Məhkəmə qərarları › İş №2-1(118)-2969/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2969/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2969/2023 04.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, 1984- 1989-cu illərdə Gəncə (Kirovabad) X3 oxumuşdur. xx.xx.1989-cu ildən xx.xx.1995-ci ilədək İsmayıllı rayon Təhsil şöbəsinin Qalagah kənd orta məktəbində müəllim işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində izolyasiyaçı peşəsində işləmişdir. İddiaçının ümumi stajı 22 ilə yaxın olmaqla, onun 10 il 3 ayın izolyasiyaçı peşəsində işləmişdir. Bu staj pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 57 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçı müvafiq sənədləri toplamaqla 2023-ci ilin yanvar ayında cavabdeh təşkilata müraciət etmiş, lakin xx.xx.2023ci il tarixli məktubunda cavabdeh fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğunu göstərmişdir. Bundan əlavə göstərilmişdir ki, "xxxx" SC-nin 2 saylı Müəssisəsində olan sənədlərdə xx.xx.1999xx.xx.2002-ci illər və 2004-cü ilin ilk 6 ayı üzrə əmək haqqı deyil, sosial ödənişlərin olmadığı aşkar olunmuşdur. Lakin iddaçının işlədiyi müəssisənin sosial ödənişi edibetməməsi barədə iddiaçının heç bir məlumatı yoxdur. Cavabdehin bu imtinası ilə razılaşmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1995-xx.xx.2006cı il tarixləri arasındakı dövr ərzində "xxxx" SC-nin 2 saylı müəssisəsində izoləedici vəzifəsində işlədiyi qeyd edilib. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisədə saxlanılan sənədlərdə xx.xx.1999-xx.xx.2002-ci illər üzrə, 2004-cü il üzrə isə 6 ay əmək haqqı ödənişlərinin olmadığı müəyyən edilmişdir. Qeyd olunan fakt adıçəkilən müəssisə tərəfindən xx.xx.2023-cü il tarixli birgə akt ilə təsdiq olunmuşdur. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən az təşkil edir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrü xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək ümumilikdə 3 il 6 ay təşkil edir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına və 9.8-ci maddəsinə əsasən iddiaçının 52 yaşı tamam olduğu 18 avqust 2019-cu il tarixinə iddiaçıya münasibətdə 41280,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12256,21 manat təşkil edirdi. İş üzrə şahid qismində dindirilən "xxxx" SC-nin 2 saylı müəssisəsinin direktoru X2 ifadəsində bildirmişdir ki, iddiaçı 1995-2006-cı illərdə "xxxx" SC-nin 2 saylı müəssisəsində işləmişdir. 1999-2002-ci illlər və 2004-cü ilin ilk 6 ayı üzrə də əmək haqqı ödənilmiş, Dövlət Sosial Müdafiə Fonduna hesabatlar da verilmişdir. İdarənin DSMF və vergi xidmətinə olan borcu Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2003-cü ilin noyabr ayında silinmişdir. 2004-cü ilin əmək haqqı hesablanmışdır.2006-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. 2005-ci ildən qalan borc isə 2006-cı ildə silinmişdir. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. - X6 İnstitutu (indiki Gəncə Dövlət Universiteti) tərəfindən verilmiş diplomdan görünr ki,İddiaçı 1984-1989-cu illərədə həmin universitetin fizika –riyaziyyat fakültəsi üzrə tam kursu bitrmişdir. -iddiaçıya aid əmək kitabçasından görünür ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək İsmayıllı rayon Qalagah kənd orta məktəbində müəllimə, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində izoləedici peşəsində işləmişdir. -"xxxx" Dövlət Şirkətinin Sumqayıt Sənaye Kommunal Tikinti Birliyi tərəfindən verilmiş 21-k saylı xx.xx.1995-ci il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən ll dərəcəli izoləedici peşəsinə işə qəbul edilmişdir. -"xxxx" SC-nin 2 saylı müəssisəsinin xx.xx.2006-cı il tarixli 7k saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildən işdən azad edilmişdir. - "xxxx" SC-nin 2 saylı müəssisəsinin 2001-2005-ci illərin şəxsi hesab vərəqələrindən görünür ki,həmin illər üzrə vergilər ödənilmişdir. - Abşeron-X7nın xx.xx.2021-ci il tarixli **********5 saylı məktubundan görünür ki, 2 nömrəli trestin 20 saylı X1 1991-1995-ci illərdə,3 saylı Təsərrüfat hesablı Sahə 1996-1999-cu illərdə, "xxxx" SC-nin 2 saylı müəssisəsi isə 1999-2005-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlar vermişdir, 1999-2002-ci illərdə ödəniş olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyun tarixli 487 nömrəli Fərmanına uyğun olaraq 2003-cü il 01 noyabr tarixinə olan borc silinmişdir. - "xxxx" SC-nin 2 saylı müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1995-xx.xx.2006-cı illərdə idarədə “izoləedici” peşəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının 2290000a-12520 şifri üzrə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verir. -"xxxx" SC-nin 2 saylı müəssisəsinin 09/50 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi illərin 1999-2002-ci illərdə sosial sığorta haqq hesablanmışdır, ancaq ödənilməmişdir. Azərbaycan Respublikas Prezidentinin 11 iyun 2001-ci il tarixli 487 saylı Fərmanına uyğun olaraq noyabr 2003-cü il tarixinə olan borclar silinmişdir. Həmin dövrdə göstərilən müəssisə dövlət sifarişli olan obyektlərin tikintisində işləmişdir və ödənişlər maliyyə çatışmazlığından ödənilmədiyinə görə sosial sığorti haqqı ödənilməmiş və ölkə başçısı tərəfindən silinmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmadığından, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyası təyiun edilə bilməz. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının mövcud olması tələb olunur ki, iddiaçı həmin kapitala malik deyildir. Bununla bağlı ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Hazırki iş üzrə cavabdeh 1999-2002-ci illər və 2004-cü ilin ilk 6 ayı ərzində iddiaçının işlədiyi -"xxxx" SC-nin 2 saylı müəssisəsi tərəfindən əmək haqqı və nəticə etibarı ilə məcburi dövlər sosial sığorta haqqı ödənilməməsi səbəbindən həmin dövrü iddiaçınnı stajına daxil etməkdən imtina edir. İddiaçı həmin dövrdə əmək haqqı aldığını və məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin onun təqsirindən olmadığını bildirir. İddiaçının cavabdeh tərəfindən mübahiəsləndirilən stajı daxil edildikdə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanması üçün həm ümumi, həm də xüsusi stajı tamamlanmış olur. Məhkəmə hesab edir ki, təqdim edilmiş hesabatlar və DSMF-nin Abşeron=X7 tərəfindən verilən məktubla 1999-2002-ci illər və 2004-cü ilin ilk yarımilliyi üçün iddiaçının işlədiyi müəssisə tərəfindən rüblük hesabatların Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öz təsdiqini tapır. Həmin hesabatlar üzrə ödənişlərin aparılıb-aparılmadığı artıq iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyildir və bu səbəbdən həmin dövrün onun stajına daxil etməkdən imtina əsassız hesab edilməlidir. Ödənişləri ödəmək müəssisənin, həmin ödənişlərin ödənilməsini tələb etmək müvafiq dövlət orqanının vəzifələrinə aid olmuşdur. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 10 il xüsusi və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadından görünür ki, “Əmək pensiyaları haqqında”Azərvaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasınnı təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə ənək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsi onun müraciət etdiyi 19 yanvar 2023-cü il tarixdən əvvəlki 3 il, yəni 19 yanvar 2020-ci il tarixdən başlanması öhdəliyi cavabdehin üzrinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəli 19 yanvar 2020-ci il tarixdən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar