Məhkəmə qərarları › İş №2-1(118)-291/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-291/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-291/2022 31.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı2 qəyyumu İddiaçı1 iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 48 saylı sərəncamı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 658/2021 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, hazırda ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü Qarabağ Müharibəsi iştirakçısı İddiaçı2 Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsi F.Kazımovun 25 aprel 1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi mənzil tikdirmək üçün 500 kvm torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə, mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbini dəqiqləşdirərək Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 500 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixi 48 saylı sərəncamı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-658/2021 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, hazırda ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü Qarabağ Müharibəsi iştirakçısı İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Quba şəhərində yerləşən 0,05ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2021 ci il tarixli ərizə ilə müraciət etmişdirlər. DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən ünvanlanmış xx.xx.2021-ci il tarixli **********86 nömrəli cavab məktubunda göstərilir ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan 0.05 ha torpaq sahəsi Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 saylı sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsinin Qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti olmadığından ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Aşağıda şərh olunanlara əsasən qeyd olunan imtina əsassız hesab edilməklə cavabdehin üzərinə Quba şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması və mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulmalıdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə Nümayəndəsi F.Kazımovun 25 aprel 1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə fərdi mənzil tikdirmək üçün torpaq sahəsi verilməsi barədə RİHB-nin şəhər üzrə nümayəndəliyinin Torpaq Bölgüsü Komissiyasının xx.xx.1995-ci il tarixli 10 nömrəli protokolu nəzərə alınmaqla həmin vaxt ünvan 2 ünvanında yaşayan İddiaçı2 fərdi yaşayış evi tikmək üçün şəhərin “Dəvədabanı” ərazisindən 500 kvm torpaq sahəsi ayrılmışdır. Sərəncam icra olunaraq torpaq sahəsi naturada ayrılaraq istifadəyə verilmişdir. Ayrılmış torpaq sahəsi hasara alınaraq tikintiyə başlanılması üçün hazırlanmış, lakin Qarabağ müharibəsi iştirakçısı olan İddiaçı2 səhhətində-psixikasında problemlər yarandığına görə işləri yarımçıq qalmışdır. Hazırda mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istədikdə yuxarıda göstərilən qaydada cavab verilmişdir. Halbuki, torpaq sahəsi qanuni əsaslarla alınmışdır. Məhkəmə iclasında İddiaçı2 qəyyumu İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaş İddiaçı2 səlahiyyətli nümayəndəsi İddiaçı1 Quba şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə daxil olmuş xx.xx.2021 -ci il tarixli ərizə müraciət etmişdir. Ərizəyə xx.xx.2021ci il tarixli **********86 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan 0.05 ha torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 saylı sərəncamı əsasında ayrılmışdır. Məlumat üçün bildiririk ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Məlumat üçün isə bildirilmişdir ki, qanunvericilikdə rayon İHB-nın İnzibati Ərazi Vahidliyi üzrə nümayəndələrinin əmri ilkin torpaqayırma sənədi kimi qəbul edilməsi nəzərdə tutulmur. Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatlar Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Nəzərinizə çatdırmaq istəyirik ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 300 saylı 13 avqust 1994-cü il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” qərarından görünür ki, Quba şəhərinin baş inkişaf planına uyğun olaraq fərdi mənzil və digər sosial mədəni obyektlərin tikintisi üçün Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutunun Quba yardımçı təcrübə təsərrüfatının ərazisindən daimi istifadə üçün 121.0 hektar, o cümlədən 22.0 hektar əkin, 90.0 hektar az məhsuldar meyvə bağı, 2.0 hektar biçənək və 7.0 hektar sair torpaq sahəsi ayrılması barədə Quba rayon X1 və Quba rayon İcra Hakimiyyəti başçısının torpaq istifadəçisi, Dövlət Tikinti və Arxitektura Komitəsi və Dövlət Torpaq Komitəsi ilə razılaşdırılmış təkliflərinin qəbul edilməsi qərara alınmışdır. - XXİ çağırış Quba rayon X1 6 iyul 1993-cü il tarixli qərarından görünür ki, Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsüünün hər bir təsərrüfat üzrə 0,05 ha müəyyən edilməsi, həmçinin rayon XDS-nin Rəyasət heyətinə deputaların tənqidi qeydləri ilə əlaqədar Alekseyevka, Rustov, Amsar, İ Nügədi, Zərdabi, Zelenovka və digər inzibati ərazi vahidlərində ictimai torpaqların dağıdılması faktlarının, vətəndaşlara verilən həyətyanı torpaqların qanuniliyinin yoxlanılması üçün komissiya təşkil edilməsinin və yoxlamanın nəticələrindən asılı olaraq tədbirlərin həyata keçirilməsinin tapşırılması qərara alınmışdır. - Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 saylı sərəncamından görünür ki, İddiaçı2 Quba rayonu Dəvədabanı ərazisində 500 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. - Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 48 saylı Sərəncamından çıxarışdan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı2 üzərində qardaşı İddiaçı1 qəyyum təyin edilmişdir. - Quba rayonu İcra Hakimiyyəti başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin rəyində qeyd olunmuşdur ki, fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulmuş 0.05 ha həyətyanı torpaq sahəsi Quba şəhər bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir və həmin ərazidə Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün Torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanması məqsədəmüvafiqdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Quba rayon X1 06 iyul 1993-cü il tarixli qərarına əsasən Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsünün hər bir təsərrüfat üzrə 0,05 ha müəyyən edilməsi qərara alınmışdır. Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 25 aprel 1995-ci il tarixli, 25 saylı sərəncamı ilə İddiaçı2 fərdi yaşayış evi tikmək üçün 0.05 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. Bu sənədlərə əsaslanan iddiaçının qəyyumu ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi üçün ərizə ilə cavadeh İdarəyə müraciət etmişdir. Lakin cavabdehin 19 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Belə ki, Quba rayon X1 06 iyul 1993-cü il tarixli qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılması üçün komissiya təşkil edilməsi qərara alınmış və Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi Quba rayon İcra Hakimiyyəti başçısı yuxarda qeyd edilən sərəncamı ilə Quba şəhəri üzrə nümayəndəsinə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətindən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. Beləliklə də, iddiaçının qəyyumuna torpaq sahəsinin səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində qəyyumunun hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının qəyyumunun torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının qəyyumunun müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə İddiaçı2 ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1995-ci il tarixli 25 nömrəli sərəncamı ilə İddiaçı2 ayrılmış 500 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar