Məhkəmə qərarları › İş №2-1(118)-295/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-295/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-295/2025 18.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, X5-8, ev 25, mənzil 30 ünvanında nağdsız qaydada aldığı yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Bakı şəhəri, Yasamal rayonu, X5-8, ev 25, mənzil 30 ünvanında nağdsız qaydada aldığı yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması öhdəliyini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MİDA-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, X5-8 ünvanında inşa edilən 25 nömrəli binanın 2 otaqlı 30 saylı mənzilini nağdsız qaydada almışdır. Bununla bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı cavabdehə yazılı şəkildə müraciət etmiş. 11 may 2023-cü il tarixli **********403900 nömrəli cavab məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Qeyd etmək istəyir ki, mənzilin alınması zamanı pandemiya dövri idi, habelə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə bağlı ona cavabdeh tərəfindən hər hansı məlumat və izah verilməmişdir. Ona görə də qeyd etdiyi ünvanda aldığı yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin cavabdeh tərəfindən məcburi qaydada mənə qaytarılması barədə qərar qəbul edilməlidir.İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində hüququnun məhdudlaşdırmasını o cümlədən, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə bağlı vergi orqanı tərəfində iddiaçıya hər hansı məlumat və izahat verilmədiyini qeyd etmişdir.Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildirilir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023cü il tarixdə vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə xx.xx.2020-ci il tarixli mənzilin alqı- satqısına dair müqavilə və xx.xx.2020ci il tarixli ödəniş tapşırığını əlavə etmişdir.Müraciət araşdırılarkən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələblərinə cavab vermədiyi, müraciət üçün nəzərdə tutulmuş 90 gün müddətinin ötürüldüyü müəyyən edilmişdir.Belə ki, iddiaçının vergi orqanına təqdim etdiyi MİDA 308/20 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2020-ci il tarixdə ödənilmişdir.Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Göründüyü kimi, portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq alıcı tərəfindən ödənişin xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsinin alınması zamanı ödənilmiş ƏDV-nin nəzərdə tutulan hissəsinin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilməmiş, müddət ötürüldükdən sonra yəni, xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir.Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara – cavabdehin **********403900 nömrəli imtina məktubunun surəti, xx.xx.2023-cü il tarixli qərarının surəti, cavabdehin etiraz ərizəsi, müqavilələrin surəti, ödəniş tapşırığının surəti, maliyyə arayışlarının surəti və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri barədə ödənişinin tam şəkildə ödədiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Baş İdarə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının müraciətinə müvafiq Baş İdarə rəsmi cavab vermiş və bu qəbildən olan mübahisələrin cavabklandırılması səlahiyyəti Milli Gəlirlər Baş İdarəsinə aiddir. Belə olduğu tədqirdə Baş İdarənin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Baş İdarəyə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü iıl tarixli imtina qərarı ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının faktiki ünvanının Qobustan rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Milli Gəlirlər Baş İdarəsinə qarşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin ödənilməsi səbəbindən ƏDV-nin bir hissəsini geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Lakin, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1 -ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən isə dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq alıcı tərəfindən ödənişin xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsinin alınması zamanı ödənilmiş ƏDV-nin nəzərdə tutulan hissəsinin qaytarılması ilə bağlı iddiaçı tərəfindən vergi orqanına müraciət edilməmiş, müddət ötürüldükdən sonra yəni, xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüququnun pozulması müəyyən edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, X5-8, ev 25, mənzil 30 ünvanında nağdsız qaydada aldığı yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinədair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar