Məhkəmə qərarları › İş №2-1(118)-2954/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2954/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2954/2025 09.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binasına dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 6 noyabr 2004-cü il tarixli, 3M/772 reyestr nömrəli “Torpaq alqı-satqı müqaviləsi”ndən görünür ki, “Rzayev M.M.” və onun ailə üzvləri “Torpağa mülkiyyət hüququna dair” JN 680 KOD 30800108 Akta əsasən Abşeron Qobustana aid hissədən yerləşən ümumi sahəsi 1,1768 ha olan torpaq sahəsinin 0,3 ha torpaq sahəsini İddiaçı satmışdır.

2. 15 dekabr 2004-cü il tarixli, JN 0736, KOD 30800108 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Abşeron rayonun 1 saylı Dövlət Notariat Kontorunun 6 noyabr 2004-cü il tarixli, 3M/772 nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı 0,2999 ha torpaq sahəsi satılmışdır.

3. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2009-cu il tarixli, 203 nömrəli sərəncamından görünür ki, İddiaçı “Torpağa mülkiyyət hüququna dair” JN-0736 KOD 30800108 saylı Dövlət Aktı ilə məxsus, Məmmədli kəndində yerləşən 0,2999 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında istehsalat sexinin yenidən qurulmasına icazə verilmişdir.

4. “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” 5 iyul 2011-ci il tarixli, 496/1 nömrəli Akt.

5. Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin İddiaçı müraciətinə müvafiq olaraq Məmmədli kəndində tikilmiş istehsalat sexinin istismara qəbula dair “Texniki baxış rəyi”.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı adına tərtib edilmiş “Yerquruluşu planı”nda ümumi torpaq sahəsinin, 180 kv.m tikintialtı sahəsinin, 1211 kv.m tikintialtı sahəsinin, qeyri-yaşayış obyektinin yerləşdiyi sahəsinin, 14 kv.m tikintialtı sahəsinin, 169 kv.m tikintialtı sahəsinin döngə nöqtələrin koordinatları və planı göstərilmişdir.

7. Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından (miqyas 1:10.000) 0,2994 ha torpaq sahəsinə dair çıxarış və koordinatları.

8. Abşeron rayon Məmmədli bələdiyyəsinə İddiaçı ödənişlərə dair “Əhalidən vergilərin qəbulu üçün qəbz”lərin surəti.

9. Azərbaycan Respublikası "xxxx" MMC-nin Abşeron rayonu, 1 saylı DNK-nın Ərazisinin bir hissəsində, İddiaçı məxsus torpaq sahəsində yerləşən istehsalat sexinin yenidənqurma “Eskiz layihəsi”ndə 1-2-ci mərtəbələrin, mansardın və fasadın planı göstərilmişdir.

10. "xxxx" MMC-nin 3 fevral 2016-cı il tarixli, 088245 nömrəli, İSN/İ-213/2016 qeydiyyat nömrəli “Lisenziya”sı.

11. "xxxx" ASC-nin 8 iyul 2024-cü il tarixli, 13-13/2-1/01-3-9191/2024 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 2.3-cü bəndinə uyğun olaraq 29 noyabr 2023-cü il tarixli, 13-13/2-1/01-3-10654/2023 nömrə ilə verilmiş rəydə göstərilən qüsurlar aradan qaldırılmışdır.

12. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 6 sentyabr 2024-cü il tarixli,5-29/2- 433/2024 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmiş bildirişdən görünür ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının icrası ilə əlaqədar portalda qeydiyyata düşmüş İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində yerquruluşu planı hazırlanmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Fərmanda qeyd olunmuş 1.1.5-ci bəndin 2-ci abzasına uyğun olaraq 0,2994 ha torpaq sahəsinin sənədləşdirilməsi məsələsinə təşkilatda baxılması zərurəti yaranmışdır. Bu baxımdan Fərmanın icrası üçün sözügedən torpaq sahəsinin İddiaçı ayrılması məqsədəuyğundur.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 20 iyun 2024-cü il tarixli, 3-21-3-32/2-8026/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, müayinə zamanı JN-0736 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, JN-0736 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etdiyi torpaq sahəsininin natura quruluşunun və yerinin dəyişdirildiyi, faktiki vəziyyətdə torpaq sahəsinin digər şəxlərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin sözügedən əmlak kompleksi kimi müəssisənin tikililərinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın döviət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 23 avqust 2024-cü il tarixli, 32/332/2-H-0209-35/24 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində qeyri-yaşayış binasına təkrar texniki baxış keçirilmiş, 6 kVt yüksək gərginlikli elektrik xətinin özüdaşıyan izolyasiyalı naqilli hava elektrik xətləri ilə əvəz olunduğu məlum olmuşdur.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 26 avqust 2024-cü il tarixli, 32/332/2-11686/24 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən mülkiyyətinə verilmiş JN-0736 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,30 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, yeri dəyişdirilmişdir. Bu səbəbdən cari dəyişikliyin edilməsi mümkün olmamışdır.

16. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2 dekabr 2024-cü il tarixli, 14-2/2- 5775/2024 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətində göstərilən Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin neft boru kəmərlərinin mühafizə zonası daxilində yerləşib-yerləşmədiyinə dair məlumat verilməsi və həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığı müraciətə baxılmış, qoşmada olan 2 koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda olan torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” idarəsinin istismarında olan Suraxanı-Böyükşor dş 325 mm-lik (istifadəyə verildiyi tarix: 1984-cü il), Dübəndi-Böyükşor dş 530 mm-lik, (istifadəyə verildiyi tarix: 1972-ci il) (hər iki kəmər torpaq sahəsinin daxilindən keçir) və Dübəndi-Böyükşor dş 720 mm-lik (istifadəyə verildiyi tarix 1976-cı il) (torpaq sahəsinin 5.5 metr məsafəsindən keçir) magistral neft kəmərlərinin mühafizə zonası daxilində yerləşir. Qanunvericiliyin tələblərinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilmişdir.

17. 16 iyul 2025-ci il tarixli, 75 nömrəli “2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazə”.

18. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 18 iyun 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 0,2999 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

19. 19 sentyabr 2014-cü il tarixli İddiaçı adına tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Məmmədli kəndində yerləşən torpaq sahəsinin ölçüsü faktiki 0,2996 ha olaraq göstərilmişdir.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 24 aprel 2025-ci il tarixli, 3-21-3-60/2- 1080/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,2999 ha torpaq sahəsi elektron kadastr məlumat bazasında olan bələdiyyə xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir.

21. "xxxx" ASC-nin 6 may 2025-ci il tarixli, 13-9/2-13xx/xx/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən İddiaçı ayrılmış 0,30 ha torpaq sahəsindən və yaxınlığından "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir.

22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 6 may 2025-ci il tarixli, 3-21-3-32/2-7290/2025 nömrəli məktubundan görünür ki, müayinə olunan torpaq sahəsi TEKUİS (X5 X8) elektron baza məlumatlarında dövlət mülkiyyətində olan, kənd təsərrüfatı kateqoriyalı torpaq sahəsi olaraq qeyd olunmuşdur. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları mövcuddur. Əlavə olaraq qeyd edilmişdir ki, müayinə olunan torpaq sahəsinin bir hissəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Müayinə olunan torpaq sahəsinin müayinə aktına əsasən torpaq sahəsinin 6 metr məsafədən singlə izoliyasiya olunmuş 6 kV-luq elektrik xətti keçir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - 24 aprel 2025-ci il tarixli İddiaçı adına tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Məmmədli kəndində yerləşən torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,30 ha olaraq göstərilmişdir. - torpaq sahəsinin planı və koordinatları; - torpaq sahəsinin ortofoto görüntüsü; Torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara dair sənədlər: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 12 yanvar 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 0,06 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 7 sentyabr 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 0,08 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 9 yanvar 2008-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 0,2 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 24 iyun 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 1,909995 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin digər hüquq müəyyənedici sənədlər; - digər torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlər.

23. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 29 may 2025-ci il tarixli, 14-2/2- 2478/2025 nömrəli məktubundan görünür ki, 2994 kv.m torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

24. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən və DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən JN-0736 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında iddiaçıya ayrılmış 0,30 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. İddia tələbində işin hallarına (§1-16) istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan hər imtinasında fərqli-fərqli bəhanələr gətirmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərindəki 6 KvT yüksək gərginlikli elektrik xətti özüdaşıyan izolyasiyalı naqilli hava elektrik xətləri ilə əvəz edilmişdir. Hazırda həmin torpaq sahəsində iddiaçıya məxsus mebel sexi fəaliyyət göstərir. Zamanla tikintinin strukturunda müəyyən dəyişikliklər edilmişdir. İmtina cavabı kimi çıxış edən sürüşmə bəhanəsi tam absurddur. İddiaçı torpaq sahəsinə görə artıq uzun müddətdir ki, vergi ödəyir. Aydındır ki, torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin sənədləri mövcud olsa da, maraqlar toqquşması səbəbindən iddiaçıya imtina cavabı verilmişdir. Hesab edir ki, bu imtina qanunsuzdur və məhkəmə tərəfindən həmin süründürməçilik qeyri-qanuni hesab edilməli və torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə dair iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir.

26. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, prosessual hüquqi əsası kimi isə İPM-in 12-ci maddələrinə istinad olunmuşdur.

27. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 18 iyun 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş **********84 reyestr nömrəli 0,2999 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinə (istehsalat sexi) dair mülkiyyət hüquqları qeydiyyatına alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 9 sentyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

28. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

29. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

30. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

31. Etiraz onunla əsaslandırılmışdır ki, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, sözügedən əmlak kompleksi kimi müəssisəyə dair təqdim edilmiş tikinti obyektinin istismara qəbul aktının mövcud qanunvericiliyin tələblərinə uyğun təsdiq olunmadığı, əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyət ilə təqdim edilmiş eksiz layihə arasında uyğunsuzluq olduğu, eskiz layihədə göstərilən əmlak kompleksi kimi müəssisənin ölçüləri və konfiqurasiyası ilə eskiz layihədə göstərilən ölçüləri və konfiqurasiyası arasında uyğunsuzluq olduğu, JN-0736 torpaq sahəsinin yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsininin natura quruluşunun və yerinin dəyişdirildiyi, faktiki vəziyyətdə torpaq sahəsinin digər şəxlərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşdiyi müəyyən edilmişdir.

32. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.10.1, 9, 11.1, 15, 23-cü maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

33. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin istismar haqqında layihə və eskiz layihəsinin Abşeron Rayon İcra Hakimiyyəti və memarlıq idarəsi tərəfindən möhürlənərək təsdiqləndiyini, layihəni tərtib edən MMC-nin lisenziyasının mövcud olduğunu, qeyri-yaşayış obyektinin 21 il fəaliyyət göstərdiyini bildirmişdir.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

36. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

37. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

38. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

39. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

40. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

41. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

42. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

43. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

44. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-).

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

48. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

49. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

50. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

51. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

52. İddia tələbinin əsası ondan ibarətdir ki, müvafiq çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair lazımi qaydada təsdiq edilmiş sənədlərin mövcud olduğuna baxmayaraq, cavabdeh tərəfindən üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsindən əsassız olaraq imtina verilmişdir.

53. Cavabdehin etirazı isə həmin qeyri-yaşayış binasına münasibətdə ondan ibarətdir ki, müəssisəyə dair təqdim edilmiş tikinti obyektinin istismara qəbul aktı mövcud qanunvericiliyin tələblərinə uyğun təsdiq olunmamışdır, əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyəti ilə təqdim edilmiş eksiz layihə arasında, ölçüləri və konfiqurasiyası ilə eskiz layihədə göstərilən ölçüləri və konfiqurasiyası arasında uyğunsuzluğun mövcud olduğu müəyyən edilmişdir.

54. İş materialına əlavə edilmiş 18 iyun 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 0,2999 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində qeyri-yaşayış bina inşa edilmiş, cavabdeh tərəfindən həmin əmlaka dair yerquruluşu planı tərtib edilmiş, qeyri-yaşayış tikililərin altında olan sahələrin ölçüləri, planı və koordinatları göstərilmişdir.

55. Bundan əlavə, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, qeyd edilən qeyri-yaşayış binasına dair qanunvericiliyə uyğun sənədləşmə aparılmış, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 5 iyul 2011-ci il tarixdə qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında akt tərtib edilmiş, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən texniki baxış keçirilərək, ayrılmış torpaq sahəsi, tikinti altı sahəsi, faydalı və köməkçi sahələrin faktiki ölçüləri göstərilmiş, bu barədə rəy verilmişdir.

56. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2025-ci il tarixdə “2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazə” ilə mübahisə predmeti olan qeyri-yaşayış binasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 avqust 2024-cü il tarixli, 02802 nömrəli rəyi nəzərə alınmaqla istismarına icazə verilmişdir.

57. Eyni zamanda, "xxxx" MMC tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış binası – istehsalat sexinin yenidənqurma “Eskiz layihəsi” tərtib edilmiş, 1-2-ci mərtəbələrin, mansardın və fasadın planı göstərilmişdir.

58. Bundan başqa, 088245 saylı Lisenziya iş materialına əlavə edilmişdir. Lisenziyada olan məlumatlara görə: - Qeydiyyat tarixi – 3 fevral 2016-cı il; - Lisenziya verən dövlət orqanı – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; - Fəaliyyətin növü – Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi; - Lisenziya verilib – "xxxx" MMC-yə; - Lisenziyanın qüvvədə olma müddəti – müddətsiz.

59. Məhkəmə qeyd edilən sənədlərin mövcud olduğunu, həmçinin iddia edilən qeyriyaşayış binasının altında yerləşən torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin göstərdiyi etiraz dəlilləri hazırkı iş üzrə iddia tələbinin təmin edilməməsi üçün əsaslı hesab edilə bilməz.

60. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

61. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək, qanunvericiliyin normalarını, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

62. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 18 iyun 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş **********84 reyestr nömrəli 0,2999 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinə (istehsalat sexi) dair mülkiyyət hüquqları qeydiyyatına alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar