Məhkəmə qərarları › İş №2-1(118)-2913/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2913/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2913/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə və Şahid qarşı “vergi borcunun fiziki şəxsin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 30 oktyabr 2019-cu il tarixli, **********544900 nömrəli çıxarışdan görünür ki, 30 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınımış "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur.

2. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 4 noyabr 2019-cu il tarixli, **********384000 nömrəli çıxarışdan görünür ki, 4 noyabr 2019-cu il tarixdə qeydiyyata alınımış "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur.

3. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 4 noyabr 2019-cu il tarixli, **********520400 nömrəli çıxarışdan görünür ki, 4 noyabr 2019-cu il tarixdə qeydiyyata alınımış "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur.

4. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 4 noyabr 2019-cu il tarixli, **********443200 nömrəli çıxarışdan görünür ki, 4 noyabr 2019-cu il tarixdə qeydiyyata alınımış "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur.

5. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 4 noyabr 2019-cu il tarixli, **********411700 nömrəli çıxarışdan görünür ki, 4 noyabr 2019-cu il tarixdə qeydiyyata alınımış "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-2(105)-21/2022 nömrəli qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, e-2-2(119)-1587/2021 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizə təmin edilərək, 30 sentyabr 2021-ci il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2.233,45 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 3.720,68 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 125,50 manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.077,74 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3.606,85 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 62,50 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 2,50 manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri - xx xxxxx 1987-ci il təvəllüdlü İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

7. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə və Şahid (bundan sonra - “cavabdehlər”) qarşı “iddiaçının adına hesablanmış vergi borcunun (30 sentyabr 2021-ci il tarixə hesablanmış "xxxx" MMC-nin 2.233,45 manat məbləğində Dövlət Büdcəsinə olan vergi borcunun 3.720,68 manat məbləğində borcu və işsizlikdən Siğorta Fonduna olan 125,50 manat məbləğində borcu, "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 11.077,74 manat məbləğində vergi borcu və "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 3.606,85 manat məbləğində vergi borcu Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcu və X1 2,50 məbləğində işsizlikdən sığorta fonduna olan vergi borclarının) ödənilməsi öhdəliyinin cavabdeh Şahid üzərinə qoyulması barədə; adına hesablanmış vergi borcunun (30 sentyabr 2021-ci il tarixli hesablanmış "xxxx" MMC-nin 2.233,45 manat məbləğində Dövlət Büdcəsinə olan vergi borcunun 3.720,68 manat məbləğində borcu və işsizlikdən Sığorta Fonduna olan 125,50 manat məbləğində borcu, "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 11.077,74 manat məbləğində vergi borcu və "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 3.606,85 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 2,50 məbləğində işsizlikdən sığorta fonduna olan vergi borclarının) cavabdeh Şahid adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi vəsatət təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

11. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdirlər.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin səlahiyyətli nümayəndəsi vəsatətini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Şahid məhkəmə iclasında iştirak etməmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdeh Şahid iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

20. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

21. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

22. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

23. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materialında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır.

24. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

25. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

26. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

27. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

28. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. Məhkəmə cavabdeh orqanın vəsatətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı rəhbəri olduğu müəssisələrə hesablanmış borc məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Şahid üzərinə qoyulmasını tələb etməklə prosessual pozuntuya yol vermişdir. Çünki, vergi ödəyicisinin borcunun digər fiziki şəxsdən tələb olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.

31. Həmçinin, iddiaçının rəhbəri olduğu "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır və cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin həmin müəssisələrin borcunun alınması ilə bağlı hərəkət etmək səlahiyyəti yoxdur.

32. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

33. VM-in 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

34. Dövlət Vergi Xidmətinin 3 aprel 2024-cü il tarixli, **********859800 saylı əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaların 2.2-ci bəndinə əsasən hesablanmış vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyaları qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə dövlət büdcəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsində, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-11-ci maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində nəzərdə tutulan fondlara borclar yaranır ki, onların da vergi orqanları tərəfindən alınması həyata keçirilir.

35. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən, VM-in 65.1-ci maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-11-ci maddəsinə əsasən vergi ödəyicisi yaranmış öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış borcların 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

36. Qaydaların 5.8-ci bəndinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən VM-in 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəmə və ya inzibati icraat qaydasında mübahisələndirilməsi barədə aidiyyəti strukturdan rəsmi məlumat daxil olduqda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxslərə göndərdiyi icra sənədi olan sərəncamı vergi ödəyicisinin müvafiq hesablarında saxlanılmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya inzibati orqanın qərarına uyğun olaraq müvafiq tədbirlər görülür.

37. İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli, F-177 nömrəli və 22 avqust 2023cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli, 3-21/3-1-F-187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir.

38. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin əsl cavabdeh olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi ilə əvəz edilməsi üçün hər hansı bir prosessual tənzimləyə zərurət qalmır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

40. Bundan əlavə, hazırki tələb iki hissədən ibarətdir: - iddiaçının adına hesablanmış vergi borcunun (30 sentyabr 2021-ci il tarixə hesablanmış "xxxx" MMC-nin 2.233,45 manat məbləğində Dövlət Büdcəsinə olan vergi borcunun 3.720,68 manat məbləğində borcu və işsizlikdən Siğorta Fonduna olan 125,50 manat məbləğində borcu, "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 11.077,74 manat məbləğində vergi borcu və "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 3.606,85 manat məbləğində vergi borcu Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcu və X1 2,50 məbləğində işsizlikdən sığorta fonduna olan vergi borclarının) ödənilməsi öhdəliyinin cavabdeh Şahid üzərinə qoyulması; - adına hesablanmış vergi borcunun (30 sentyabr 2021-ci il tarixli hesablanmış "xxxx" MMC-nin 2.233,45 manat məbləğində Dövlət Büdcəsinə olan vergi borcunun 3.720,68 manat məbləğində borcu və işsizlikdən Sığorta Fonduna olan 125,50 manat məbləğində borcu, "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 11.077,74 manat məbləğində vergi borcu və "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 3.606,85 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 2,50 məbləğində işsizlikdən sığorta fonduna olan vergi borclarının) cavabdeh Şahid adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması.

41. Göründüyü kimi iddiaçı iki cavabdehə qarşı iddia qaldırmışdır. Daha doğrusu fiziki şəxsin və vergi orqanın üzərinə vəzifə kimi qoyması istədiyi tələbləri bir icraatda birləşdirmişdir.

42. İddiaçıya izah olunur ki, İPM-in 37-ci maddəsi bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir. Normada qeyd olunmuşdur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

43. Odur ki, iddiaçının bir neçə iddianı bir iddiada birləşdirilməsinə dair imkan qeyriməhdud deyildir. Belə ki, qanunvericilik iddiaçının iddia tələblərini bir iddiada birləşdirməsinin aşağıdakı əlamətlərlə məhdudlaşdırır: - iddialar bir-biri ilə əlaqəli olmalı, o cümlədən onlara birlikdə baxılması işin baxılmasının çətinləşdirməməlidir. Bir-biri ilə əlaqəli olmayan iddiaların bir iddiada birləşdirilməsi yolverilməzdir. Bəzi hallarda iddiaçı tərəfindən irəli sürülən tələblər bir-biri ilə əlaqəli olsa da, daha çox onların asılılığı müşahidə oluna bilər. Bir tələbin təmin edilməsi digər tələbin də təmin edilməsinə şərait yaratmış olur. Belə olan halda iddialar bir-biri ilə əlaqəli olsa da, onların təmini bir-biri ilə eyni hüquqi qüvvəyə malik olmur; - iddialar bir cavabdehə qarşı yönəlməlidir. Qeyd olunan əlamət məhz iddiaların subyekt tərkibi ilə bağlıdır.

44. Göründüyü kimi, hazırkı iş üzrə iddia ilə inzibati məhkəməyə müraciət edilərkən İPM-in 37-ci maddəsinin tələbi gözlənilməmişdir.

45. Odur ki, hazırkı iş üzrə aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, iddia tələbi aydın ifadə olunmadığından, həmçinin tələblər konkretlikdən uzaq, ümumiyyətlə inzibati icraat çərçivəsində baxılan tələbə aid olmadığından, eyni zamanda, tələbin bir hissəsinin fiziki şəxsin üzərinə borcun ödənilməsi, digəri isə səlahiyyətli olmayan qurum üzərinə öhdəliyinin qoyulmasına dair olduğundan, tələb mümkün hesab edilməməlidir.

46. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

47. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə və Şahid qarşı “iddiaçının adına hesablanmış vergi borcunun (30 sentyabr 2021-ci il tarixə hesablanmış "xxxx" MMC-nin 2.233,45 manat məbləğində Dövlət Büdcəsinə olan vergi borcunun 3.720,68 manat məbləğində borcu və işsizlikdən Siğorta Fonduna olan 125,50 manat məbləğində borcu, "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 11.077,74 manat məbləğində vergi borcu və "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 3.606,85 manat məbləğində vergi borcu Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcu və X1 2,50 məbləğində işsizlikdən sığorta fonduna olan vergi borclarının) ödənilməsi öhdəliyinin cavabdeh Şahid üzərinə qoyulması barədə; adına hesablanmış vergi borcunun (30 sentyabr 2021-ci il tarixli hesablanmış "xxxx" MMC-nin 2.233,45 manat məbləğində Dövlət Büdcəsinə olan vergi borcunun 3.720,68 manat məbləğində borcu və işsizlikdən Sığorta Fonduna olan 125,50 manat məbləğində borcu, "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 11.077,74 manat məbləğində vergi borcu və "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 3.606,85 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 2,50 məbləğində işsizlikdən sığorta fonduna olan vergi borclarının) cavabdeh Şahid adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulması” tələbləri mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar