən azı on il güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə iddiaçının 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. Yuxarıda bəhs edilən normaların təhlilinə yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər 2 nömrəli Siyahıda qeyd edilən peşədə on il işləməsi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun(50+2) 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. Mərkəzi Filiala təqdim etdiyim əmək kitabçasından qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajını 20 ildən artıq, 21 il 13 gün ümumi iş stajına, güzəştli şərtlərlə on ildən artıq on il beş ay bir gün iş stajına malikdir. Etilen -Polietilen Zavodunun arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 10 ildən artıq imtiyazlı iş stajı təsbit olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Filialın imtinası Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə, “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, İncəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarin: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. ƏPQ-nin 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10-cu maddəsinə görə, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alman və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Odur ki, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 3-cü şərt reallaşmadığından onun tələbi əsaslı deyildir.

2. Filialın imtinası həm də ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göründüyü kimi, İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 56.400 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin müraciət tarixində İddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 38.155,47 manat təşkil edib. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, güzəştli dövrlərlə bağlı hər hansı bir problem yoxdur. İddiaçının təhsil aldığı dövrlərdə nəzərə alınarsa 20 ildən artıq sosila sığorta stajı yaranar.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh isə imtinasında yaş, staj və zəruri pensiya kapitalı tələblərini ödəməməsi əsaslı ilə iddiaçını müraciətini təmin etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı yaranmışdır. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq olunacaqdır. “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə- “İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı” üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi 10 ildən çox xüsusi, eyni zamanda əmək kitabçasında qeyd edilmiş dövrlər və təhsil aldığı dövrlər nəzərə alındıqda isə 20 ildən artıq ümumi iş stajı 2006-cı il tarixə kimi yaranmış olur. Beləliklə iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq olunduğundan onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. Cavabdeh orqanın dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının tələb olunan pensiya kapitalı yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz və iddiaçıya pensiya təyinatı ilə bağlı tələbinə cavabdeh inzibati orqanın pensiya kapitalı ilə bağlı normaları tətbiq etməsi əsassızdır. Beləki bununla bağlı qanunvericilikdə aydın formada ifadə olunmuş tənzimləmə mövcuddur. Cavabdehin imtinasında istinad etdiyi müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Bundan əlavə hazırkı mübahisəyə əvvəllər qüvvədə olan qanunvericilik tətbiq edilməsə belə, qanunvericiliyə son olan dəyişikliklər ilə bu kateqoriya işlərdə pensiya kapıtalı tələbi nəzərdə tutulmamışdır. Qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 52 yaşında yarandığı üçün ona həmin tarixdən pensiya təyin edilməli, pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesblanmalıdır. İş materiallarından görsənir ki, iddiaçı 07 aprel 2022-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Göründüyü kimi iddiaçı onun pensiya hüququnun yarandığı tarixdən üç il keçməmiş inzibati orqana müraciət etmişdir. Ona görədə məhkəmə hesab edir ki, onun pensiyası 07 aprel 2019-cu il tarixdən hesablanmalı və həmin tarixdən ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı, 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar