Məhkəmə qərarları › İş №2-1(118)-295/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-295/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-295/2022 18.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “Sumqayıt Sintez-kauçuk zavodunda işləmiş olduğu 2008-ci ilin 25 may tarixi və 2010-cu ilin 25 may tarixi dövrü üçün ona çatacaq pensiya məbləğinin ödənilməsinin cavabdeh təşkilatın öhdəsinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “Sumqayıt Sintez-kauçuk zavodunda işləmiş olduğu 2008-ci ilin 25 may tarixivə 2010-cu ilin 25 may tarixi dövrü üçün ona çatacaq pensiya məbləğinin ödənilməsinin cavabdeh təşkilatın öhdəsinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1958-ci il tarixində anadan olmuşdur. 2010-cu il 25 may tarixində 50 yaşı tamam olmuşdur. O, 1975-ci il tarixindən Sumqayıt Sintez Kauçuk zavodunda əmək şəraiti xüsusilə zərərli olan sexlərdə işləyir. Orada E-2, KN-2, Bentol sexlərində işləmiş, hazırda da spirt sexində işləyir. 2010-cu il tarixində pensiyaya çıxmış və ona həmin tarixdən başlayaraq 136 manat məbləğində pensiya təyin edilmişdir. Halbuki o, 50 yaşında, yəni 2008-ci il may tarixində pensiyaya çıxmalı idi, gec çıxsa da həmin müddət üçün hesablanan məbləği almalı idi. Belə ki, "Vətəndaşların pensiya təminatı haqqında" AR Qanununa əsasən ağır işlərdə çalışan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər 50 yaşına çatdıqda və 10 il güzəştli sosial sığorta stajına malik olduqda pensiyaya çıxa bilərlər. Bu səbəbdən də, xx xxx 1958ci il tarixində doğulduğundan 25 may 2008-ci il tarixidə onun 50 yaşı tamam olmuş və həmin tarixdən də ona təyin olunmuş pensiya məbləğini ala bilərdi. Bu səbəbdən də DSMF-nin Sumqayıt şəhər şöbəsinə dəfələrlə şifahi müraciət etmiş, lakin rədd cavabı almışdır. Ona görə də təkrarən rəsmi olaraq 15 iyul 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir ki, ona yaşa görə 2010-cu il tarixindən əmək pensiyası təyin edilərkən pensiyası düzgün hesablanmamış və pensiyanın 2 ili ödənilməmişdir. Cavabdeh təşkilat isə onun ərizəsinə rəsmi cavab verməmişdir. Cavabdeh təşkilatın bu hərəkəti qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, 2008-ci il tarixdən 2010-cu il tarixədək ödənilməyən pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən həmçinin “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla iddiaçıya 01.10.2010-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin a bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 01.08.1997-ci il tarixdən 01.08.2000-ci il tarixədək hər il 6 ay artırılmışdır. Göründüyü kimi, 01.08.2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 29 iyun 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının 50 yaşdan hesablanmasından imtina edilmişdir. - İddiaçıya məxsus ИТ-İ №0009948 saylı əmək kitabçasından görünür ki, iddiaçı 26 aprel 1977-ci ildən 14 aprel 1979-cu ilədək hərbi xidmətdə olmuş, 03 noyabr 1975-ci ildən 11 aprel 1977-ci ilədək, 22 may 1979-cu ildən hazırki tarixədək əmək fəaliyyəti ilə məşğul olur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 01.10.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının 25 may 2008-ci il və 25 may 2010-cu il dövrü üçün ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 29 iyun 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, idiaçı ona 25 may 2008-ci il və 25 may 2010-cu il dövrü üçün əmək pensiyasının ödənilməsini istəyir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı inzibati orqana ona ödənişin 25 may 2008-ci il və 25 may 2010-cu il dövrü üçün ödənilməsi ilə bağlı 06 aprel 2021-ci ildə müraciət etmişdir. Belə olan halda iddiaçıya əmək pensiyasının ödənilməsi üçün hansı dövrdə qüvvədə olan qanunvericiliyin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə Əmək pensiyaları haqqında Qanunun əvəllər, yəni iddiaçının pensiya hüququnun yarandığı 2008-ci il tarixdə qüvvədə olan normalarının və ya 01 iyul 2017-ci ildən sonra qüvvədə olan normalarının tətbiqinə münasibət bildirilməsini vacib sayır. Əmək pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri ilə çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 yul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Hazırki işdə iddiaçı 01.01.2017-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə iddiaçının ona 25 may 2008-ci il və 25 may 2010-cu il dövrü üçün pensiyanın ödənilməsi ilə bağlı 01 iyul 2017-ci il tarixədək inzibati orqana müraciət etməsi və ya müraciət etməsinin səbəbinin üzrlü olması müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “Sumqayıt Sintez-kauçuk zavodunda işləmiş olduğu 2008-ci ilin 25 may tarixi və 2010-cu ilin 25 may tarixi dövrü üçün ona çatacaq pensiya məbləğinin ödənilməsinin cavabdeh təşkilatın öhdəsinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “Sumqayıt Sintez-kauçuk zavodunda işləmiş olduğu 2008-ci ilin 25 may tarixi və 2010-cu ilin 25 may tarixi dövrü üçün ona çatacaq pensiya məbləğinin ödənilməsinin cavabdeh təşkilatın öhdəsinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar