Məhkəmə qərarları › İş №2-1(118)-2955/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2955/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2955/2022 16.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1-dan X14 və X1 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1-dan X14 və X1 qeydiyyatdan çıxarılmaları üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 13 avqust 2022-ci il tarixli, 128-56655B saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. X14 və X4 zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Saray qəsəbəsi, N.Aslanov küçəsi, fərdi yaşayış evi 49A-nı atası X8 xx.xx.2016-cı ildə iddiaçıya bağışlamışdır. Həmin fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli AR ƏMDK yanında DƏDRX-nin verdiyi ******* saylı çıxarışına əsasən adına rəsmiləşdirilmişdir və şəsxi mülkiyyətindədir. Lakin şəxsi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olanlar X14 və X4 2006-cı ildən həmin yaşayış evini tərk edib getsələr də orada formal olaraq qeydiyyatdadırlar. Onları dəfələrlə axtarmış, yerlərini müəyyən edə bilməmişdir. X14 və X1 2006-cı ildən həmin mənzildə yaşamamalarını, onların formal olaraq qeydiyyatda qalmalarını, lakin pasport qeydiyyatından çıxmamaları səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron rayon Polis İdarəsinin şəxsiyyət vəsiqəsi və Qeydiyyat Şöbəsinə xx.xx.2022-ci ildə ərizə ilə müraciət edərək formal qeydiyyatda olan X14 və X1 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Abşeron rayon Polis İdarəsi xx.xx.2022-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyini bildirmişdir. AR Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. AR Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinin tələblərinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. AR Konstitusiyasının 13-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hesab edir ki, formal olaraq mənzilində qeydiyyatda olanlar mənzildə formal olaraq qeydiyyatda qalmaları ilə bir mülkiyyətçi kimi əmlakın üzərində sərbəst sərəncanm vermək hüququnu məhdudlaşdırmışlar. AR İPM-nin 2.1-ci maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın -rəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999- cu il tarixli, 244 saylı Fərmanının 2.3-cü bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. AR İPM-nin 33-cü maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını tələb edə bilər.” Həmin məcəllənin 73-cü maddəsinin tələbinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 14 yanvar 2016-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X6 tərəfindən İddiaçı satılmışdır. RX Seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********00-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, N.Aslanov küçəsi, ev 49 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. X3, X9, X12 tərəfindən tərtib edilmiş 27 oktyabr 2022-ci il tarixli Aktda qeyd edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X14, X5 həmin ünvanda heç vaxt yaşamamışdır və yaşamırlar, harada olmaları bilinmir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin qonşular tərəfindən tərtib edilmiş 27 oktyabr tarixli Akt əsasında hazırlanmış 27 oktyabr 2022-ci il tarixli, 3361 saylı arayışında qeyd edilir ki, X14 və onun oğlu X2 heç vaxt Saray qəsəbəsi, N.Aslanov küçəsindəki 49 A saylı evdə yaşamamışdır və hazırda da yaşamırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X14 və X1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1-dan pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar