Məhkəmə qərarları › İş №2-1(118)-2919/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2919/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2919/2024 06.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair ərizəyə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2-2(81)- 31/2018 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın geri qaytarılması və pul tələbinə dair ilkin iddia tələbi qismən təmin edilmiş, AZ 10 A 294 nömrəli, AZ 10 F 879 nömrəli və AZ 10 E 358 nömrəli nəqliyyat vasitələrinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı, iddia tələbi təmin edilmiş, iddiaçıya məxsus nəqliyyat vasitələrinin təmirinin ümumi dəyərindən qalıq qalan ödənilməyən 110.050,28 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmiş, qətnamənin icra qaydası müəyyən edilmiş, qarşılıqlı iddia tələbi üzrə ödənilməli pul məbləği ödənildikdən sonra ilkin iddia tələbi üzrə qaytarılması nəzərdə tutulan nəqliyyat vasitələrin geri qaytarılması qət edilmişdir.

2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2-2(81)- 31/2018 nömrəli qətnaməsinin icrası məqsədilə Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi tərəfindən 26 fevral 2020-ci il tarixli, 2-2(81)-31/2018 nömrəli icra vərəqəsi tərtib edilmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 4 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2-2(81)-31/2018 nömrəli icra sənədinə xitam verilmişdir.

Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 4 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2-2(81)-31/18 saylı qətnaməsinə əsasən, ilkin iddia tələbi qismən təmin edilmiş, AZ10A294 nömrəli, AZ10F879 nömrəli və AZ10E358 nömrəli nəqliyyat vasitələrinin "xxxx" MMC-dən alınaraq iddiaçıya qaytarılması, iddiaçıya məxsus nəqliyyat vasitələrinin təmirinin ümumi dəyərindən qalıq qalan ödənilməyən 110.050,28 manatın iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən məbləğ "xxxx" MMC-yə tam ödənilmişdir. İcra məmuru ilə nəqliyyat vasitələrinin saxlanıldığı yerə 2021-ci ilin oktyabr ayında baxış keçirilmiş və nəqliyyat vasitələrinin formal olaraq təhvil verilməsi barədə akt tərtib edilmişdir. Nəqliyyat vasitələri nasaz olduğuna görə onları daşımaq üçün kran və yük daşıyıcı yük maşını lazım idi. Akt tərtib edilərkən "xxxx" MMC-nin rəhbərliyi bildirmişdir ki, istənilən zaman həmin 3 ədəd nəqliyyat vasitəsi götürülə bilər. Qarşılıqlı danışıqlara əsasən "xxxx" MMC yuxarıda qeyd edilən nəqliyyat vasitələrini iddiaçıya qaytarmalı idi. Lakin uzun müddətli danışıqlar bir nəticə verməmiş, "xxxx" MMC müxtəlif bəhanələr gətirərək, nəqliyyat vasitələrini qanunsuz olaraq özündə saxlamaqla bu günə kimi həmin nəqliyyat vasitələrini iddiaçıya geri qaytarmamışdır. İcra məmuru isə 4 aprel 2022-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan iddiaçının məlumatı olmamışdır. Qətnamə faktiki olaraq icra edilməmişdir. Buna görə də, qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehin qəbul etdiyi icraata xitam qərarı ləğv edilməlidir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

7. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

8. Eyni zamanda, iddiaçıya yazılı qaydada hüquqi yardım edilərək, diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.

Tərəflərin iştirakı və izahatları:

9. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbinin qərarının ləğv olunması ilə bağlı olduğuna görə inzibati məhkəmə məhkəməyə müraciət etdiklərini bildirmişdir.

10. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə İPM-in 13-cü maddəsinin tələbləri çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə biləcəyinə dair hüquqi yardım edilmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəmə iclasında təmsil olunmamışdır.

12. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

13. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

14. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

15. Məhkəmə iş materiallarında olan sənədlər əsasında müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsini tərtib edilərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2-2(81)-31/2018 nömrəli qətnaməsinin icrası müəyyən edilmişdir. Həmin icra sənədinə Cavabdeh qərarı ilə xitam verilmişdir.

16. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair “2 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

18. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsində göstərilir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, müraciətedən həmin maddədə nəzərdə tutulan “müvafiq məhkəmə” ifadəsinin təcrübədə qeyri-müəyyənlik yaratdığını qeyd etmişdir. Belə ki, “İcra haqqında” Qanuna edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından verilmiş şikayətlərə inzibati-iqtisadi və ya ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmalı olması məsələsi məhkəmələr arasında fikir müxtəlifliyinə səbəb olur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

20. Həmin qərara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər; icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

21. Məhkəmə “İcra haqqında” Qanuna və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına istinad edərək belə nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(81)-31/18 saylı iş kommersiya işidir, həmin işin icra sənədi Bakı Kommersiya Məhkəməsi tərəfindən göndərilməsinə əsaslanaraq, iddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməlidir.

22. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏ HiSSƏSİ:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “cavabdehin 4 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar