Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2966/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 17 avqust 2022-ci il tarixli, **********10 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 2003-cü il tarixdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Sumqayıt Şəhər Bələdiyyəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyini nəzərə alaraq şəhər bələdiyyəsi torpaq komissiyasının 11 dekabr 2003-cü il tarixli 91 saylı protokoluna əsaslanaraq ona Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində fərdi yaşayış evi tikmək üçün 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. Sumqayıt Şəhər Bələdiyyəsinin baş memarı A.S.Atakişiyev tərəfindən sözü edən torpaq sahəsinə dair mövqe planı, memarlıq-planlaşdırma göstərişləri və memarlıq rəyi alınmışdır. Tikinti üçün torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil haqqında 15 dekabr 2003cü il tarixli akta əsasən Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində fərdi yaşayış evi tikmək üçün verilmiş 600 (altı yüz) kv.m torpaq sahəsinin sərhədləri yerli şəhər bələdiyyəsinin memarlıq tikinti şöbəsi tərəfindən müəyyən edilmişdir. 07 aprel 2006-cı il tarixdə qeydiyyata alınmış “Torpaqların Alqı-satqısma dair aktı”na əsasən xx.xx.2002- ci il tarixdə Sumqayıt şəhəri bələdiyyə ərazisindən 600 kv. m torpaq sahəsinin ayrılması barədə 13 sentyabr 2002-ci ildə qərar qəbul edilmişdir. Torpağın dəyəri olaraq Sumqayıt Şəhət Bələdiyyəsinin ********* saylı Bank hesabına əvvəlcədən 5.400000 (beş milyon dörd yüz min) manat məbləğində haqq ödənilmişdir. Hüquqi savadı olmadığına görə o zaman bu məsələyə əhəmiyyət verməmiş, sənədləşmə işlərini aparmamışdır. Hal-hazırda Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində mənə fərdi yaşayış evi tikmək üçün ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Buna görə də müvafiq qaydada cavabdeh idarəyə rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə ki, məktubla ona bildirilmişdir ki, ərizəyə Sumqayıt Şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli qərarının və 07 aprel 2006-cı il tarixli Torpaqların Alqı-satqısına dair aktının əsli, torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənədlər əlavə edilməmiş, habelə müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, 0,0375 ha torpaq sahəsinin zəbt olunduğu müəyyən edilmiş və həmçinin sözügedən bu məsələ ilə bağlı iddia tələbinin rədd edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-520/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı mövcuddur. Hesab edir ki, imtinanın heç bir hüquqi əsası yoxdur. Qeyd edir ki, cavab məktubunda qeyd edilən qərar hal-hazırki məsələ ilə bağlı olmamış, zəbt edilmiş torpaq sahəsi ilə bağlı olmuşdur. İddiaçının hal-hazırki müraciəti tamamilə qanunidir. Belə ki, “Torpaqların Alqı-satqısına dair akt”-a əsasən xx.xx.2002- ci il tarixdə Sumqayıt şəhəri bələdiyyə ərazisindən 600 kv. m torpaq sahəsinin ayrılması barədə 13 sentyabr 2002-ci ildə qərar qəbul edilmişdir. Torpağın dəyəri olaraq Sumqayıt Şəhər Bələdiyyəsinin ********* saylı Bank hesabına əvvəlcədən 5.400000 (beş milyon dörd yüz min) manat məbləğində haqq ödənilmişdir. Hər hansı zəbt edilmiş ərazidən deyil haqqını ödəməklə əldə etdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-2966/2022 nömrəli sərəncamına əsasən (hakim - İsmayıl Quliyev) İdarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə torpaq sahəsinin ayrılmasına dair Sumqayıt Şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli 100 saylı Qərarının və torpağın alqı-satqısına dair 7 aprel 2006-cı il tarixli aktın əsli, torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd, torpaq sahəsinin yerləşmə mövqeyini və sərhəd ölçülərini təyin etmək üçün zəruri olan sənəd əlavə olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əlavə olaraq bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilərkən 0.0375 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 520/2021 saylı qərarı ilə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı iddia tələbi təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı mövcud tələblə inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. Cavabdeh inzibati orqan etirazında qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 520/2021 saylı qərarı ilə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı iddia tələbi təmin edilməmişdir. Həqiqətən də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əvvəldə eyni tələblə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 520/2021 saylı qərarı ilə onun tələbi təmin edilməmişdir. Həmin məhkəmə qərarında iddianın rədd edilməsi əsaslarından biri kimi alğı-satqı müqaviləsinin olmaması göstərilmişdir. Hazırkı işdə isə iddiaçı 07 aprel 2006-cı il tarixdə qeydiyyata alınmış “Torpaqların Alqı-satqısma dair aktı”na istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, həmin alğı-satqıya hüquqi qiymət verilməsi baxımından iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, ərizəyə torpaq sahəsinin ayrılmasına dair Sumqayıt Şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli 100 saylı Qərarının və torpağın alqısatqısına dair 7 aprel 2006-cı il tarixli aktın əsli, torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd, torpaq sahəsinin yerləşmə mövqeyini və sərhəd ölçülərini təyin etmək üçün zəruri olan sənəd əlavə olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əlavə olaraq bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilərkən 0.0375 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 520/2021 saylı qərarı ilə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə 07 aprel 2006-cı il tarixli alqı-satqı aktının surəti təqdim edilmiş, həmin sənədin əsli və ya arxivdə saxlanılan sürəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, həmin sənədin əsli təqdim edilsə belə həmin sənəddə digər bir qərara istnad edilir. Həmin sənəddə alqı-satqı aktının Sumqayıt şəhər Bələdiyyə Şurasının 13 sentyabr 2002-ci il tarixli, 50 saylı qərarı əsasında bağlandığı qeyd edilmişdir. İddiaçının tələbi isə Sumqayıt şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli, 100 saylı protokol Qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi ilə bağlıdır. Həmçinin iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin tərəfindən ödənilməsinə dair sübut-ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 11 noyabr 2022-ci il tarixli 261/1 saylı məktubu ilə Sumqayıt şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli, 100 saylı protokolundan İddiaçı adına torpaq sahəsi ayrılması barədə arxiv sənədlərinin kserosurətləri təqdim edilmişdir. Lakin 600 kv.m torpaq sahəsinin alqı-satqısı və ödəniş edilməsinə dair hərhansı məlumat arxiv sənədlərində aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddianın rədd edilməsi üçün kifayət qədər əsas təşkil etməklə cavabdeh inzibati orqanın imtinası əsaslı hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2966/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2966/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver