Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2907/2025 30.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, pensiyanın dayandırıldığı vaxtdan bərpası) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının və onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı, xx.xx.1978-ci il tarixdə Qubadlı rayonunun, Qubadlı şəhərində doğulmuşdur. Qubadlı rayonu işğal olunduqdan sonra Sumqayıt şəhərində məskunlaşmışdır. Uşaqlıqdan “doğuş travması nəticəsində əmələ gəlmiş oliqofreniya, imbesillik dərəcəsində, psixotabənzər davranış və qıcolam tutlmalrı” xəstəliyindən əmək qabiliyyətsizəm və İİ qrup əlildir. Bu fakt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktından çıxarışda öz əksini tapmışdır. X2, xx.xx.2007-ci il tarixində vəfat etdikdən sonra İİ qrup əlil olmağımna və ailə başçısının itirdiyini nəzərə alaraq hər ay 515 manat məbləğində penisya ilə təmin edilmiş və həmin pensiyanı 2023-cü ilin sentyabr ayınadək almış, oktyabr ayından isə dayandırılmışdır. Buna səbəb isə mövcud xəstəliyinin uşaqlıqdan deyil, məhz xx.xx.2003cü il tarixdən əmələ gəldiyinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli arayışında əks olunması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktında müayinə tarixi xx.xx.2003-cü il tarx qeyd edilməklə müayinənin yalnışlıqla ilkin olaraq qeyd edilməsi olmuşdur. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktından və xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, mövcud xəstəliyi uşaqlıqdan, doğuş travması nəticəsində olduğu əks edilmişdir. Bununla əlaqədar olaraq cavabdeh orqana mütaciət edərək 2023-cü ilin oktyabrnoyabr- dekabr ayları üçün hər ay 515 manat məbləğində olmaqla 1.545 manat, 2024-cü ilin yanvar-fevral- mart-aprel-may ayları üçün isə 2.860 manat olmaqla ümumilikdə 4.405 manat ödənilməmiş peniya məbləğinin bir dəfəyə ödənilməsinə və hər ay 515 manat məbləğində olmaqla pensiyanın bərpa edilməsini xahiş etsə də cavabdeh orqan bu müraciətdən imtina edərək, TSE-0 ser AR № 646120 saylı tibbi-sosail ekspertiza müayinə aktından çıxarışda və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” sistemində olan məlumatlarda ilki əlilliyin xx.xx.2003-cü il tarixindən, yəni 18 yaşma çatandan sonra müəyyən edildiyindən qanunvericiliyin tələblərinin pozulduğu qənaətinə qəlinmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, mövcud xəstəliyi 18 yaşa çatandan sonra deyil də, doğuşdan, yəni xx.xx.1978-ci il tarixindən müəyyən edilməlklə pensiya hüququm bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli 3-17- 1/2-B- 134337/2024 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məktubla bildirilmişdir ki, İddiaçıva xx.xx.2003-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı İddiaçı pensiya işinə daxil olan TSE-0 ser AR № 646120 saylı tibbi-sosial ekspertiza müayinə aktından çıxarışa və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən onun ilkin əlilliyinin xx.xx.2003-cü il tarixindən (18 yaşından sonra) müəyyən edilməsinə baxmayaraq qanunvericiliyin tələbləri pozularaq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmadığı halda 2002-ci il üzrə nəzərdə tutulmuş maddi yardım da (200 manat) ödənilmişdir. Nəticədə əmək pensiyası üzrə xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş məbləğ və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. 23 may 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, 01 avqust 2003-cü il tarixdən müddətsiz əlillik təyin edilmiş, əlilliyi dayandırılmamışdır. Qüvvədədir. Diaqnozu doğuş travması ilə əlaqədardır. Müraciəti 18 yaşdan sonra olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Əlillik altsistemindən çıxarışa əsasən iddiçıaya xx.xx.2003-cü il tarixdən “doğuş travması nəticəsində əmələ gəlmiş oliqofreniya, insebillik dərəcəsində. Psixopatabənzər davranış və qıcolma tutmaları ilə” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 111693 saylı Qərar ilə “Əmək Pensiyaları” haqqında Qanunun 14.1.1.2-ci maddəsinə əsasən iddiaçı 18 yaşa çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşdan yuxarı əlilliyi olan şəxs olmadığı üçün pensiya ödənişi dayandırılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqvermə müəyyən edilmişdir. Sosial müavinətə yönləndirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Tibbi Sosial Eksperiza və Reabilitasiya Agentliyinin 05 mart 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2003-cü il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş, qərarın iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-B- 134337/2024 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məktubla bildirilmişdir ki, İddiaçıva xx.xx.2003-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı İddiaçı pensiya işinə daxil olan TSE-0 ser AR № 646120 saylı tibbi-sosial ekspertiza müayinə aktından çıxarışa və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən onun ilkin əlilliyinin xx.xx.2003-cü il tarixindən (18 yaşından sonra) müəyyən edilməsinə baxmayaraq qanunvericiliyin tələbləri pozularaq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmadığı halda 2002-ci il üzrə nəzərdə tutulmuş maddi yardım da (200 manat) ödənilmişdir. Nəticədə əmək pensiyası üzrə xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş məbləğ və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım əsassız ödənilmiş vəsait hesab edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Cavabdehin mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən: M a d d ə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs. Cavabdeh orqan qanunun müvafiq maddəsində qeyd edilmiş “18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş” ifadəsini əlilliyin təyin edildiyi tarixlə əlaqələdirir. Lakin məhkəmə hesab edir ki, iddiaçının əlilliyi doğuşdan müəyyən olunduğundan əlilliyinin təyin tarixi ilə əlaqələndirilməməlidir. Belə ki, “Əlillik” altsistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2003-cü il tarixdən “doğuş travması nəticəsində əmələ gəlmiş oliqofreniya, insebillik dərəcəsində. Psixopatabənzər davranış və qıcolma tutmaları ilə” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Beləliklə, iddiaçının əlilliyinə səbəb olan xəstəlik doğuş travması nəticəsində yarandığından “əlilliyin müəyyən edilməsi” ifadəsi ona əlilliyin təyin edildiyi tarixlə deyil, onda olan xəstəliyin, hazırki halda travmanın yarandığı tarixlə əlaqələndirilməlidir ki, hazırki halda iddiaçının travmasının doğuş travması olması işin mübahisələndirilməyən halıdır. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına istinad edərək formalaşmış məhkəmə təcrübəsinə əsaslanmağı vacib bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.
50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir.
51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir
56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).” xx.xx.2023-cü il tarixli 111693 saylı qərarın qanunsuz inzibati akt olması halında belə, cavabdeh inzibati aktın ləğv olunması, dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürmüş olacaqdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilərkən hər-hansı halın onlara məlum olmaması və ya bu halın onlara sonradan məlum olması hazırki iş materialları ilə müəyyən olunmur və cavabdeh tərəfindən bu barədə sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanununa görə: Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı (pensiya işi №111693) ləğv edilsin və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova