Məhkəmə qərarları › İş №2-1(118)-2918/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2918/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2918/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaç İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2023-xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ailəsinə keçmiş dövr üçün xx.xx.2023-xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı daimi ünvanlı dövlət sosial yardım alır, övladını təkbaşına böyüdür. Keçmiş həyat yoldaşı övladı körpə olan məhkəmə qərarı ilə atalıq hüququndan məhrum edilmişdir. İddiaçı minimum maaşla işləyir, sosial işçidir. X1 əyani ali təhsil alır. 2022-ci ilin son aylarında onların xəbəri olmadan polisin inzibati binasından qeydiyyatdan çıxarılmışlar. Bu səbəbdən də ünvanlı dövlət sosial yardımı ala bilməmişlər. 2023-cü ilin sentyabr ayında qeydiyyata düşmüşlər, oktyabr ayında şəxsiyyət vəsiqələri aktivləşmişdir. Bundan sonra o, cavabdeh orqana müraciət etsə də, ona keçmiş dövr üçün ünvanlı dövlət sosial yardım təyin olunmamışdır. Bununla bağlı o, keçmiş dövr üçün, yəni xx.xx.2023-xx.xx.2023-cü tarixədək ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ailənin ünvanlı sosial yardımın alınması ilə bağlı VEMTASa daxil etdiyi 10 oktyabr 2023-cü il tarixli **********23201 nömrəli müraciəti əsasında sistem tərəfindən avtomatlaşdırılmış qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.22-ci bəndinə uyğun olaraq 2 nəfərdən ibarət ailəyə 01 noyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı sözügedən müraciəti nəzərə alınaraq cavabdeh tərəfindən 77,56 manat məbləğində ünvanlı sosial yardım təyin edilmiş və bu barədə təmsilçisinin qeyd etdiyi əks əlaqə vasitəsinə məlumat göndərilmişdir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciəti əsasında ona qanunvericiliyin tələblərinə uyğun səkildə ünvanlı dövlət sosial yardımını təyin etmişdir. İddiaçının sözügedən müraciətindən əvvəlki, yəni 03 avqust 2021-ci il tarixli **********48601 nömrəli müraciətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cıi il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması səbəbindən imtina verilmişdir. 2021-ci il üçün ölkə üzrə təsdiq olunmuş yaşayış minimumun məbləği 196 manat təşkil etdiyindən, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 29.4 manat (196x15%=29.4) olduğu halda, iddiaçının ailəsinin adambaşına düşən təkcə rabitə xərclərinin məbləği 36 manat təşkil etmişdir. Bu isə iddiaçıya verilmiş imtinanın qanunauyğunluğunu təsdiq etmiş hesab olunur. Beləliklə, iddiaçının iddia tələbi 01 yanvar 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilərək ödənilməsi olsa da, 03 avqust 2021-ci il tarixdən (imtina tarixi) 01 noyabr 2023-cü il tarixədək (təyinat tarixi) VEMTAS-a müraciəti olmamışdır. Müraciət etdiyi tarixdən isə VEMTAS tərəfindən 77,56 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya 01 yanvar 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilməsinin mümkün olmamasının səbəbi iddiaçının VEMTAS-a müraciət etməməsi olmuşdur. İş materiallarına əlavə edilmiş: - DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında qeydiyyatdadır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 3–cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci, 7.2-ci və 7.3-cü maddələrinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. Göstərilən Qaydaların 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina halları nəzərdə tutulmuşdur : -3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; -3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; -3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; -3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); -3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); -3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; -3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlı sosial yardım təyin edilmişdir. Lakin iddiaçı ünvanlı sosiaı yardımın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün ödənilməsini tələb edir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya 01 yanvar 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımının təyin edilməsinin mümkün olmamasının səbəbi iddiaçının VEMTAS-a müraciət etməməsi olmuşdur. İddiaçı VEMTAS-a müraciət edə bilməməsi səbəbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərinin müvafiq polis idarəsinin inzibati binasından çıxarıldığından iddiaçının və oğlunun şəxsiyyət vəsiqələrinin deaktiv olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1ci maddəsinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Göründüyü kimi qanunverici ünvanlı sosial yardımın təyin edilmə vaxtını müraciət etmə anından müəyyən etmişdir və əvvəlki dövr üçün ünvanlı sosial yardımın təyin edilmə imkanlarını nəzərdə tutmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar