Məhkəmə qərarları › İş №2-1(118)-2964/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2964/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2964/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı ( ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi X2rşı Türkiyə Respublikasının İstanbul Üniversiteti tərəfindən xx.xx.2022-ci il tarixdə ona verilmiş 197 nömrəli magistr diplomunun tanınması haqqında ekvivalentlik haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının İstanbul Üniversiteti tərəfindən xx.xx.2022-ci il tarixdə ona verilmiş 197 nömrəli magistr diplomunun tanınması haqqında ekvivalentlik haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə İstanbul Universitetinə daxil olmuş və distant MBA ixtisası üzrə magistr təhsilini almışdır. 2020-ci ildə dünyada COVİD-19 pandemiyası elan edilmişdir. Bu səbəbdən də bütün dünya distant təhsilə keçmiş və “online” təhsil alınmışdır. Eyni zamanda imtahanlar da bu qaydada həyata keçirilmişdir.O, müvəffəqiyyətlə imtahanlarını verdikdən sonra ona bunu təsdiq edən diplom verilmiş və həmin diplom Türkiyə Respublikasında tanınmışdır. Bundan sonra iddiaçı Azərbaycan Respublikasında diplomun tanınması üçün Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmiş və ona 02 avqust 2022-ci ildə imtina məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasəncavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının distant formada təhsil aldığını müəyyən etmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən İddiaçı ümumi təhsil müddəti ərzində İstanbul Universitetində distant texnologiyaların tətbiqi ilə keçirilən təhsilalma forması üzrə təhsil aldığı müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikasında distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının təqdim etdiyi diplomun ekvivalentliyi mümkün hesab edilməmiş və bu təhsil sənədinin Azərbaycan Respublikası Nazirlər Kaoinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikasının İstanbul Üniversiteti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı Verilmiş 197 nömrəli diplomdan o, ümumi biznesin idarə edilməsi fakültəsi üzrə magistr təhsili almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən magistratura səviyyəsində əyani və qiyabi təhsilalma formaları müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları: -bənd 1.2.Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. -bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. -bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. -bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. -bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdeh iddiaçının magistr ali təhsil haqqında diplomunun tanınmamasının əsası kimi iddiaçının magistr təhsilinin distant formada almasını göstərir. Məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, iddiaçının təhsil alması üçün qəbul bildirişində də “Uzaktan öyretim”, yəni magistr təhsilini qiyabi şəkildə distant tədris texnologiyalarından istifadə etməklə alacağı qeyd edilmişdir ki, bu hal Azərbaycan Respublikasının hüdudlarını tərk etmədən təhsil almağa imkan vermişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçının magistr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.1. –ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Türkiyə Respublikasının İstanbul Üniversiteti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş 197 nömrəli magistr diplomunun tanınması və müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar