Məhkəmə qərarları › İş №2-1(118)-2927/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2927/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2927/2023 04.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “Quba rayon üzrə Vergilər şöbəsinin D/01-961 saylı 31 oktyabr 2000-ci il tarixli yoxlama arayışına əsasən müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı məhkəməyə ilk növbədə cavabdehlər Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia tələbi ilə müraciət etmiş, sonradan iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Cavabdeh qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdehna qarşı “Quba rayon üzrə Vergilər şöbəsinin D/01-961 saylı 31 oktyabr 2000-ci il tarixli yoxlama arayışına əsasən müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci il 01 yanvar tarixdən Quba bazarında filial müdiri-nəzarətçi vəzifəsində işə qəbul olunmuş, 1988-ci ildən həmkarlar Komitəsinin sədri vəzifəsinə seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 1995-ci il tarixli 1120 nömrəli Fəmanı ilə təsdiq edilən “Dövlət mülkiyyətinin özəlləşdirilməsi” barədə X1 5-ci maddəsinə əsasən:məcburi özəlləşdirilməli olan ilkin balans dəyəri Ticarət Nazirliyinin Layihə İnstitutu tərəfindən tərtib edilən 2442 nömrəli layihə sənədi ilə ilkin balans dəyəri ******* rubl hesablanmış və bazarın özəlləşdirilməsi ilə əlaqədar tikinti yarımçıq qalmış 1.56 ha bazar ərazisində 159.830.2 manat dəyərində dövlət əmlakının özəlləşdirilmədən yayındırmaqla ƏMDK-nin səlahiyyətləri mənimsənilməklə qanunsuz satmasının qarşısının alınması məqsədilə keçmiş Quba rayonu üzrə Vergilər şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Quba rayonu üzrə Vergilər şöbəsi tərəfindən aparılan 31 oktyabr D/01-961 arayışında cinayət əməlləri müəyyən olunması səbəbindən qərar qəbul edilməsi məqsədilə cavabdehlər keçmiş Quba rayon Prokuroru baş ədliyyə müşaviri Seyfəddin Həsənova və keçmiş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin rəisi Fəxrəddin Qəmbərova və ona göndərilmişdir. Arayışla əlaqədar Prokurorluğa dəvət olunmuş və ifadələri alınmaqla işlə əlaqədar sübutları şəxsən prokuror Seyfəddin Həsənova təqdim etmişdir. Cavabdeh orqanın rəhbəri müvafiq qərarın qəbul edilərək ünvanına göndəriləcəyi bildirilmişdir. Lakin toplanmış cinayət işi ona məlum olmayan səbəblərdən qərar qəbul edilmədən yarımçıq saxlandığından narazı qalıb keçmiş baş prokuror X2 şəhərində keçirdiyi qəbulunda olmuş və 31 oktyabr D/01-961 arayışın, əlində olan sübutları təqdim edərək müvafiq tədbirin görülməsini xahiş etmiş, Baş prokuror qəbulda şəxsən ona təşəkkürünü bildirərək işin öz nəzarətinə götürməklə müvafiq qərarın qəbul ediləcəyinə söz vermişdir. Lakin üstündən illər keçməsinə baxmayaraq cavabdeh orqanların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələbləri pozularaq dövlətin qanunla qorunan maraqlarıda küllü miqdarda özəlləşdirmədən dövlət büdəcəsinə köçürülməli olan vəsaitlərin, həmçinin özəlləşdirilməyən dövlət əmlakı üzərində qanunsuz sahibkarlıq fəaliyyəti ilə müstəqil Azərbaycan Dövlətinin iqtisadi dayaqlarının sarsıdılması - külli miqdarda ziyanın vurulmasına şərait yaratmışlar. Dövlətin qanunla qorunan maraqlarının və pozulmuş əsas və azadlıqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati icraat haqqında Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu maddə - 1.1, 1.2, 3.1, 3.2). Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (maddə-1.1). Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri dəqiq olaraq göstərilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunsa da, qanunverici istisna hal müəyyən edərək İnzibati icraat haqqında Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığını təsbit etmişdir. Hazırkı mübahisədə Cavabdeh inzibati orqan olsa da, mübahisə onun cinayət-prosessual fəaliyyəti ilə bağlıdır. Buna görə də hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sonda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalır. Zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya həmin Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalıdır. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlanması, cinayət işinin başlanmasını rədd edilməsi, məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi və ya xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatın məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərarlardan birini qəbul etməlidir. Həmin qərarlardan Cinayət-Prosessual qanunverciliyin tələbləri baxımından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən ümumi (rayon, şəhər) məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilir ki, cinayət prosesini həyata keçirən orqanın qərarlarından, hərəkət və ya hərəkətsizliyindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən ümumi (rayon, şəhər) məhkəməyə müraciət etmək hüququna malikdirlər. Şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının tələbi öz predmetinə və mahiyyətinə görə inzibati xarakterli olmadığından, mübahisə inzibati orqan olan Cavabdeh cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehna qarşı “Quba rayon üzrə Vergilər şöbəsinin D/01-961 saylı 31 oktyabr 2000-ci il tarixli yoxlama arayışına əsasən müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar