Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2978/2024 19.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Elşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 02 aprel 1993-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti idarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 02 aprel 1993-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti idarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. 63 yaşı tamam olanda iddiaçıya müvafiq icra hakimiyəti orqanı tərəfindən yaşa görə sosial müavinət təyin edilmişdir. Uzun illər müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bunu təsdiq edən sənəd də əmək kitabçasıdır. Əmək kitabçasını da əlavə edərək ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh imtina məktubu ilə müvafiq qaydada pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçının 2006-cı il yanvar ayının 1-dək 25 il sığorta stajı vardır. Cavabdeh imtinada sığorta stajının 14 il 10 ay 23 gün olduğunu qeyd etmiş və imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il bazar günü olduğundan və işdən çıxma zamanı əmr nömrəsi qeyd edilmədiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçı bu imtinanı tamamilə əsassız hesab edir. Belə ki, işlədiyi müəssisə dəmir yoluna xidmət etdiyinə görə istirahət günlərində də iş günü olmuşdur. Həmçinin cavabdehin istinad etdiyi normativ-hüquqi akt xx.xx.1996-cı il tarixdə, iddiaçının işə qəbul olduğu tarixdən sonra qəbul edilmişdir. Ən əsası isə həmin normativ aktda bazar günü, istirahət günü işə qəbul üçün hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı əmək kitabçasına və digər sənədlərinin surətlərinə əsasən onun sığorta stajı 14 il 10 ay 23 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Təqdim edilən sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajı 14 ii 10 ay 23 gün təşkil edir. Həmçinin iddiaçının diplomunun surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan təhsil dövrü əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən sığorta stajına əmək fəaliyyəti dövrü daxil edilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il bazar günü olduğundan və işdən çıxma zamanı əmr nömrəsi qeyd edilmədiyindən) qeyd olunan dövrün İddiaçı sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. - Dövlət Arxivnin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Sumqayıt Çoxsahəli Məişət Xidməti” İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. -Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən Sumqayıt Çoxsahəli Məişət Xidməti Müəssisəsi xx.xx.1994-cü il tarixdə 10228 nömrə ilə dövlət qeydiyyatına alınmış və halhazırda fəaliyyəti aktivdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, 1992-2002-ci illərdə Sumqayıt Çoxsahəli Məişət Xidməti İdarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində baş mühasib vəzifəsində işləmişdir. Müvafiq qeydlər onun əmək kitabçasında aparılmışdır. İddiaçı həmin müəssisədə qəbulçu işləmişdir. X1 bildirdi ki, o, 1997-2009-cu illərdə Sumqayıt Çoxsahəli Məişət Xidməti İdarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işləmişdir. Dəqiq illəri yadında qalmasa da, iddiaçı onunla birlikdə həmin müəssisədə qəbulçu-nəzarətçi işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti İdarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işləməsi onun əmək kitabçası və şahid ifadələri ilə təsdiq edilir. Arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib etmir. Bundan başqa vergi orqanından alınmış cavabdan da görünür ki, həmin müəssisə xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır və hazıradək faəliyyət göstərir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müəssisənin adının dəyişdirilməsi ilə bağlı yeni müəssisəyə köçürülməsi barədə xx.xx.1995-ci il tarixli əmrin bazar gününə təsadüf etməsi və işdən çıxma barədə əmrin nömrəsinin qeyd edilməsi də həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 26 ilə yaxın təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, 02 aprel 1993-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti idarəsinin Sumqayıt Paltraların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 02 aprel 1993-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti İdarəsinin Sumqayıt Paltraların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2978/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2978/2024
19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver