Məhkəmə qərarları › İş №2-1(118)-2903/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2903/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2903/2024 11.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunmasının müddətinin 2023-cü ilin sentyabr ayından hesablanmasına, 711,55 manat pul məbləğində olan sosial yardımın sentyabr, oktyabr ayları üçün ödənilməsinin, noyabr ayından verilən 541,96 manat pul məbləği ilə 711,55 manat pul məbləği arasındakı fərqin ödənilməsinin və cari ilin aprel ayından müddətin sonunadək faktiki sosial yardım məbləği olan 711,55 manat pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib 2023-cü ilin sentyabr ayından etibarən 1 illik müddətinə ailəyə təyin olunmalı olan 630 manat pul məbləğində ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı elektron məhkəmə sistemi vasitəsilə ərizə təqdim edərək iddia tələbini yuxarıda qeyd edilməsi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəyə ünvanlı sosial yardımın təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 04 sentyabr 2023-cü il tarixində elektron sayda da müraciət etmiş, müraciətindən 1 ay müdddətinin keçməsinə baxmayaraq bu günə qədər müraciətinə hər hansı bir cavab verilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ailəyə ünvanlı sosial yardımın təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qayda da müraciətə 15 iş günü müddətində baxılaraq müvafiq qərar qəbul olunur. Lakin müraciəti Qanunvericiliyin tələbinə əsasən göstərilən 15 iş günü müddətinin keçməsinə baxmayaraq qərəzli olaraq ailəyə ünvanlı sosial yardım təyin olunmamış, elektron qaydada təqdim etdiyi sənədlərdə hər hansı bir nöqsan olmadığından imtina cavabı da verilməmişdir. Ünvanlı sosial yardımın təyin olunması üçün müəyyənləşdirilmiş 2023-cü il üçün “Ehtiyac Meyyarı” hər adambaşına 246 manat olduğundan və ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olduğundan və aylıq əmək haqqının 600 manat pul məbləğində olduğunu nəzərə alsaq ailəyə 630 manat pul məbləğində ünvanlı sosial yardım təyin olunmalıydı. Cavabdeh təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq bü günə qədər ailəyə ünvanlı sosial yardım təyin olunması təmin olunmamışdır. Daha sonra iddiaçı əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ailəyə sosial yardımın təyin olunması ilə bağlı xx.xx.2023 cü il tarixində elektron qaydada müraciət etmiş, müraciətinə 3 ay ərzində baxılmadığı üçün 2023 cü ilin noyabr ayında ünvanlı sosial yardımın təyin olunmasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəməyə müraciətimdən sonra yəni 2023cü ilin noyabr ayında ailəyə faktiki təyin olunmalı məbləğ olan 711,55 manat pul məbləğindən aşağı olan məbləğ 541,96 manat pul məbləğində ünvanlı sosial yardım təyin olunmuşdur. Ailəyə ünvanlı sosial yardımın təyin olunması müraciət etdiyi ayda yəni 2023cü ilin sentyabr ayında olmaqla 541,96 manat pul məbləğində deyil faktiki təyin olunmalı məbləğ olan 711,55 manat pul məbləğində olmalı olduğu halda qərəzli yanaşılmaqla 2023cü ilin noyabr ayında olmaqla faktiki təyin olunmalı məbləğdən aşağı məbləğ təyin olunmuşdur. “Ünvanlı sosial yardım haqqında” Qanunun 8-ci maddəsinə əsasən ünvanlı sosial yardım müraciət olunan ayın 1 dən 1 il müddətinə təyin olunur.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır.İddiaçı məhkəməyə elektron imza vasitəsilə müraciət edərək, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin, iddiaçı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmiş, ona görə də məhkəmə iclasın başqa vaxta təxirə salınmasını məqsədəmüvafiq hesab etmədi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra Sosial Yardım) təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. İddiaçının müraciəti əsasında ona məhkəmədənkənar qaydada 541,96 manat məbləğdə sosial yardım təyin edilmişdir. Bunun əsasında məhkəməyə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli vəsatət təqdim edilmiş, lakin İddiaçı ona təyin edilmiş sosial yardımın məbləğindən və təyin edilməsi müddətindən narazı olduğunu bildirərək iddia tələbini yuxarıda göstərilən formada dəqiqləşdirmişdir. İddiaçının ona təyin edilmiş sosial yardım məbləğinin 541,96 manat deyil 711,55 manat olması tələbinə münasibətdə bildirilir ki, təyin edilmiş yardımın məbləğini elektron sistem heç bir kənar müdaxilə olmadan iddiaçının daxil etdiyi gəlirləri və Kommunal-rabitə xərclərinin mübadiləsi yolu ilə hesablayaraq müəyyən edir.Elektron sistem (VEMTAS) heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. İddiaçı təyin edilmiş sosial yardımın məbləğində heç bir uyğunsuzluq yoxdur və təyin edilmiş məbləğ tam düzgün şəkildə hesablanmışdır. İddiaçının heç bir hesablama qaydası və əsas göstərilmədən ona 711,55 manat sosial yardım təyin edilməsini bildirməsi tam olaraq əsassız tələbdir. Belə ki, İddiaçı “Ərizə-bəyannamə”də qeyd etdiyi məlumatlara əsasən ailə tərkibinin 5 nəfərdən ibarət olduğu, hər bir ailə üzvü üçün adambaşına düşən orta aylıq gəliri 131,85 AZN olduğu, adambaşına düşən orta aylıq telefon xərcinin isə 1,33 AZN olduğu VEMTAS tərəfindən müəyyən olunmuşdur. Təqdim olunan məlumatlara əsasən ailənin adambaşına düşən orta aylıq gəliri (131,85 AZN) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nm 5.22-ci bəndində tələb olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduğuna görə (YM (32,6% + 15,6% + 7,2%) + R + RM, YM- 2023-cü ildə yaşayış minimumunun ölkə üzrə məbləği - 246 AZN, R- ev telefonu üçün ailənin adambaşına düşən son 12 (on iki) av ərzində xərcinin orta aylıq məbləği - 0 (sıfır) AZN, RM - mobil telefonu üçün ailənin adambaşına düşən son 12 (on iki) av ərzində xərcinin orta aylıq məbləği - 1,325 AZN) həmin bəndin tələblərinə uyqun olaraq ailənin adambaşına düşən orta aylıq gəliri 137,609 AZN, ailəyə təyin olunan ÜDSY məbləği isə 541,96 AZN (246 * 55,4% + 1,325 = 137,609; 246 -137,609 = 108,391; 5 * 108,391 = 541,96) təşkil etmişdir. Bundan başqa iddiaçının sosial yardımın təyin edilməsi müddətinin 2023-cü ilin sentyabr ayından etibarən hesablanması tələbinə münasibətdə bildiririk ki, “Ünvanlı sosial vardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən avın 1dən etibarən 1 il müddətinə təyin olunur. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciət əsasında 1 il müddətinə 541.96 manat məbləğdə sosial yardım təyin edilmişdir. Buna nəzərən iddiaçının ona əvvəlki 2 ayın ödənilməsi tələbi qanunvericiyin tələblərinə zidd olaraq yuxarıda göstərilən normanın tələblərini ziddir. Ona görə ki, iddiaçıya əvvəlki 2 aya münasibətdə sosial yardımın təyin edilməsi nəticə olaraq ona 14 ay ərzində müvafiq məbləğin ödənilməsinə gətirib çıxarır və Qanunun 8.1-ci maddəsinin tələbi pozulmuş olur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki iki av üzrə ödənilməsidir. Halbuki iddiaçıya xx.xx.2023-cü il tarixli. **********8402 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə - Cavabdehin etirazı, iddiaçıya verilmiş imtinaların surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ ailə-məişət şəraitinin qənaətbəxş olmaması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq nazirlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Nazirliyin xidmət göstərdiyi ərazinin sakinidir və ünvanlı sosial yardımın vətəndaşlara verilməsi nazirliyin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin struktur bölmələrinə müraciət etmiş və müvafiq imtina cavablarını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinin birinci hissəsinə Sumqayıt İnzibati Məhkəməsində mahiyyəti üzrə baxılması mümkündür. Belə ki, iddia tələbindən göründüyü kimi tələb 2 hissədən ibarətdir; 1) İddiaçı ona təyin edilmiş sosial yardımın məbləğinin az olması və ünvanlı sosial yardımın təyin edilməsi müddətinin az olması, yəni əlavə olaraq ödənilməsiş 2 aylıq müddətin ödənilməsi 2) ünvanlı sosial yardımın təyin olunmasının müddətinin 2023-cü ilin sentyabr ayından hesablanmasına, 711,55 manat pul məbləğində olan sosial yardımın sentyabr, oktyabr ayları üçün ödənilməsi. İddia tələbinin 2-ci hissəsi mümüksüz olduğuna görə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2903/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hüquqi qiymət verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin 1-ci hissəsininin mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Sözügedən Qaydaların 3.1-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydaların 3.3-cü maddəsinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır.Qaydaların 5-ci maddəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası qeyd edilmişdir. 5.22-ci maddəyə əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1 %)+R+RM Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. İşin araşdırlan hallarından müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq məbləğində ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərini sayı nəzərə alınmaqla 541,96 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçı cavabdeh tərəfindən ailəyə təyin edilmiş sosial yardımın ödənişini düzgün təyin etmədiyi qənaətinə gələrək, Prezidentin Fərmanına uyğun təyin edilməsini məhkəmədən xahiş edir.Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın yuxarıda qeyd olunan hesablama qaydalarına uyğun hesablama aparmış və iddiaçının bildirdiyi fikirlər onun şəxsi mülahizələrinə əsaslanmışdır. Başqa sözlə desək VEMTAS sisteminin hesabladığı məbləğdən fərqli məbləğin olmasına dair iddiaçı tərəfindən hər hansı bir dəlil məhkəməyə təqdim edilmədi. Bu səbəbdən də cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın noyabr ayından verilən 541,96 manat pul məbləği ilə 711,55 manat pul məbləği arasındakı fərqin ödənilməsinin və cari ilin aprel ayından müddətin sonunadək faktiki sosial yardım məbləği olan 711,55 manat pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar