Məhkəmə qərarları › İş №2-1(118)-2945/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2945/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2945/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan hər biri 1,0 ha (ümumilikdə 4.0 ha) olan yaşayış sahələri torpaqlarında "xxxx" MMC tərəfindən inşa edilən 13 ədəd, 2 girişli, 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan hər biri 1,0 ha (ümumilikdə 4.0 ha) olan yaşayış sahələri torpaqlarında "xxxx" MMC tərəfindən inşa edilən 13 ədəd, 2 girişli, 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayon İcra Hakimiyyətinin 66 saylı 24 fevral 2014-cü il tarixli sərəncamı ilə "xxxx" MTK-ya (iddiaçı "xxxx" MMC onun hüquq varisidir) mülkiyyətində olan Masazır kəndində yerləşən 4,0 ha torpaq sahəsində 13 ədəd 2 girişlı 12 mərtəbəli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən tikinti obyektinə "xxxx" MMC tərəfindən layihələndirimiş tikinti layihəsinə dair xx.xx.2015-ci il tarixli 19692 saylı dövlət ekspertiza müəssisəsinin rəyi verilmişdir. Həmin layihə və dövlət ekspertiza müəssisəsinin rəyi nəzərə alınmaqla Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 006 saylı 10 fevral 2015-ci il tarixli “Tikinti işlərinin başlanması üçün əsas olan “Xüsusi Nişan” verilmişdir. Bunların əsasında Abşeron rayon İcra Hakimiyyətinin 081/1 saylı 09 dekabr 2016-cı il tarixli obyektin tikintisinə icazəsi verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən yaşayış binalarının tikintisinə dövlət nəzarəti həyata keçirilir və nəzarət mexanizminin qaydaları xx.xx.2015-ci ildə təsdiq edilmişdir. Həmin vaxtı mülkiyyətlərində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmuşdur. 2019-cü ildə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək Abşeron rayon, Masazır kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4,0 ha. torpaq sahəsində "xxxx" MTK tərəfindən inşa edilən 13 ədəd 2 girişlı 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikililərin Dövlət reyestrinə daxili edilməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin vəsatəti komitə tərəfindən təmin edilməmiş və Komitənin 21 oktyabr 2019cu il tarixli xx/xx-5977 saylı məktubu ilə buna əsas olaraq üzərində yaşayış binalarının tikilməsi nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olduğu və torpağın kateqoriyası dəyişdirildikdən sora müraciətə yenidən baxılacağı bildirilmişdir. X6 2023-cü ildə məlum olmuşdur ki, Abşeron rayon İcra Hakimiyyətinin 66 saylı 24 fevral 2014-cü il tarixli sərəncamı ilə ayrılmış 4,0 ha. kənd təsərrüfatlı torpaq sahəsinin də yerləşdiyi ərazidə olan torpaq sahələrinin təyinatı dəyişdirilərək yaşayış sahəsi torpaqlarına aid edilmiş və bu barədə elektron kadastr bazasında qeydiyyat aparılmışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun olaraq həmin 4,0 ha. torpaq sahəsi hər biri 1 ha. olmaqla xx.xx.2023 və xx.xx.2023-cü il tarixli çıxarışlarla X5 xüsusi mülkiyyətinə verilmişdir. Bundan sonra iddiaçı Şövqi Dadaşov 0102 saylı 11 iyun 2024-cü il tarixli məktubla cavabdeh inzibati orqana - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək Komitə tərəfindən Abşeron rayon İcra Hakimiyyəti başçısına (surəti "xxxx" MTK-ya) ünvanlanmış 21 oktyabr 2019- cu il tarixli xx/xx-5977 saylı məktubla Abşeron rayon. Masazır kəndi ərazisində yerləşən 4,0 ha. torpaq sahəsində "xxxx" MTK tərəfindən inşa edilən 13 ədəd 2 girişlı 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikililərin Dövlət Reyestrinə daxili edilməsinin qanunsuz hesab edilməsinə əsas kimi göstərilmiş halın, üzərində yaşayış binalarının tikilməsi nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olması halının artıq olmadığını, həmin torpaq sahələrinin 2023-cü ildən yaşayış sahələri torpaqlarına aid edilməsini nəzərə alaraq ona məxsus kənd təsrrüfatı təyinatlı torpaqların çıxarışlarında dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərizə İdarəsinə müraciəti əsasında yeni çıxarışlar verilərək torpağın təyinatı yaşayış sahəsi torpaqları kimi qeyd edilmişdir. Müraciətdə həmin məsələyə yenidən baxılmasına (kod, nişanın verilməsi) və müsbət qərar verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Müraciətə aidiyyəti sənədlər 08 vərəqədə əlavə edilmişdir. Lakin cavabdeh inzibati orqan müraciətə “inzibati icraat haqqında qanunun” tələblərinə uyğun olaraq baxmalı olduğu halda 4 ay müddətində cavab verməmişdir. Cavabdeh inzibati orqan bu hərəkətsizliyi ilə iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 19 iyun 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, izahatında bildirmişdir ki, maddi hüquq normalarının zamana görə tətbiqi məsələsi var. 4 nömrəli yanvar 2015-ci il tarixli qərarla tikililərin reyestri, kod verilmə məsələsi tənzimlənir. Həmin qərarda nə sıxlıq məsələsi, nə tikiliyə 3 ildən tez başlama məsələsi imtina məsələsi kimi göstərilmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 24 iyun 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Abşeron RİH tərəfindən Masazır kəndində 13 ədəd 2 girişli 12 mərtəbəli yaşayış binasının inşasına xx.xx.2016-ci il tarixli 081/1 nömrəli Obyektin tikintisinə icazə sənədi verilmişdir. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 66 nömrəli sərəncamı tikinti obyektinin layihələndirilməsinə aid olduğundan tikintiyə icazə sənədi kimi qəbul edilə bilməz. Bələ ki, tikinti obyektinin layihələndirilməsi xx.xx.2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə təsdiq edildikdən sonra tikinti obyektinə xx.xx.2016-ci il tarixli 081/1 nömrəli tikintiyə icazə sənədi verilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, "xxxx" MTK-ya Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 19692 nömrəli müsbət rəyi və xx.xx.2015-ci il tarixli Tikintidə Dövlət Nəzarəti Jurnalları Obyektin tikintisinə icazə sənədindən əvvəlki dövrə təsadüf etdiyindən, qanuni hesab edilə bilməz. Eyni zamanda Abşeron RİH tərəfindən xx.xx.2019-cu il tarixli X/814 nömrəli məktub ilə tikintisinə icazə verilmiş sənəd və məlumatları Tikintilərin Dövlət reyestrinə daxil edilməsi ilə bağlı Komitəyə müraciət edilmişdir. Komitənin xx.xx.2019-cu il tarixli xx/xx- 5977 saylı məktubu ilə bildirilmişdir ki, üzərində yaşayış binalarının tikilməsi nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olduğundan torpağın kateqoriyası dəyişdirildikdən sonra müraciətə yenidən baxılacaqdır. "xxxx" MTK-ya ayrılmış 4,0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilərək yaşayış sahəsi torpaqlarına aid edilmiş və bu barədə 2023-cü ildə elektron kadastr bazasında qeydiyyat aparılmaqla X6 hər biri 1 ha olmaqla dörd “Çıxarış” (cəmi 4 ha) verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli 0104/006 nömrəli məktubla Abşeron rayonu, Masazır kəndi ərazisində 13 ədəd 2 girişli 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi barədə yenidən müraciət edilmişdir. Komitədə təqdim edilmiş sənədlərin araşdırılması zamanı sözügedən yaşayış binalarının tikintisinə icazənin verildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti işləri başlanılmadığı müəyyən olunmuşdur. Bu səbəbdən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən sözügedən tikintiyə icazə sənədi qüvvəsini itirmişdir. Eyni zamanda Abşeron RİH tərəfindən tikinti icraatı aparılan zaman baxılan layihədə yol verilən ərazinin tikinti əmsalı 3,5 dəfə, lakin qanunvericilikdə olan son dəyişiklikdən sonrada yol verilən ərazinin tikinti əmsalı 2,2 dəfə artıq qəbul edilmişdir. Həmin parametrlər üzrə tikinti işlərinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın müddəalarına ziddir. Göründüyü kimi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən yaşayış binalarının tikintisinə icazənin verildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti işləri başlanılmadığı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 66 saylı sərəncamına əsasən Yeni Masazır MTK-ya mülkiyyətində olan Masazır kəndində yerləşən 4.0 ha torpaq sahəsində 13 ədəd 2 girişli 12 mərtəbəli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən tikinti obyektinə "xxxx" MMC tərəfindən layihələndirilmiş tikinti layihəsinə dair xx.xx.2015-ci il tarixli 19692 saylı dövlət ekspertiza müəssisəsinin rəyi verilmişdir. Rəydə nəticə olaraq qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yaşayış kompleksi üzrə işçi layihəsi və bütün işlərin icrasının Azərbaycan Respublikası qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərtilə razılaşdırılır. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən tikinti işlərinin başlaması üçün əsas olan 10 fevral 2015-ci il tarixli 006 saylı xüsusi nişanın, 09 dekabr 2016-cı il tarixli 081/1 saylı obyektin tikintisinə icazə sənədinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintilərin Dövlət reyestri Tikinti obyektlərinə verilən koda dair AZE seriyalı 001968 saylı Şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 261 saylı sərəncamına əsasən Yeni Masazır-A MTK-nə daşınmaz əmlakın dövlət reyestri xidməti RX seriyalı, ******* saylı çıxarış ilə X2 mülkiyyətində olan 0.9999 ha torpaq sahəsində 8 girişli, 10 mərtəbəli yaşayış binalarından ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Yeni Masazır MMC-nin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfindən verilmiş 26 may 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, həmin yaşayış binalarındakı mənzillərə dair 80-dən çox vətəndaşla müqavilələr bağlanmışdır. Həmin müqavilələrdən 3 ədədi inzibati işin materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan hər biri 1,0 ha (ümumilikdə 4.0 ha) olan yaşayış sahələri torpaqlarında "xxxx" MMC tərəfindən inşa edilən 13 ədəd, 2 girişli, 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Abşeron RİH tərəfindən Masazır kəndində 13 ədəd 2 girişli 12 mərtəbəli yaşayış binasının inşasına xx.xx.2016-ci il tarixli 081/1 nömrəli obyektin tikintisinə icazə sənədi verilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 66 nömrəli sərəncamı tikinti obyektinin layihələndirilməsinə aid olduğundan tikintiyə icazə sənədi kimi qəbul edilə bilməz. Bələ ki, tikinti obyektinin layihələndirilməsi xx.xx.2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə təsdiq edildikdən sonra tikinti obyektinə xx.xx.2016-ci il tarixli 081/1 nömrəli tikintiyə icazə sənədi verilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, "xxxx" MTK-ya Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2015ci il tarixli 19692 nömrəli müsbət rəyi və xx.xx.2015-ci il tarixli Tikintidə Dövlət Nəzarəti Jurnalları Obyektin tikintisinə icazə sənədindən əvvəlki dövrə təsadüf etdiyindən, qanuni hesab edilə bilməz. Eyni zamanda Abşeron RİH tərəfindən xx.xx.2019-cu il tarixli X/814 nömrəli məktub ilə tikintisinə icazə verilmiş sənəd və məlumatları Tikintilərin Dövlət reyestrinə daxil edilməsi ilə bağlı Komitəyə müraciət edilmişdir. Komitənin xx.xx.2019-cu il tarixli xx/xx-5977 saylı məktubu ilə bildirilmişdir ki, üzərində yaşayış binalarının tikilməsi nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olduğundan torpağın kateqoriyası dəyişdirildikdən sonra müraciətə yenidən baxılacaqdır. "xxxx" MTK-ya ayrılmış 4,0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilərək yaşayış sahəsi torpaqlarına aid edilmiş və bu barədə 2023-cü ildə elektron kadastr bazasında qeydiyyat aparılmaqla X6 hər biri 1 ha olmaqla dörd “Çıxarış” (cəmi 4 ha) verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli 0104/006 nömrəli məktubla Abşeron rayonu, Masazır kəndi ərazisində 13 ədəd 2 girişli 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi barədə yenidən müraciət edilmişdir. Komitədə təqdim edilmiş sənədlərin araşdırılması zamanı sözügedən yaşayış binalarının tikintisinə icazənin verildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti işləri başlanılmadığı müəyyən olunmuşdur. Bu səbəbdən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən sözügedən tikintiyə icazə sənədi qüvvəsini itirmişdir. Eyni zamanda Abşeron RİH tərəfindən tikinti icraatı aparılan zaman baxılan layihədə yol verilən ərazinin tikinti əmsalı 3,5 dəfə, lakin qanunvericilikdə olan son dəyişiklikdən sonrada yol verilən ərazinin tikinti əmsalı 2,2 dəfə artıq qəbul edilmişdir. Həmin parametrlər üzrə tikinti işlərinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın müddəalarına ziddir. Göründüyü kimi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən yaşayış binalarının tikintisinə icazənin verildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti işləri başlanılmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. 48.3. Layihəçi: 48.3.1. tikinti layihəsinin rəhbərini (baş memarını və ya baş mühəndisini) təyin edir və bu barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir; 48.3.2. tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır; 48.3.3. sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır; 48.3.4. ekspertiza müəssisələrinin iradları əsasında tikinti layihəsində müvafiq dəyişikliklər edir; 48.3.5. tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun aparılmasına müəllif nəzarətini həyata keçirir, aşkar edilmiş qüsurlar və pozuntular barədə sifarişçiyə və podratçıya məlumat verir. Qüsurların və pozuntuların qısa müddətdə aradan qaldırılması üçün sifarişçi və ya podratçı tərəfindən müvafiq tədbirlər görülmədikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanını və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumu məlumatlandırır; 48.3.6. tikinti obyektinin istismara verilməsində iştirak edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; - tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; -«Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2019-cu il tarixli, xx/xx-5977 saylı imtina məktubunda tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin Masazır bələdiyyəsinin baş sxemində örüş yeri kimi qeydiyyata alındığı üçün torpağın kateqoriyası dəyişdirildikdən sonra müraciətə yenidən baxılacağı qeyd edilmişdir. Qeyd edilən hal iddiaçı tərəfindən aradan qaldırılaraq torpaq sahəsinə dair çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri kateqoriyasına dəyişdirilmiş, yenidən cavabdehə müraciət edilmişdir. Abşeron rayon İcra hakimiyyətinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 02 oktyabr 2024-cü il tarixli məktubu ilə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Abşeron rayonu, Masazır kəndi ərazisində tikintilərinə icazə verilmiş 12 mərtəbəli, zirzəmili+texniki mərtəbə çoxmənzilli yaşayış binaları kompleksinin Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi (tikinti obyektinə kodun verilməsi) üçün icazə sənədləri təqdim edilmişdir. Cavabdeh bildirir ki, Komitədə təqdim edilmiş sənədlərin araşdırılması zamanı sözügedən yaşayış binalarının tikintisinə icazənin verildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti işləri başlanılmadığı müəyyən olunmuşdur. Cavabdehin qeyd edilən əsasına münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Məcəllə qüvvəyə minənədək tikintiyə icazə verilməsi üzrə başlanılmış icraat Məcəllənin 75-76-cı maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayon icra hakimiyyəti başçısının sərəncamı xx.xx.2014-cü il tarixdə verilmişdir. Cavabdehin iddiaçı tərəfə ünvanlanmış imtina məktublarında qeyd etməsə də, sonradan məhkəməyə təqdim edilmiş etiraz ərizəsində imtinanın əsası kimi “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a istinad etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar” təsdiq edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 22.7-ci maddəsinə əsasən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən: 1.6.4. həmin Məcəllənin 22.7-ci maddəsinə uyğun olaraq, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. həmin Məcəllənin (...) 22.7-ci, (...) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Yuxarıda sadalanan hüquq normalarını hazırki işin faktiki hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, etiraz ərizəsində “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ı Azərbaycan Respublikasında şəhər və digər yaşayış məntəqələrinin ərazisi və ya ərazi hissələri üçün nəzərdə tutulan baş və müfəssəl planlarda şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması qaydalarını müəyyən edir ki, cavabdehin hazırki iddia tələbinə etirazda həmin Qaydalara istinad etməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin məhkəmə tərəfindən layihədə yol verilən ərazinin tikinti əmsalının müvafiq olaraq 3,5 və 2,2 dəfə artıq olmasına dair sübutların təqdim edilməsi barədə sorğu verilsə də cavabdeh tərəfindən qeyd edilən təsdiqedici məlumat və sübutlar təqdim edilməmişdir. Yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” ilə tənzim edilir ki, cavabdehin etirazında qeyd edilən əsaslar sözügən Qaydalarda nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsasən:

4. Təqdim edilən sənəd və məlumatların Reyestrə daxil edilməsi və kodlaşdırılması 4.1. Reyestr respublikanın inzibati ərazi vahidləri üzrə elektron daşıyıcılarda aparılır. 4.2. Tikintiyə icazə verildikdə bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar Reyestrə ötürülür, həmin məlumatlar Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir və bu barədə bu Qaydaların əlavəsində göstərilən Şəhadətnamə tikintiyə icazə verən orqana (quruma) göndərilir. 4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir. Həmin məlumatlar 3 iş günü ərzində Komitənin internet səhifəsində yerləşdirilir. 4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir Reyestrə göndərə bilər. 4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. 44.6. Reyestrdə qeydə alınmış tikintilərə verilən kodlar aşağıdakı kimi formalaşır: 4.6.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tərtib etdiyi “İnzibatiərazi bölgüsü təsnifatı”na əsasən inzibati ərazi kodu; 4.6.2. tikinti yerləşdiyi torpaq sahəsinin mülkiyyət forması (dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət olması); 4.6.3. bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu; 4.6.4. Reyestrdə qeydə alındığı nömrə və bu nömrənin verildiyi ay və il. Məsələn: 30900002-1-1101-000001/0112 burada : 30900002- Sumqayıt inzibati-ərazi bölgüsü təsnifatına əsasən inzibati ərazi kodu; 1-tikinti yerləşən torpaq sahəsinin mülkiyyət növü – yəni dövlət mülkiyyəti; 1101-bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu - yəni çoxmənzilli çoxmərtəbəli yaşayış binası; 000001- Reyestrdə qeydə alındığı nömrə; 0112-isə tikintinin qeydə alındığı ay və ildir (2012-ci il yanvar). 4.7. Tikinti obyektinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum) bu Qaydaların 3.1.2-ci yarımbəndində və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir və 3 (üç) iş günü müddətində bu məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir. 4.8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Mənzil X8 (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə mövcud tikinti obyektlərinə münasibətdə) isə 95.4-cü maddələrinə müvafiq olaraq sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdikləri tarixdən 10 (on) gün müddətində X7 İnformasiya Sistemi vasitəsilə ötürürlər. 4.9. Bu Qaydaların 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 4.2-ci, 4.3-cü və 4.7-ci bəndlərində nəzərdə tutulmuş məlumatların ötürülməsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 14. Sübut etmə vəzifəsi 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan hər biri 1,0 ha (ümumilikdə 4.0 ha) olan yaşayış sahələri torpaqlarında "xxxx" MMC tərəfindən inşa edilən 13 ədəd, 2 girişli, 12 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar