Məhkəmə qərarları › İş №2-1(118)-2931/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2931/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2931/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi, mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alnanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün ərizənin Suqmayıt şəhər İcra Hakimiyyətinə daxil olduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən müvəqqəti mənil kirayəsi xərclərinin hesablanması vəzifəslərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi,mənzil və ya fərdi yaşayış evinin tikintiis üçün torpaq sahəsi alnanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün ərizənin Sumqayıt şəhər İcra Hakimiyyətinə daxil olduuğu gündən, yəni xx.xx.2022-ci il tarixdən müvəqqəti mənil kirayəsi xərclərinin hesablanması vəzifəslərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnik-leytenant İddiaçı 1995-1999-cu illərdə Türkiyə Respublikasında hərbi liseydə və 1999-2003-cü İllərdə Türkiyə Respublikasının X1 Quru Qoşunları Hərbi Məktəbində yüksək göstəricilərlə ali hərbi təhsil almış, peşəkar hərbçi olaraq 2003-2021-ci illərdə Azərbaycan Ordusunda zabit kimi xidmət keçmişdir. 2003-2004-cü illərdə Azərbaycan Ordusunun zabiti kimi Türkiyə Respublikasında stajorluq müddətini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıtmış və xidmətinin əsas hissəsi 2004-2012-ci illəri ön xətt bölmələrində düşmənlə bilavasitə təmas vəziyyətində keçmişdir. 2012-2022-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixdə polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. 2020-ci ildə Vətən müharibəsində tabor komandiri kimi iştirak etmiş, Füzuli, Xocavənd, Şuşa və Laçın bölgələrində döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Müharibə veteranıdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2010-cu il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalla təltif edilmişdir. 2019-2020-ci illərdə BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada Azərbaycan Respublikasından müşahidəçi qismində iştirak etmiş ilk iki hərbçidən biridir. Evlidir, ailəsi 4 nəfərdən ibarətdir, mülkiyyətində mənzil yoxdur, başqasının mülkiyyətində olan müvəqqəti yaşayış sahəsində qalırlar. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməyinə qanuni köməklik göstərilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 193 nömrəli “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması haqqında” sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Daha sonra ehtiyatda olan zabit kimi müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə xx.xx.2022-ci il tarixində cavabdehə müraciət ünvanlamışdır. Müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, C- 35/2-068/2-T/1 saylı cavab məktubu ilə mənzil kirayəsi haqqının ödənilməsinə köməklik göstərilməsindən imtina edilmiş, öz arzusu ilə ehtiyata buraxıldığından ehtiyata buraxılma səbəbinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin qərarında mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadığı cavab məktubunda səbəb olaraq göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, xx.xx.1980-cı il təvəllüdlü polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 01299 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında ” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdadır.Ərizəçi müraciəti ilə əlaqədar şəhər İcra hakimiyyətində qəbul edilmiş, ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya müəyyən edilməsinə dair qaldırdığı məsələ üzrə qanunvericiliyin tələbləri barədə məlumat verilmişdir.Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991 -ci il tarixli 36 nömrəli «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanlan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra Hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir.Göründüyü kimi göstərilən qanun normasına əsasən öz arzusu ilə ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənlməsi nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş : -İddiaçıya məxsus hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. -Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 193 nömrəli sərəncamından görünür ki, İddiaçı 4 nəfərdən ibarət ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. - cavabdehin imtina məktubundan görünür ki, öz arzusu ilə ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənlməsi nəzərdə tutulmadığından iddiaşıya imtina cavabı verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Cavabdehin həm imtinasının, həm də etirazının əsas dəlili ondan ibarətdir ki, yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. İddiaçı öz arzusuna görə ehtiyata buraxıldığndan və bu əsasla ehtiyata buraxılmış hərbi qulluqçunun mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmadığından iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvercii mənzil kirayə xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni, həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olmaq hüququnu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən müvəqqəti mənzil kirayəsi üçün kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar