Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-294/2021 05.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 ( AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı 15 may 1986-cı il tarixdən 1996-cı ilədək və 06 yanvar 1997-ci ildən 12 dekabr 1999-cu il tarixə kimi işlədiyi dövrlərin sosial sığorta dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı 12.03.1973-cü ildən 12.12.1999-cu ilə kimi olan müddətdə sosial siğorta stajının müəyyən edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 15 may 1986-cı il tarixdən 1996-cı ilədək və 06 yanvar 1997-ci ildən 12 dekabr 1999-cu il tarixə kimi işlədiyi dövrlərin sosial sığorta dövrlərin sosial sığorta stajına daxil edilməklə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. 01.09.1970-ci ildə 35 saylı X6 məktəbinə daxil olmuş, təmirçi-çilingər ixtisası üzrə təhsil almış və 21.07.1972-ci ildə tam kursu bitirmişdir. 12.03.1973-cü ildən əmək fəaliyyətinə başlamış, 23.04.1974- cü il hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən qayıdaraq 21.06.1976-cı ildən 05.05.1986-cı il tarixədək N saylı hərbi hissədə fəhlə işləmişdir. Azmənzilsənayetikintitəmir birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində 15.05.1986-cı ildən 1996-cı ilədək təmirçi çilingər işləmişdir. Yenə əmək fəliyyətini davam etdirib 06.01.1997-ci ildən 12.12.1999-cu ilə kimi həmin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində təmirçi-çilingər işləmişdir. Ümumilikdə, 28 il ümumi əmək stajına malikdir. Hazırda 63 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar cavabdeh orqana müraciət etmiş 10 iyul 2019-cu il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, şöbəyə təqdim etdiyi ərizəyə əmək kitabçasını təqdim etmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Hazırda o, əmək kitabçasını təqdim edə bilmir, ona görə ki, naməlum şəraitdə əmək kitabçasını itirmişdir. Bununla əlaqədar cavabdeh orqan ona pensiya təyin etməkdən imtina etmişdir. Lakin o, iş yerləri barədə arxiv arayışlarını cavabdeh orqana təqdim etmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən onun əmək fəaliyyətində olmaqla sığorta stajı müəyyən olunmalı və pensiya hüququ tanınmalıdır. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş arxiv arayışları ilə iddiaçının 15 il 11 ay 11 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Bundan başqa onun hərbi xidmətdə olduğu dövr və X6 məktəbində təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə cəmi stajı 18 il 08 ay 02 gün təşkil etmişdir. Lakin onun 15.05.1986-cı ildən 1996-cı ilədək və 06.01.1997-ci ildən 12.12.1999-cu ilədək 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işləməsi faktı öz təsdiqini tapmadığından həmin dövr cavabdeh tərəfindən onun sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının təlb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İş materiallarında olan : - İddiaçı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. - Sumqayıt 10 nömrəli Peşə Liseyinin 19.03.2019-cu il tarixli 50 saylı arayışdan görünür ki, İddiaçı 01.09.1970-ci ildə 35 nömrəli X6 Məktəbinə daxil olmuş, təmirçi-çilingər ixtisası üzrə təhsil almış, tam kursu 21.07.1972-ci idə bitirmişdir. -НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 05.05.1974-cü il tarixdən 28.05.1976-cı ilə qədər hərbi xidmətdə olmuşdur. -AR Müdafiə Nazirliyi N saylı hərbi hissənin 12.03.2019-cu il tarixli 211 saylı arayışından görünür ki, İddiaçı 21.06.1976-05.05.1986-cı il tarixədək N saylı hərbi hissədə fəhlə işləmişdir. -AR Dövlət Neft Şirkətinin Azərkimya İB Etilen-Polietilen Zavodu tərəfindən verilmiş 07.03.2019-cu il tarixli 33 saylı arayışdan görünür ki, SOCAR Azərkimya İB Etilen-Polietilen Zavodunun 3-cü arxiv fondunda yerləşən keçmiş “X5” zavodunun sənədlərinə əsasən, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 09.03.1973-cü il tarixli 33 saylı əmrlə 12.03.1973-cü ildə çilingər vəzifəsinə qəbul olunmuş, 24.04.1974-cü il tarixli 48 saylı əmrlə Sovet Ordusu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. - “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 10.04.2019-cu il tarixli 72 saylı arxiv arayışından görünür ki, “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində işləmiş İddiaçı həqiqətən 15.05.1986-cı ildən 1996-cı ilə kimi təmirçi çilingər vəzifəsində işləmişdir. - “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 10.04.2019-cu il tarixli 72 saylı arxiv arayışından görünür ki, 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində işləmiş İddiaçı həqiqətən 06.01.1997-ci ildən 12.12.1999-cu ilə kimi təmirçi çilingər vəzifəsində işləmişdir. - DSMF-nin 1 saylı Regional Ərazi filialının 02.09.2020-ci il tarixli **********4 saylı məktubundan görünür ki, 2006-cı ilin yanvarın 1-dək siğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən olunur. İddiaçı şöbəyə siğorta stajını təsdiq edən 09.03.1973-cü il tarixdən 24.04.1974-cü il tarixədək, 21.06.1976-cı il tarixdən 05.05.1986-cı il tarixədək, 15.05.1986-cı il tarixdən 1996-cı il tarixədək, 06.01.1997-ci il tarixdən 12.12.1999-cu il tarixədək arxiv arayışlarını təqdim etmişdir. Onun əvvəlki müraciəti araşdırılarkən təqdim etdiyi 15.05.1986-cı ildən 1996-cı ilədək, 06.01.1997-ci idən 12.12.1999-cu ilədək 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işləmə faktı üzrə müvafiq yoxlama aparılmışdır. Bu fakt öz təsdiqini tapmamışdır, qeyd olunan səbəbdən həmin dövrlərin sosial siğorta stajına nəzərə alınması mümkün deyildir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş cavab məktubundan görünür ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt Filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. “Azərikimyatəmir” Trestinin 1 saylı TTQİ üzrə 1986 və 1996-cı ilə dair əmrlər kitabına və Mənzil Sosial Tikinti Quraşdırma Trest üzrə 1996-cı ilə dair T-2 şəxsi vərəqlərinə baxılmış İddiaçı barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin tərkibində Sumqayıt Təmir Tikinti Quraşdırma İdarəsi 03.01.2005- ci il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin məüssisənin ləğv olunması və ya yenidən təşkil olunması barədə məlumat qeydə alınmamışdır. Müəssiənin sənədlərinin dövlət arxivinə təhvil verilmədiyindən iddiaçının işə qəbul edilmə, işdən azad olma barədə əmrlər və əmək haqqı cədvəllərinim mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Belə olan halda iddiaçının 1986-1996,1997-1999-cu illərdə həmin müəssisədə işləməsi barədə müəssisənin verdiyi arayışların mötəbərliyi şübhə yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində işldiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı 15 may 1986-cı il tarixdən 1996-cı ilədək və 06 yanvar 1997-ci ildən 12 dekabr 1999-cu il tarixə kimi işlədiyi dövrlərin sosial sığorta dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-294/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-294/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver