Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2929/2024 25.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli, **********831700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib onun barəsində hesablanmış 6828,72 manat məbləğində vergi borcunun silimnəsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci ildə ünvan 1 ünvanında yerləşən mənzili notariat ofisində alqı-satqı müqaviləsi əsasında 50000 (əlli min) manata satmış, satdığı əmlak (həyat yoldaşı) X1 adına olmuşdur. O, yataq xəstəsi olduğundan etibarnamə üzrə onun hüquqlarının yerinə yetirilməsini o icra edib. Qanunvericiliyə görə evi alan adam onun adına bankda açılan hesaba pulu köçürməli və o da alqı-satqı müqaviləsi rəsimləşdikdən sonra həmin məbləği bankdan götürmək hüququ yaranır.Alqı-satqı müqaviləsi rəsimləşdikdən sonra banka yaxınlaşmış ev alqısatqısəndan əldə etdiyi pulu çıxarmaq qisdədikdə bank işçisi pulu ABŞ dollarına vermeyi təklif etdi. 25000 (iyirmi beş min) ABŞ dolları qalanını isə 7437,50 manat şəklində götürmüş. Bundan sonra ona pul lazım olduqca ABŞ dollarını manata çevirmişdir.Keçmiş Azərbaycan Respublikası Vegilər nazirliyi 2 saylı ərazi vergilər baş idarəsi tərəfindən ona xx.xx.2020-ci il tarixli **********067800 nömrəli vergi orqanına dəvət məktubu göndərilmişdir. Həmin ərəfədə pandemiya ilə əlaqədər 70 yaşı olduğundan evi tərk etmək təhlükəli olduğundan xx.xx.2020-ci il tarixdə 2 saylı vergilər baş idarəsinə məktublu alqısatqı müqaviləsini və əldə etdiyi pulun qəbzlərini göndərmiş, sonradan məlum olur ki, 2 saylı ərazi vergilər baş idarəsi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2(119)- 291/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Ona işə baxan hakim bildirib ki, 2 saylı ərazi vergilər baş idarəsinə sənədləri aparmaq lazımdır ki, onlarda sənə hesablanan 6828,72 manat məbləğində vergi borcu silinsin. Lakin o, sənədləri 2 saylı ərazi vergilər baş idarəsinə təqdim etməyinə baxmayaq barəsində hesablanan 6828, 72 manat məbləğində pulu silinməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən 42562,5 manat məbləğində gəlir əldə etməsinə baxmayaraq müvafiq vergi bəyannaməsini vergi orqanına təqdim etmədiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********021400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir.Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün analoji qaydada 2019-cu il üzrə 5958,75 manat gəlir vergisi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********831700 nömrəli Qərarı göndərilmişdir.Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir..........Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X3 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur: Cavabdeh tərəfindən qəbul edilmiş, “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2020-ci il tarixli, **********831700 nömrəli qərarın surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı barəsində konvertasiya olunmuş vəsaitin hansı dövrlərin gəlirinə aid olması məqsədilə vergi orqanı tərəfindən yoxlama təyin edilmiş və yoxlamanın nəticəsi olaraq xx.xx.2020-ci il tarixli, **********831700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab edilir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Nəzərə alınmaldır ki, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2020-ci ildə aparılıb və 2016-ci ilin sonlarından hal-hazıradək Azərbaycan manatın ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməyib. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1 (bir) manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edildi və 34% ucuzlaşdırıldıqdan sonra 1 (bir) dollar 1,05 manata bərabər oldu. X5 Heyəti 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etdi. 21 dekabr 2015-ci il tarixindən sonra 1 (bir) ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 (bir) ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yəni Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə həmin vəsaitdən konvertasiyası nəticəsində 42562,5 manat gəlirin əldə edilməsindən söhbət gedə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi İddiaçı tərəfindən 2020-ci ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********831700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında xx.xx.2020-ci il tarixli, **********831700 nömrəli qərarı ləğv olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2929/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2929/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver