Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2920/2024 27.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 29 iyun 2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib ona 01 sentyabr 1975-ci il tarixdən 15 avqust 1978-ci il tarixədək Azərbaycan SSR X4 Təhsili Komitəsinin Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbində təhsil aldığı dövrü və 04 may 1979-cu il tarixdən 06 may 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövrləri nəzərə almaqla, 60 yaşdan, yəni 21 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 avqust 1960-cı ıl tarixdə Azərbaycan Respublikası, Qusar rayonunun Hil kəndində anadan olmuş, 01 sentyabr 1975-ci il tarixdən 15 avqust 1978-ci il tarixədək Azərbaycan SSR X4 Təhsili Komitəsinin Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbində təhsil almış, 15 avqust 1978-ci il tarixdən 23 aprel 1979-cu il tarixədək Azərbaycan Respublikası Sumqayıt Boru Prokat X3 Emalı sexində soyuq boru kəsicisi vəzifəsində işləmişdir. 04 may 1979-cu il tarixdən 06 may 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 06 iyul 1981 -ci il tarixdən 20 yanvar 1983-cü il tarixədək Sumqayıt Boru Prokat X3 Emalı sexində soyuq boru kəsicisi vəzifəsində işləmiş, 20 yanvar 1983-cü il tarixədən 10 may 1990-cı il tarixinədək nasos kompressor sahəsinə xüsusi aqreqat dəzgahlarının 3-cü dərəcəli sazlayıcısı vəzifəsində, 10 may 1990-cı il tarixinədən boru kəsimi şöbəsinin avtomatik xətlərin və aqreqat dəzgahlarının 4-cü dərəcəli sazlayıcısı, 11 avqust 1992-ci il tarixdən boru kəməri şöbəsinin avtomatik xətlərin və aqreqat dəzgahlarmm 5-ci dərəcəli sazlayıcısı, 15 fevral 2011-ci il tarixdən X5 sexinin yivaçma sahəsinə sazlayıcı, 27 aprel 2012-ci il tarixdən 03 fevral 2017-ci il tarixinədək Boruyayma sexinin yivaçma sahəsində sazlayıcı vəzifəsində işləmişdir. 03 fevral 2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 03 fevral 2017-ci il tarixdə "xxxx" MMC-yə boruyayma sexinin yivaçma sahəsinə avtomatik xətlərin və aqreqat dəzgahlarının sazlayıcı vəzifəsinə qəbul edilmiş və halhazırdada orada işləyir. Azərbaycan Boru Yayma Zavodunun 17 avqust 2022-ci il tarixli 30 saylı arayışına əsasən, o, 15 avqust 1978-ci il tarixdən 23 aprel 1979-cu il tarixədək və 06 iyul 1981 -ci il tarixdən 03 fevral 2017-ci il tarixədək Sumqayıt Boru Prokat X3 Emalı sexində soyuq boru kəsicisi, sazlayıcı vəzifəsində işləmiş, göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968, 2040400a-1753v şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir.01 sentyabr 1975-ci il tarixdən 17 noyabr 2023-cü il tarixədək 48 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyim iş stajına malikdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxarılmağı barədə cavabdeh təşkilata müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı (qara metallar) bölməsinin (İİİ) Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkiəmə sexləri bəndinin (4) fəhlələr yarımbəndində (a) istehsal prosesində xammalın, yarımfabrikatm və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər (2040400a—1753v), boru və pəstahların kəsiciləri (2040400a—17968) və boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri (2040400a—11235) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda onun xx.xx.1983-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də sazlayıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sazlayıcı vəzifəsi sözügedən müəssisənin ona dair 17 avqust 2022-ci il tarixli 30 nömrəli və 15 noyabr 2023-cü il tarixli AZB01/384 nömrəli arayışlarında istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 2 ay 22 gün (xx.xx.1978-xx.xx.1979-cu il və xx.xx.1983-eü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin, Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsi” tələbinə dair 2-1(118)- 3762/2022 nömrəli işi olmuşdur. Sonradan həmin iş üzrə icraata xitam verilmişdir. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mükün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-17-1/2-X-303573/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, X4 Təhsili Komitəsi Sumqayıt şəhəri, 49 nömrəli Texniki məktəb tərəfindən verilmiş A-784698 nömrəli diplomun təsdiqlənmiş surəti, İT-İ ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti, H3 ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 30 nömrəli arayış, "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli AZB01/384 nömrəli arayış, "xxxx" QSC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, X-Y-2751 nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və güzəştli şərtlərlə əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin 3-17-1/2-X-303573/2023 nömrəli, xx.xx.2023-cü tarixli məktubla imtina cavabını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə hesab edir ki, iddiaçının 01 sentyabr 1975-ci il tarixdən 15 avqust 1978-ci ilə kimi X4 Təhsili Komitəsi Sumqayıt şəhəri, 49 nömrəli Texniki məktəbində təhsil aldığı müddət ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı”nda boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri peşələrinin Metallurgiya (boru) istehsalatı bölməsində nəzərdə tutulmuşdur. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının azı 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq ümumilikdə 12 il 6 aydan çox güzəştli iş stajına malikdir("xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli AZB01/384 nömrəli arayışda iddiaçının işlədiyi işin xarakteri barədə ətraflı məlumat qeyd olunmuşdur). Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi, təhsil, hərbi xidmət illərini hesabladıqda ümumi əmək stajı 25 ildən çoxdur. Cavabdeh təşkilatın etirazında bildirdiyi arqumentə, yəni iddiaçının xx.xx.1983xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2012xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də sazlayıcı vəzifəsinin Metallurgiya (boru) istehsalatı sahəsinə uyğun olmamasına münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Nəzərə almaq lazımdır ki, Metallurgiya istehsalatı sahəsində əmək fəaliyyəti ilə məşğul olan iddiaçıya münasibətdə işçilərin mənsubiyyəti prinsip olaraq həmin sahədə çalışan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatını və işin xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Başqa sözlə desək kimya istehsalında işləyən şəxslərin hamısı adları siyahıda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq zərərli sahədə çalışıblar. Həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya alımaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri peşələrinin Metallurgiya (boru) istehsalatı bölməsində nəzərdə tutulması həmin bölmənin adları keçməmiş peşələrə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Odur ki, iddiaçının Azərboru ASC-də xx.xx.1983-xx.xx.1997-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrdə işlədiyi sazlayıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “İİİ. Bölmə, kod 2040400a— 11235 Metallurgiya istehsalatı sahəsində boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri peşələrinə uyğundur. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530 nömrəli, 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni müvafiq qanuna dəyişiklik xx.xx.2022-ci ildə qanuni qüvvəyə mindiyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı pensiya təminatı hüququnu həmin tarixdən qazanmış olur. Belə olan halda qanunvericilik normasının təhlilindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcüd deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 29 iyun 2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2920/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2920/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver