Məhkəmə qərarları › İş №2-1(118)-2921/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2921/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2921/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu Qeydiyyat Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydində dəyişiklik edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Abşeron rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 may 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:

1. İ-ЗЖ seriyalı, 021015 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X7 13 mart 1938-ci il tarixdə doğulmuşdur. Atası – Vəliyev Baxşəli, anası – Vəliyeva Mədinədir.

2. İ-ЗЖ seriyalı, 692323 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. Atası – X14, anası – X3r.

3. İcra Komitəsinin Abşeron rayonun xalq deputat sovetinin 29 dekabr 1969cu il tarixli, 535 nömrəli orderindən görünür ki, X6 və onun 6 nəfər ailə üzvlərinə Xırdalan şəhəri, Razqrad küçəsi, 27-ci məhəllə, ev 5, mənzil 12 ünvanda yaşayış sahəsinin alınması hüququ verilmişdir. Həmin orderdə İddiaçı oğlu kimi qeyd olunmuşdur.

4. V-ЖГ seriyalı, 471315 nömrəli “Nikahın bağlanması haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı və X9 27 avqust 1991-ci il tarixdə nikahlarını bağlamışlar.

5. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Xırdalan şəhəri 2 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmiri Sahəsinin 14 iyun 2021-ci il tarixli, 550 nömrəli arayışından görünür ki, Vəliyev X11 şəhəri, 27-ci məhəllə, ev 5, mənzil 12 ünvanda yaşayır. Mənzilin icarədarı X2 qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 18 iyul 2021-ci il tarixli, **********51 nömrəli bildirişindən görünür ki, ünvan 3 ünvanında yerləşən 12 nömrəli mənzilə dair əlavə edilmiş Forma-2 arayışında göstərilən daimi qeydiyyatda olan şəxsin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, Forma-2 arayışında daimi qeydiyyatda olan şəxs "İddiaçıəli oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “İddiaçı” kimi qeyd edildiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıq aradan qaldırılacağı təqdirdə mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla ərizənin məqsədinə yenidən baxılacağı bildirilmişdir.

7. Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmiri Sahəsinin 26 sentyabr 2023-cü il tarixli aktından görünür ki, ünvan 3-də yaşayanlar X19, X10 və X1 şəhəri, 27-ci məhəllə, bina 5, mənzil 12 ünvanda yaşamış mərhum X6 həqiqətən İddiaçı atası olduğunu, hal-hazırda Xırdalan şəhəri, 27-ci məhəllə, bina 5, mənzil 12 ünvanda yaşadığını aktı tərtib edərək öz imzaları ilə təsdiq etmişdirlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 15 dekabr 2023cü il tarixli, 3-16-5/8-15-V-196/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

9. Abşeron Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 2(012)- 5378/2023 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 28 mart 2024-cü il tarixli, 02/3328/di nömrəli məktubundan görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılıbməhdudlaşdırılmaması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 8 aprel 2024-cü il tarixli, 18/2-9199/2024 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü Vəliyev X20 rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

12. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Abşeron rayonu Qeydiyyat Şöbəsinə (bundan sonra – “cavabdeh”) qarşı “mövcud vəziyyətlə əlaqədə hazırda qonşu ölkəyə gediş-gəlişin mümkün olmadığını nəzərə alaraq, iddiaçıya və mərhum atasına məxsus doğum haqqında akt qeydində göstərilən ata adı arasıdakı uyğunsuzluğun aradan qaldırılması üçün ata adının “Namazəli” və “Namaz” kimi eyni şəxsə mənsub olması faktının tanınması və cavabdehin üzərinə öhdəlik qoyulması” tələblərinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, iddia ərizəsinin təsviri hissəsində göstərilənlərə əsasən doğum haqqında akt qeydində ata adının “Namaz” kimi qeyd olunması öhdəliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Abşeron rayon Şöbəsinin üzərinə qoyulması, mərhum atasına məxsus akt qeydində göstərilən ata adı uyğunsuzluğunun aradan qaldırılması,eyni şəxsə mənsub olması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5 ünvanında yerləşən 12 nömrəli mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakım Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinə ərizə ilə müraciət edilmişdir. Həmin ərizəyə cavab məktubu gəlmişdir (§6). Bununla əlaqədar olaraq "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydində və şəxsiyyət vəsiqəsində ata adının “Namaz" kimi yazılması ilə digər sənədlərdə “Namazəli" kimi göstərilən ata adı arasındakı uyğunsuzluq faktının aradan qaldırılması üçün iddiaçıya və mərhum atasına məxsus sənədlərdə (doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi) qeyd olunan "Namaz” və "Namazəli” adının eyni şəxsə mənsub olması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmidşir. Abşeron rayon Məhkəməsi 9 oktyabr 2023-cü il tarixli, 2(012)-5378/2023 nömrəli qərardadı ilə MPM-in 153.2.1-ci maddəsinə əsaslanaraq "hüquqi faktın müəyyən edilməsi” barədə ərizənin qəbulundan imtina etmişdır. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin müvafiq düzəlişin edilməsi barədə müraciəti aidiyyəti dövlət orqanı tərəfindən imtina olunduğu halda,ərizəçi həmin orqanın qərar, hərəkət və yə hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibatı məhkəməyə müraciət edə bilər. Bundan sonra 15 dekabr 2023-cü il tarixdə doğum haqqında akt qeydinin bərpası ilə bağlı iddiaçıya və atasına məxsus sənədlərdə (doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi) qeyd olunan ''Namazəli’' və "Namaz” adının eyni şəxsə mənsub olmasını nəzərə alaraq ata adının “Namaz" kimi bərpa edilməsini xahişi ilə Ədliyyə Nazirliyinin Abşeron rayon şöbəsinə müraciət etmişdir. Müraciətinə baxılaraq, cavab məktubu göndərilmişdir (§8). Bildirilir ki, mərhum atası X8 13 mart 1938-ci il tarixdə Ermənistan SSR Qafan rayonunun Gırətaq kəndində anadan olmuşdur. Ermənistan SSR Qafan rayonu X5 bürosu tərəfindən mərhum atasına verilmiş doğum haqqında akt qeydində adı “Namazəli” kimi göstərilmişdir. Həmçinin qeyd edilir ki, 27 fevral 1964-cü il tarixdə Ermənistan SSR-nin Qafan rayonunun Girətaq kəndində anadan olduğundan, həmin ölkənin X5 bürosu tərəfindən iddiaçıya verilmiş doğum haqqında akt qeydində ata adı “Namaz” kimi qeyd olunmuşdur. İddiaçıya məxsus bütün sənədlərdə (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, ali təhsil haqqıda diplom) ata adı “Namaz" kimı göstərilmişdir. İddiaçıya və mərhum atasına məxsus doğum haqqında akt qeydində ata adının “Namaz” və “Namazəli” kimi göstərilməsi sənədlər arasıda fərq olduğuna səbəb olmuşdur. Qeyd olunan çatışmazlığın bərpası ilə əlaqədar Ermənistan Respublikası vətəndaşlıq aktlarının qeydiyyatı qurumuna müraciət edilməsi hazırda məlum səbəblərdən qeyri-mümkündür. Hazırda uzun müddət bir binada yaşadığı qonşu sakinlər tərəfindən 26 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş aktla X4 həqiqətən İddiaçı atası olduğu təsdiq edilir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1, 161.2-ci, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 1.2, 2.1, 3.1, 4.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddələrinə istinad olunmuşdur.

16. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

18. Cavabdehin 28 fevral 2024-cü il tarixli, 3-16-5/8-13-484/2024 nömrəli məktubundan görünür ki, iddiaçı doğum haqqına akt qeydinin bərpası ilə bağlı şöbəyə müraciət etmişdir. Təqdim etdiyi doğum haqqında şəhadətnamədə şəxsin adı “Namazəli” qeyd edilmişdir. Kifayət qədər əsas olmadığı üçün doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi tərfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi bildirilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə (§ 13-15) uyğun izahat vermiş, əlavə olaraq bildrimişdir ki, atasının əsl adı “Namazəli” dir. Lakin sonrakı sənədlərdə atasının adı “Namaz” kimi qeyd olunmuşdur. Bu səbəbdən də iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səalhiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

29. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra - qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.

32. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir.

33. İddia ərizəsindən və iddiaçının məhkəmə iclasındakı izahında görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının ata adının digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir.

34. Yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının ata adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir.

35. Belə olan halda, məhkəmə bir daha qeyd edir ki, iddiaçının istinad etdiyi “sonrakı sənədlər” ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir.

36. Bununla yanaşı məhkəmə izah edir ki, iddiaçı sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır.

37. Hüquqmüəyyənedici sənədlərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malikdır.

38. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

39. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

40. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.

41. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsin sənədlərində göstərilən adı, atasının adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddəki (həmçinin, digər sənədlər) adı, atasının adı və ya soyadı ilə uyğunsuzluğunun doğum haqqında akt qeydinə dəyişiklik edilməklə aradan qaldırılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

42. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

44. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Abşeron rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində ata adının “Namaz” kimi qeyd olunması öhdəliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Abşeron rayon Şöbəsinin üzərinə qoyulması, mərhum atasına məxsus akt qeydində göstərilən ata adı uyğunsuzluğunun aradan qaldırılması, eyni şəxsə mənsub olması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar