Məhkəmə qərarları › İş №2-1(118)-2961/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2961/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2961/2023 25.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Mərhum Rəsulov X8 (Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 şəhadətnamə) adına qeydə alınmış daşınmaz əmlaka dair yeni nümunəli çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömərəsi olan ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edilmiş və mərhum (xx.xx.2022-ci il tarixdə ölmüş) qardaşı Rəsulov X8 Quba r-n, X7 15 avqust 1997-ci qərarı ilə 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 Şəhadətnamə ilə təsdiq olunan daşınmaz əmlakına, o, cümlədən üzərində təqribi 1918-ci ildə inşa edilmiş ümumi 123 kv/m olan yaşayış evinə dair yeni nümunəli çıxarışın verilməsi xahiş edilmişdir. Sözü gedən müraciət üçün cavabdeh tərəfindən təqdim edilən blankda son icra tarixi xx.xx.2023-cü il qeyd olunsa da, yalnız 195-1-3 nömrəli çağrı mərkəzinə edilmiş sorğudan sonra "imtina cavabı”nın xx.xx.2023-cü il tarixdə elektron qaydada qeydə alınması məlum olmuş, lakin "imtina məktubu"nun özü və məzmunu barəsində rəsmi olaraq hər hansı bir məlumat verilməmişdir. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestri aparılır. Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi, Quba r-n, X7 15 avqust 1997-ci qərarı ilə 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 Şəhadətnamə ilə mərhum Rəsulov X8 mülkiyyət hüququ tanınmış və miras əmlaka dair qanun üzrə vərəsə İddiaçı müraciət etdiyi dövr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlamış və iddiaçının mərhumun mülkiyyətində olan həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aid edilməsi qanunvericilikdən irəli gəlmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 5.1-ci maddəsinə görə, daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Mərhum Rəsulov X8 mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsi ilə əlaqədar qanun üzrə vərəsəsi İddiaçı dövlət qeydiyyatına dair məlumatların verilməsində, habelə 1997-ci ildən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamə əsasında yeni nümunəli Çıxarışın verilməsində inzibati orqan tərəfindən hərəkətsizlik edilmiş və bununla da vərəsənin əmlak hüquqları pozulmuşdur. Məlumdur ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, habelə 8.0.12-ci maddəyə əsasən, 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr aid edilmişdir. Qanunun 15-ci maddəsi inzibati orqana səlahiyyət verir ki, yalnız normada əks edilən konkret əsaslar müəyyən edildikdə hüquqların dövlət qeydiyyatından imtina olunsun. Əsaslar dedikdə: 1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə də, digər hallarda inzibati orqan tərəfindən imitna verilməsi qanunsuzdur və mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq miras üzrə vərəsə kimi mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Miras vərəsəlik hüququnun əsasını təşkil etdiyindən, vərəsəlik hüququ məhz miras olduqda yaranır. Mirasın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu, ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxil edilir. Nəzərə alınmalıdır ki, vərəsəlik institutuna görə maddi nemətlərin qanunla müəyyən edilən vərəsələrə keçirilməsinə zəmanət verilir. (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair" 2014-cü il 22 aprel tarixli Qərarı). Bundan başqa, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Bu Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərmiş və qeyd etmişdir ki, mərhum qardaşı Rəsulov X8 qanun üzrə vərəsəsidir və hazırda əmlak hüquqlarının tanınması ilə əlaqədar zəruri tədbirlər görülməkdədir. Belə ki, mərhum A.Rəsulovun vərəsəsi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib JN-076F KOD 30321098 Şəhadətnamə əsasında mərhumun mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və üzərində XX əsrin əvvələrində inşa edilmiş 2(iki) mərtəbəli fərdi yaşayış evinə dair yeni hüquq müəyyənedici sənədlərin təqdim edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi olan ərizə əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi həmin torpaq sahəsinə bilavasitə baxış keçirmiş, torpaq sahəsinin müvafiq ölçüləri çıxarılmış və qeydlər aparılmışdır. Lakin XX əsrin əvvəlində burada inşa edilmiş köhnə evin giriş qapısının açarları onlarda olmadığından həmin evə baxış keçirilməsi mümkün olmamış və bu əsasla müraciəti üzrə yeni nümunəli “Çıxarış” verilməsindən imtina edilmişdir. Nəzərə alınmalıdır ki, miras əmlak olan (Quba r-n, X7 15 avqust 1997-ci qərarı ilə 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 Şəhadətnamə) torpaq sahəsinə dair yeni Çıxarış verildikdə (Şəhadətnamə faktiki olaraq Çıxarışla əvəz edilməlidir) əmlak hüquqlarının tanınması icra ediləcəkdir. Miras qoyan A.Rəsulovun mülkiyyətində (Quba r-n, X7 15 avqust 1997-ci qərarı ilə 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 Şəhadətnamə) olmuş torpaq sahəsində XX əsrin əvvəlində inşa edilmiş fərdi yaşayış evinin giriş qapısının açarlarının olmaması evlə bağlı mülki mübahisənin olmasına dəlalət edir, bu fərdi yaşayış evinə əlavə baxış keçirilməsi və müvafiq ölçülərin çıxarılması mümkünsüz olur. Eyni zamanda diqqətə alınmalıdır ki, XX əsrin əvvəlində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı mübahisə reallaşdığı təqdirdə inzibati icraatda deyil, mülki icraat daxilində baxılmalıdır. Hesab edir ki, pozulmuş hüquqlarının təmin edilməsi istiqamətində zəruri addımlar icra olunmalıdır. Eyni zamanda səhhətini və yaşını nəzərə alaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X5 rayonu, Qam- Qam kəndi ərazisində yerləşən mərhum X3 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi, fərdi yaşayış evinə dair müayinə işlərinin aparılması üçün tərəflərindən şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-3090/2023 qeydiyyat nömrəli məktubla imtina olunmuşdur. Göstərilən çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır bildirilmişdir. Ərazi İdarəsinin imtina məzmunu mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından deyildir, həmin hüquqların qeydə alınması üçün texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə şəraitin yaradılmaması ilə bağlıdır. İddia predmeti olan fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınmadığı üçün tikilinin ölçüləri barədə məlumat mövcud deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının vərəsə olaraq hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Mərhum Rəsulov X8 Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 şəhadətnamə ilə adına qeydə alınmış daşınmaz əmlaka dair çıxarışın verilməsini istəyir. Cavabdeh isə imtinanın əsası kimi daşınmaz əmlaka baxış keçirilməsinini mümkün olmadığını göstərir. İş materillarından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə X2 adına 0.12 ha torpaq sahəsinə dair JN 076F, KOD 30321098 saylı torpağın mülkiyyətə verilməsinə şəhadətnamə işlənmişdir. X2 18 iyun 2022-ci il tarixdən vəfat etməsi ilə əlaqədar vərəsə X4 ərizəsi əsasında Bakı şəhəri, 51 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsələrinə dairəsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı iclas protokolunun kserosurəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 18 may 2023-cü il tarixli, 3-48-AA-6-5/2-6xx-xx/2023 saylı məktubu) Həmçinin məhkəmə araşdırması zamanı Quba rayon Qamqam kəndi üzrə üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından X1 qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-1164/2023 saylı məktubu). Həmin sənəddən görsənir ki, Quba rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Quba rayonunun Qam-Qam kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X2 qanuni istifadəsində olan torpaq sahəsi 0.12 ha olaraq qeyd edilmişdir. Beləlikllə qeyd olunanlardan göründüyü kimi mərhum X2 adına Aqrar İslahat Komissiyasının qərarı ilə 0.12 ha torpaq sahəsi ayrılmış, Qərar əsasında torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə işlənmiş, mərhumun mülkyyət hüququ qanuni əsaslarla dövlət qeydiyyatına alınmışdır. İddiaçı mərhum Rəsulov X8 qanun üzrə vərəsəsidir və mərhum Rəsulov X8 Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış hüquququnun hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq yeni qaydalarla qeydiyyatını tələb edir. Məhkəmə qeyd edir ki, əmlak üzərində mübahisənin olması mərhum şəxsin hüquqlarının dövlət qeydiyyatı üçün imtina təşkil edə bilməz. Mərhuma aid mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, gələcəkdə yarana biləcək mülki mübahisələrə baxılan zaman etibarlı sübut təqdim edilməsi ilə vərəsələr arasında yaranmış mübahisə ilə bağlı ədalətli məhkəmə qərarının qəbul edilməsi üçün müsbət rol oynaya bilməsi baxımından hüquqi müəyyənlik prinsipinə də uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də iddiaçının tələbinə uyğun olaraq mərhum Rəsulov X8 Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun hazırda qüvvədə olan qaydalara uyğun olaraq yenidən dövlət qeydiyyatına alınması və mərhum Rəsulov X8 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Mərhum Rəsulov X8 Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-076F KOD 30321098 şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun hazırda qüvvədə olan qaydalara uyğun olaraq yenidən dövlət qeydiyyatına alınması və mərhum Rəsulov X8 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar