Məhkəmə qərarları › İş №2-1(118)-297/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-297/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-297/2021 31.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (“Azəriqaz” İB-də usta işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə ev 1 mənzil 49-da yaşayan) İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi (sənəd üzrə 0.0570 ha) faktiki 0.037 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi (sənəd üzrə 0.0570 ha) faktiki 0.037 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izah etdi ki, 04 avqust 2004-cü il tarixində Azərbaycan Respublikası Abşeron rayon Xırdalan bələdiyyəsinin 1144 saylı sərəncamına əsasən İddiaçı tərəfindən fərdi mənzil tikintisi məqsədi ilə 570 kv m torpağın satılması üçün bələdiyənin bankdakı **********0 №-li hesabına 570 000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Həmin evin mülkiyyət hüququ İddiaçı adına qeyd\ alınmışdır. Hazırda iddiaçı yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlərin araşdırılması zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən sənəd üzrə 0.0570 ha, faktiki olaraq isə 0.037 ha təşkil etdiyi və torpaq sahəsinə dair təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 0.0570 ha torpaq sahəsi Xırdalan Bələdiyyəsi tərəfindən tərəfindən 04 avqust 2004-cü il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının və rayon icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan : - Abşeron rayon Xırdalan bələdiyyəsinin 04 avqust 1144 saylı sərəncamından görünür ki, bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpqaq sahəsində fərdi mənzil tikintisi məqsədi ilə 570 kv m torpaq sahəsinin satılması qərara alınmışdır. -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.08.2020-ci il tarixli F-433 nömrəli məktubdan görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 04 avqust 2004-cü il tarixli 1144 saylı sərəncamı ilə İddiaçı adına fərdi mənzil tikintisi üçün 570 kv m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama bələdiyyənin sərəncamı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsinin rəyi əlavə edilmişdir.Sərəncama bundan başqa sənədlər əlavə edilməmişdir. - DTXK-nin Abşeron rayon Şöbəsinin 02.08.2004-cü il tarixli 520 saylı məktubundan görünür ki, Xırdalan bələdiyyəsinin perspektiv inkişaf fondundan İddiaçı 570 kv m ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılaraq satılmasına idarə etiraz etmir. -Abşeron rayon Dövlət Arxivinin 19.08.2020-cu il tarixli F-433 saylı arxiv arayışından görünür ki, “Abşeron rayon Xırdalan bələdiyyə Başçısının 04 avqust 1144 saylı sərəncamına əsasən 24-cü məhəllədəki 1 saylı binanın sol qarşı cinahında uzun illər istifadəsində olan yerdən bələdiyyənin 25.05.2002-ci il tarixli iclasının 03 saylı qərarını və rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 02.08.2004-cü il tarixli 520 saylı rəyini nəzərə alaraq bələdiyyə sədrinin 10.01.2002-ci il tarixli, 140 saylı sərəncamında göstərilənləri vətəndaşa veriləcək sərəncamda göstərməklə fərdi mənzil tikintisi məqsədilə 570 kv m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma İdarəsinin 37743 nömrəli reyestr kitabında yazılmış qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, 66 saylı yaşayış sahəsi 630 kv m köməkçi sahəsi 4 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. - 04 avqust 2004-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Xırdalan bələdiyyəsinin hesabına 570.000 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciətinə cavab olaraq DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi sözügedən torpaq sahəsinin Xırdalan bələdiyəsi tərəfindən İddiaçı 04.08.2004-cü ildə ayrılmasına baxmayaraq alqı-satqı aktının və icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsnin rəyi əlavə olunmadığından torpağın satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyindən, onun müraciətinə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşdən görünür ki, torpağın alqı-satqısına dair akt və rayon memarlıq xidmətinin rəyi ümmiyyətlə, mövcud deyildir. İddiaçı sözügedən Qanunun 8.0.1 və 10.2.1-ci maddələrində nəzərdə tutulan əsas kimi Abşeron rayon Xırdalan bələdiyyəsinin 04.08.2004-cü il tarixli 1144 saylı qərarına istinad edir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur (bənd 3); Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir İddiaçının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar mövcud olsa da, torpağın satılmasına dair rayon memarlıq xidmətinin rəyi alınmamışdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi (sənəd üzrə 0.0570 ha) faktiki 0.037 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar